Azərbaycan Televiziyasının (AzTV) Ədəbi-dram verilişləri Baş Redaksiyasının baş redaktoru Flora Xəlilzadə təqaüdə göndərilib.
"Şöhrət" ordenli jurnalist bu vəzifəsindən ayrılıb.
Flora Xəlilzadə saytımıza açıqlamasında məlumatı doğrulayıb. O, bildirib ki, bu, onun öz istəyi olub:
“Bilirsiniz necədir, mən çox yorulmuşam. Heç mən ərizə də yazmadım. Getdim dedim ki, mən ayın birindən işə gəlməyəcəm, müəllim də ( "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədli-red) dedi ki, yox. Məni buraxmaq istəmirdi. Amma bədii şuranın və daxili şuranın üzvüyəm. Söz vermişəm ki, ayda bir neçə dəfə bu şuraların iclaslarında iştirak edəcəm. Lakin yenə deyirəm ki, mən yorulmuşam. Mən insult keçirmişəm. Görürəm ki, mənə çətin olur. Allah Prezidentimizin canını sağ eləsin, mənə prezident təqaüdü verilir. Ona görə istəyirəm ki, dincəlim. Martdan
Flora Xəlilzadə gələcək planlar barədə də məlumat verib.
“Mənim çoxlu nəşrə hazırlanmalı kitablarım var. “Yazdıqlarım” adlı silsilə kitab yazıram. Bu kitab yeddi cilddə olmalıdır. 2 cildini yazmışdım. 5 cildini yazmağa vaxtım olmadı. Özümə gəlsəm, inşallah onları davam etdirəcəm. Mən yazmasam, dayana bilmərəm, ölərəm. Söz və qələm mənim həyatımdır. Televiziya işi ağırdır, məni üzür. Mən görürəm ki, artıq səhhət öz sözünü deyir.
Şəkər dərmanları atıram, yüksək təzyiqə qarşı dərman atıram. Həkim dedi ki, Bakının havası sənə düşmür. Ona görə indi Bilgəyə gəlmişəm. Burada biraz dincəlib yazı işlərinə başlayacam. Gördüm işsiz dayana bilmirəm, istənilən işdə çalışa bilərəm”,- o deyib.
Qeyd edək ki, Flora Xəlilzadə Azərbaycan Televiziyasında yaradılan və verilişlərin keyfiyyətinə nəzarət edən Bədii Şuranın üzvüdür. 4 mart 2013-cü ildə jurnalistika sahəsindəki səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar Jurnalist" Fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. Ötən il Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib (Modern)
Oxunub: 114