Hamımız bu həyatda bərabər doğulmuşuq. Bir gün zamanı gələndə təbii ki, heç kimlə məsləhətləşmədən fani dünyanı tərk edəcəyik. Həyatı, dünyanı, kainatı dərk edənlər düşünürəm ki, söylədiklərimlə razılaşar, ona zidd fikirlərə inanmaz, sadəcə hörmət xatirinə qulaq asar. Yəni, hamımız bu dünyanın müvəqqəti kirayəşinləriyik. Güclü küləkdə, şaxtalı, qarlı havada insanlar soyuqdan qorunmaq üçün evə tələsmələrini adi həyat tərzi olaraq çox görmüşük. Bəlkə də, düşüncələrimizə görə bizi qınayanlar da olacaq. Nə edək ki, hiss etdiklərimizi, duyduqlarımızı dilə gətirməkdə xəsislik edə bilmirik, xarakterimiz buna imkan vermir.. Dediyimiz kimi, şaxtalı, buzlu havada insanlar öz evlərinə- isti yuvalarına tələsirlər. Heç kimdən nəsə soruşmadan evə daxil olurlar. Evdə özlərini çox rahat, sərbəst hiss edirlər, evin sahibi olduqları üçün. Amma kirayədə yaşayanlar haqda bunları demək bir az çətindir. Otaq nə qədər isti olsa da, yenə də canlarındakı bir titrətməni, soyuqluğu gizlədə bilmirlər, ondan əziyyət çəkirlər. Bir tərəfdən otağın istisi, digər tərəfdən " soyuq hava" ilə üzləşirlər, üzlərindəki nigarançılıq da gözdən yayınmır. Çünki, yaşadıqları ev, onların sahib olduqları daşınmaz əmlak deyil.. Söylədiklərim "çeynənmiş ifadələr" anlamına gəlməsin. Bu dünyanın, həyatın, bu kainatın yalnız bir "sahibi" var. Onu da gözlə görmək mümkün deyil. Ancaq hər şeyə nəzarət edir. Qaldı ki, kirayə həyatı məsələsinə, istər ötən zamanlarda olsun, istərsə də indi, fərq etməz .O həyatı yaşayanlar bayaqdan danışdıqlarımı diqqətlə dinləsələr, zənnimcə həqiqət olduğunu dilə gətirməsələr də, razılıq əlamati kimi yalnız susarlar.
Oxunub: 297