dini radikalizm və ekstremizmlə mübarizə

ABŞ və Aİ Ermənistana silah göndərir - Cənubi Qafqazda gərginlik artır - TƏHLİL

ABŞ və Aİ Ermənistana silah göndərir - Cənubi Qafqazda gərginlik artır - TƏHLİL

Son günlər Ermənistanda müxtəlif səviyyələrdə anti-Azərbaycan ritorikası güclənib. Sərhədlərin müəyyənləşməsi istiqamətində görüşlərin dayanması, işçi qrupun fəaliyyətsizliyi, London görüşündən imtina, Ermənistanın konstitusiyasında dəyişikliyin edilməsinə meylin görünməməsi, rəsmi Bakının təkliflərinə hələ də mükəmməl cavab verilməməsi rəsmi İrəvanın sülh, normallaşma prosesi ilə bağlı işini yalnız quru açıqlamalarla bitmiş hesab etməsindən xəbər verir.

Əvvəllər Azərbaycanla münasibətlərin qurulmasında daha maraqlı görünən Ermənistanı ruhlandıranların olduğu istisna edilmir. Ermənistanın baş naziri Nikol Paşinyanın Almaniyada, parlament sədri Alen Simonyanın İtaliyada velosiped sürməyi əyləncə etməsi də onların arxayınlığından xəbər verir.

“Flightradar” uçuşları izləyən sistemə əsasən, avqustun 2 və 3-də ABŞ-nin Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından İrəvanın “Zvartnos” hava limanına iki hərbi təyyarə enib. Ştatların “Boinq C-17” hərbi yük təyyarəsində Ermənistana yük və şəxsi heyət gətirilib. Bu yaxınlarda Ermənistan Müdafiə Nazirliyində Pentaqonun yüksək rütbəli zabitinin xidmətə başlaması Ağ evlə İrəvan arasında hərbi əməkdaşlığın inkişafının göstəricisidir. Yaxud Avropa İttifaqının (Aİ) hərbi məqsədli 270 milyon avro, ABŞ-nin isə 67 milyon dollarlıq maliyyə ayırması da Ermənistanın xüsusi olaraq heç də xoş olmayan məqsəd üçün bəsləndiyindən xəbər verir.

Məlumatlara əsasən, iki təyyarədən birində İran ərazisindən buraxılan raketlərin və başqa uçan aparatlarının trayektoriyalarını izləyən xüsusi qurğular olub. Bu zaman İran ərazisindən İsrailə mümkün hücum riski xüsusilə nəzərə alınıb. Gətirilən qurğular Ermənistanın İranla sərhədində yerləşdiriləcək. ABŞ bu cihazları idarə edəcək heyətin sayını 30-50 nəfərə çatdırıb. Rusiya və İranın diqqətini İranla sərhəddə yerləşdiriləcək şəxsi heyətə cəlb etməmək üçün hərbçilər diqqətlə seçilib - onların əksəriyyəti Amerika ordusunda xidmət edən erməniəsilli ABŞ vətəndaşlarıdır, həmçinin postsovet ölkələrindən Ştatlara köçmüş slavyan və Qafqaz kökənli insanlardır. Şəxsi heyət Ermənistan Silahlı Qüvvələrinin hərbi geyimi ilə təchiz olunub və onun Zəngəzurdakı hərbi bazasında yerləşdirilib.

Odur ki, ermənilər xaraktercə arxalarında böyük güc hiss etməyəndə mülayim, yolagedən təəssüratı yaradır. Ancaq bir az dirçələn, yaxud yardım alan kimi hər tərəfə qarşı iddialı şəkildə davranırlar.

Baş nazir Nikol Paşinyanın Azərbaycanla şərti sərhədyanı rayonə səfəri, ərazidə partlayış səsləri, sərhəddə atəşkəsin pozulması və s. ABŞ və Avropa İttifaqının Ermənistanı müharibəyə hazırladığından xəbər verir.

