dini radikalizm və ekstremizmlə mübarizə

Sabir Rüstəmxanlı poeziyasının inciləri


Canımı belə qurban verdiyim,neçə illərdir məni giriftar qoyub,sağ canımı xəstə edən,ödədikcə qurtarmayan məni bank faizinə dücar edən,ömrümü puç edən alçağa xitabən.

[b]İNANSA, TƏBRİZ DEYİL

Yenə bir məmləkətin ərşə dirənib ahı,

Yerdən əli üzülüb, göydən gəlmir pənahı

Farsın işğalıdır bu, mollanın nə günahı,

Din adına irtica! Bu ki yalan söz deyil,

Təbriz buna inanmaz! İnansa, Təbriz deyil!

Bu yurd Türkün torpağı! İzləri itmir hələ

Əkdiyin şər toxumu göyərib bitmir hələ

Fikrin Sasanilikdən bəriyə ötmür hələ -

Anlamırsan millətlər önündə kəniz deyil!

Təbriz sana inanmaz, inansa, Təbriz deyil!

Nə Şirazda gözüm var, nə də İsfahanında,

Baxmayaraq onlar da can alıbdır qanımdan,

Təxti-Cəmşidin ki var! Əl çək bağ-bostanımdan.

Mənimki Ərdəbildi, Marağadı... Yəz deyil!

Təbrizin gözü toxdu, ac olsa, Təbriz deyil!

Özünə paytaxt edib sahibləndin Tehrana,

Parsabadlar əkirsən Qaradağa, Muğana,

Zəncanın, Həmədanın nə dəxli Farsistana?

Şükr et Mazandarana, Xorasan da az deyil,

Təbriz Qəzvindən dönməz! Dönsə, heç Təbriz deyil!



Adını dəyişdirdin dağın, daşın, çöllərin,

Öz ismiylə tarixə şöhrət olan ellərin,

Əl yetsə dəyişərsən qafasın ölülərin,

Önümüzə eşdiyin bir mərmidir, köz deyil,

Ocağına isinməz, isinsə, Təbriz deyil!

Fars türkü öz içində əritsin... Nə vaxt olub?

Ruhuma öz məkrini yeritsin – Nə vaxt olub?

Ağlayan çocuğumu kiritsin – Nə vaxt olub?

Xəyanətlər uc-uca... əlli deyil, yüz deyil,

Təbriz buna dözəmməz! Dözərsə, Təbriz deyil!

Firdovsinin sözü də tarixdən bir namədi,

Türkün böyüklüyündən qəzəblənib nə dedi?

Yazdığı həm “Şahnamə”, həm də “Turannamə”di,

Ey sonumu gözləyən, türk gün altda buz deyil,

Əriyib suya dönməz! Ərisə, Təbriz deyil!

Bu zənciri qıracaq! Dözümü sonsuz deyil!

ŞAİRLƏRİN SİYASƏTİ

Şairlərin siyasəti Allah vergisidir, bala!

Yəni İlham!
İşıq və ruh rabitəsi,
tarixlərin
zamanı geri fırlayan səsi,
evləri akvariuma,
geyimləri skafandra
çevirən bir möcüzə,
siyasət uşaqlarının öz
çılpaq vücudlarını
və çılpaq ağıllarını
bazara çıxarırmış kimi
zərli parçalarla
bəzəmək cəhdini görmək,
və gördüklərini gizli saxlamaq əzabı...

Yəni Mərhəmət!
“dəmir centlmenlərin”
xalqı tank kimi xışladan iddialarını
əridən bir yanğı,
tökülən yarpağın ağrısını da
açılan çiçəklərin sevinci kimi
ürəyinə sıxa bilmək.
qurban mərasimini sevməmək...

Yəni Yalqızlıq!
xeyrə ulayan yalquzaqlıq,
ruhunu yelpikləyən
İlahi bir uzaqlıq!..
Həsrət!
Şöhrət ümmanında
ada kimi tək...
Toxunma, fikirləşək!

Yəni Vicdan!
dəllallıq bacarmayan,
nə boyundan yuxarı tullanmaq vədi,
nə saray havalanması,
nə qaçış,
nə cəllad iştahı
nə də öz günahına yalvarış.
Bacarsa bir lövhə asar
millətin sinəsindən:
“Kobud əllə toxunmaq olmaz!”
Çirkli əl də yazmaq olardı,
qanlı əl də...
Dünyaya məzar yağışı yağır
qanlı əllərdən...
Şəhid qəbirləri çiçək-çiçək,
Bayramdan-bayrama
bəylər və cənablar
üzlərində kədər maskalı toxluq,
bu qaralmış daş ekranlarda görmədən,
faciə və qəhrəmanlıq dizilərini
bəlkə də baxmaq istəmədən cinayətlərinə
keçib gedirlər
kürsülərin qanlı dartışmalar alışqanlığına.

