“Azərbaycan Dəmir Yolları”ASC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun tapşırığına əsasən bir qrup dəmiryolçu “Həqiqət”tarixi araşdırmalar ictimai birliyinin nəzdində fəaliyyət göstərən Şəhidlər Muzeyini ziyarət etdi. “2 fevral-Azərbaycan Gənclər günü” ilə əlaqədar təşkil edilən görüşü “Həqiqət”tarixi araşdırmalar birliyinin sədri, Qarabağ qazisi “General Əli bəy”- Əlövsət Qasımov açdı. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Əli müəllim Birliyin fəaliyyəti haqda qısa məlumat verdi. Bildirdi ki, fəaliyyət göstərdiyimiz 7 il ərzində böyük uğurlara imza atmışıq. İndiyədək Muzeyi 9 min nəfərdən çox insan ziyarət edib.Bunların arasında Respublika Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Mili Məclisin deputatı Azay Quliyev, Milli Məclisin deputatları-İqtisad elmləri doktoru, Prof. Xanhüseyn Kazımlı, Aydın Mirzəzadə, Məlahət Həsənova, Adil Əliyev,Tahir Rzayev, Azər Badamov, Aydın Hüseynov, Respublika Aviasiya Akademiyasının Hüquq Kafedrasının müdiri, Hüquq elmləri doktoru, Prof., ehtiyatda olan General-mayor Aydın Qasımov, Akademik Vəli Əliyev, Respublikanın Xalq artisti Flora Kərimova, Respublikamızın baş Onkoloqu, Prof., Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli, “Bakı” Göz Klinikasının qurucusu, T.e.d., Prof. Kərəm Kərimov, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, Qarabağ qazisi Şamil Sabiroğlu, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədova, “Qafqazmedia” ictimai birliyinin sədri Hacı Azadə -Taleh Abbaszadə və başqaları var.
Respublika Ədliyyə Nazirliyi Dövlət Penitensiar Xidməti rəisinin sabiq müavini, ehtiyatda olan Ədliyyə polkovniki Niyazi Məmmədov, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, "Tərəqqi"medalının mükafatçısı, Qarabağ qazisi Şamil Sabiroğlu, Zəngilan rayon İcra Hakimiyyətinin sabiq Başçısı, Zəngilan rayonundan məcburi köçkün Ələkbər Həşimov, "Həqiqət" tarixi araşdırmalar ictimai birliyinin icraçı direktoru, şəhid bacısı Rumanə Əmirəliyeva, "Azərbaycan dəmiryolçusu" qəzetinin müxbiri, şəhid Etibar Əliyevin atası Allahverdi Əliyev ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olmuş hər bir insanın xatirəsinin hamımız üçün əziz olduğunu diqqətə çatdırdılar.
"Azərbaycan DəmirYolları"ASC-nin nümayəndəsi Məhərrəm Əliyev rəhbərliyin salamlarını və ən xoş arzularını "Şəhidlər muzeyi"nin kollektivinə çatdırdı.
Daha sonra Muzeyə baxış oldu.
Fotolar: Elbrus Vətən oğluna məxsusdur.
Şamilə Şamilqızı,
Aynurə Məmmədova.