Nikol Paşinyan

Bu il aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında baş tutan görüşə rəsmi Bakı etiraz etmişdi. Onda Azərbaycan bu görüşün hərbi əməkdaşlıqla bağlı olduğunu bildirmişdi.

Həmin ərəfədə ABŞ-nin dövlət katib Antoni Blinken, Avropa İttifaqının rəsmisi Ursula Fon der Lyayen Prezident İlham Əliyevə zəng edərək görüşün mədəni, maliyyə sahələrini əhatə edəcəyini, Azərbaycana qarşı olmayacağını demişdilər.

Dövlət başçısı diqqətə çatdırmışdı ki, aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq, təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayrıcı xətlərin və nəticə etibarilə, gərginliyin yaranmasına gətirib çıxaracaq.

Onda Prezident vurğulamışdı ki, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub.

ABŞ, Avropa İttifaqı və Ermənistan arasında aprelin 5-də Brüsseldə imzalanan 20 maddəlik sənəddən bəzi məqamları xatırlatmaq istərdik. Sənəddə bildirilib ki, Ştatlar İrəvana Strateji Müdafiə İcmalının aparılması və bu ölkə üçün yeni hərbi doktrina hazırlanması üçün ekspert dəstəyi verəcək. ABŞ Ermənistanın hərbi və müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə inkişaf etdirmək, sərhəd nəzarəti və təhlükəsizliyini gücləndirmək üçün lazımi yardım göstərəcək, xüsusilə İranla sərhədə diqqət yetirəcək. ABŞ Ermənistanın KTMT-nin Birgə Hava Hücumundan Müdafiə sisteminə inteqrasiyasını nəzərə alaraq, hava qüvvələrinin və hava hücumundan müdafiə imkanlarının yerində qiymətləndirilməsi üçün Ermənistana analitik qruplar göndərəcək. Ermənistanın bu qurumun təlimləri və toplantılarında iştirakdan imtina etməsi də bunu təsdiqləyir.

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi kimi səlahiyyətlərini başa vurmaqda olan Toivo Klaarın Ermənistan KİV-ə verdiyi müsahibədə “ermənilərin Qarabağa qayıdışı”nı xüsusi məsələ kimi vurğulaması da yuxarıda qeyd etdiyimiz siyasətin tərkib hissəsidir.

Tehranın İrəvandakı səfiri Mehdi Sübhaninin anti-Azərbaycan açıqlaması da Ermənistandakı müharibə ovqatının göstəricisi sayıla bilər. O, özünü Azərbaycanla münasibətləri normallaşdırmağa çalışan İran hakimiyyətinin nümayəndəsindən daha çox Azərbaycanla müharibə aparmaq istəyən dövlətin savaş təbliğatçısı, yaxud ABŞ və Avropa İttifaqının nümayəndəsi kimi aparıb.

ABŞ və Aİ rəsmilərinin Brüssel sazişi ilə bağlı “baş altına yastıq qoymaq” yalanı da uzun sürməyib. Qərb bu fəaliyyəti ilə daha çox proseslərin altına partlayıcı, mina qoyur. Bu isə regiondan kənar qüvvələrin maraqlarına, Ermənistanın mövqelərinə ciddi zərbə olar.

Beləliklə, Qərb Azərbaycanın maraqlarını, Cənubi Qafqazın təhlükəsizliyini nəzərə almadan Ermənistanı gücləndirməyə başlayıb. Ancaq erməni cəmiyyəti rəsmi İrəvana bu "oyun havasına" əl qaldırmaqla yüzillik səhvi yenə təkrarlayır. Tarixi təcrübə və son illər baş verənlər çıxış yolunun silahlanmada, üçüncü qüvvələri regiona çağırmaqda olmadığını isbatlayır. Düşdüyü vəziyyətdən çıxmaq üçün Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa səy göstərməsi daha məqbul sayılır.(Report)

Oxunub: 99
Oxşar xəbərlər
SON XƏBƏRLƏR