Dünya bir qumaq fırlanqacı
dəstəklərə caynaqlar uzalı,
dişlər şaqqıldamada,
ortada ləyaqət,
ev, ailə, məmləkət,
millətlərin ruzusu!
Bir də tapşırığı yad ellərdə alan
əl quzusu!
Onu da axıdacaq zaman adlı su!..

Yəni Düzgünlük, Haqq!
Ancaq öz səsiylə oxumaq!
Zümrəyə ayırmamaq
özüylə, özgəsini,
və millət deyiləndə
fışqırıqla haraylanan
qoyun sürüsü yox,
qabarlı əlləriylə hər gün
Allahın ətəyinə toxunan,
üzündən ölməzliyin sirri oxunan
uca insanları düşünmək!..

Yəni İnam!

Fırtınaların təbəssümlə kiriyəcəyinə,
ürəklərin buzunun
mərhəmətlə əriyəcəyinə...
Yurdsuz və çörəksiz qaçqınların
tikəsinə dikilən
ilan gözlərinə dürtülən barmaqlara!
Təbriz üstə üçrəngli bayraqlara!
Şəhidlərin intiqam harayına!
Damarımızdan fışqıran gücə,
Göyçəyə qayıdan köçə,
Yolları yumruğuna dolayan qədərə,
Sevincdən daha qiymətli kədərə.
“Ana” deyən körpələrin səsinə,
Haqqın qələbəsinə!
Özünə, Millətə
Və Sevgi adlı əbədi Siyasətə!..

Ömrün xəzan fəslidir...
Yarpaq yağışı


Yarpaq yağışına
tutdum könlümü,
Ələndi başıma qızıl anlarım.
Bahardan payıza üzü günəşə
Bir kökün üstündə qızınanlarım.
Yaşıl sevinci də, sarı qəmi də
Torpaq ünvanına yazılanlarım...

Heyim qalmamışdı addım atmağa,
Yarpaqlar əzizim, qohumum, dostum.
Biri gedəndə də gülərüzlüydü,
Birisi təzətər, birisi yaslı...
Biri öz ömrünü yetirib başa,
Birini qoparan namərd küləkdi.
Biri qoruduğu sonuncu sözü
Üz sürtüb torpağa söyləyəcəkdi...

Bu yağış qəribə yağışdır, Allah,
İşləyir adamın ürəyinəcən.
Yuyur duyğuları, ruhu da yuyur.
Ətalətdən yuyur, qorxudan yuyur.
Elə bil tökülür sözünün pası,
Silir ağriları baxışlarından.
Nə qədər ələnə bunca güc olmaz
Baharın selləmə yağışlarında...

Təbiət ağlayır adamdan betər,
Heç belə qırmızı göz yaşı olmaz.
Bir çılpaq ağacdır ortada qalan,
Canlıdır, canlıdan baş daşı olmaz!

Çiynimə bir yarpaq qonur astaca
Bəlkə də ömrümün xəritəsiydi,
Bəlkə də özümdüm budaqdan düşən-
Bir doğma ürəyin ilk arzusuyla
İsidən olsaydı diriləsəydim...

Bu meşə yolunda öz ruhum kimi
Çiynimə qonmuşdu kövrək, köməksiz.
Görünür tabuta girməzdən əvvəl
Yarpaqtək gedirik çiyinlərdə biz...

HALAL ADAM

Ehtiac içində əriyən adam
Əridir içində mal-mülk eşqini.
Nə bir oğru ömrü sürür dünyada,
Nə qumara qoyur böyük eşqini...

Azda alacağı, çoxda payı yox,
Qədəri dağ yolu- qaldıracaqdır.
O öz qismətini aslan ağzından,
Qartal qanadından saldıracaqdır.

Ehtiyac içində əriyən adam
Nə durur, nə də ki qışqırıq salır.
Eləcə tutubdur yolun ağını,
Quduz dərdlərinə fışqırıq çalır...

Oxşar xəbərlər
SON XƏBƏRLƏR