dini radikalizm və ekstremizmlə mübarizə

QAPIMI DÖY,AĞACDƏLƏN!..



Adam tənha olanda,yalqız qalanda xəyalları ilə baş-başa olar.Nə yaxşı ki,bu xəyallar varmış! Bu da bir yaşantıdır,bu da bir ömür çırpıntısıdır!
Nədənsə xəyallar məni ağuşuna alanda qədim yunan mifologiyasında olan qanadlı At-Peqas yadıma düşür...
Ancaq mənim xəyallarım havada qanad açıb uçan bu At kimi görünmür! Nə mən onu görürəm,nədə ki, o məni...Deyəsən,məni də,onu da bircə Yaradan görür!..
Pəncərəmə bir yarpaq qonmuşdu.Saralmış qızılı rəngli payız yarpağı.Külək onu nə qədər hərləyib-fırlasada yerə-ayaqlar altına sala bilməmişdi.Bəlkə də bu yarpaq son gücünü toplayıb mənim pəncərəmə çırpılmışdı!
Bəlkə ümid yeriydim,bəlkə güman yeriydim!.Bəlkə dərdləşməyə,dərdini bölmək üçün mənə nicat gətirmişdi,bu yarpaq? Sevgiyə bax,sevgiyə!.. Budur,həyat eşqi,budur həyatın gücü!
Evdə-içəridə bircə mən idim,çöldə isə pəncərəmdən "ikiəlli yapışan" Payız yarpağı.
Üz-üzə durub dayanmışdıq.Nə mən dinib-danışırdım,nə də ki,mənim saralıb-solmuş Yarpaq qonağım! Eləcə bir-birimizə baxıb...durmuşduq.
Ancaq görünməz xəyallarımız danışırdı...Yarpaq bahar xəyalından...tumurcuq,qönçə vaxtından tutmuş günəş işığında bərq vuran yamyaşıl çağından pıçıldayırdı mənə...Bəlkə bəxtindən,taleyindən gileylənirdi öz-özünə?! Mən də onu-Yarpağı,elə yarpaq qədər duyurdum.Və mən də öz baharımı-cavanlığımı,yavanlığımı öz içimdə yaşayırdım!..
Birdən qəfil səsə xəyalımdan ayrıldım.Elə bil qapım döyülürdü.Heç ara da verilmirdi.Görəsən,kimdir...ilin,günün bu payız çağında qapımı döyən,İlahi?!
Təki həmişə xeyirə qapın döyülsün,deyib həyətə düşdüm...
Darvazını açıb yan-yörəsinə xeyli baxdım.Bir kimsə yox idi.Bəlkə yuxu görürdüm,bəlkə məni qarabasırdı?!
Birdən yenə də taqqıltı eşitdim.Yuxarı boylandım.Ağacdələn idi.Qapının ağzındakı hündür ağacın düz başında-yuvasının ağzını hey döyəcləyirdi!..
Özünün yuvası vardı, bu Ağacdələnin...bəlkə də balalarına yanında yeni yuva qururdu,-deyə düşünürdüm!..
Ağacdələnə tamaşa etməkdən heç doymurdum,onun iradəsinə,təpərinə,hünərinə...dimdiyinin gücünə lap heyran qalmışdım!..
Məni görüb,heç səksənmədi,perikmədi də.Dəhrə dimdiyi ilə canına cəhd edib,eləcə "işini görürdü"...
...Həmişə doğma ağacının bax...beləcə, qapısını döy,Ağacdələn!
Yenə də dar gündə,dar macalda sənin əlindən tutan Odur,O!
Mən də elə bilim ki, mənim də qapımı döyürlər.
Mən də elə bilim ki,hələ unudulmamışam,məni də sənin kimi bir yada salan var,Ağacdələn!..
Nə yaxşı ki,bu Ağacdələn məni üzüntülü xəyallardan ayırdı.Sonra isə qəlbimin dərinliyində uyuyan həzin nəğməmin bir bəndini və nəqarətini də tapa bildim:

Nə rahatdır...sənin yuvan,
Bir kimsəylə yoxdur davan,
Başının üstədir havan,
Evini oy,Ağacdələn!
Qapımı döy,Ağacdələn!

Gedən çoxdur,yoxdur gələn.
Nə var sevinci bölməyə,
Ay mənimlə dərdi bölən,
Varam...səninlə ölməyə!
Döy qapımı, Ağacdələn!
Qapımı döy, Ağacdələn!
Axı...səndən savayı əziz qonağım ta kim ola bilər ki,ay Ağacdələn?!
Döy qapımı, sən həmişə...Təki elə səsin gəlsin!
Uçum...gəlim,qapımı üzünə taybatay açım! Qapımı döy, Ağacdələn!..
Döy,qapımı...

Həsən Orucoglu

Oxunub: 315
Oxşar xəbərlər
SON XƏBƏRLƏR