Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-da münsiflər məhkəməsinin “Halkbank” baş direktor müavini Mehmet Hakas Atillanın İrana qarşı sanksiya rejimini pozmaqda təqsirli bilinməsi haqqında qərarını kəskin tənqid edib. Türkiyə dövlət başçısı qərarı, “bütün dünyanı narahat edən amerikansayağı ədalət” kimi qələmə verib.
Oxu.Az xəbər verir ki, bundan əvvəl Nyu-Yorkun cənub dairəsinin federal prokuroru vəzifəsinin icraçısı, münsiflər məhkəməsinin Atillanı İrana ABŞ sanksiyalarından yayınmaqda kömək etməkdə təqsirli biliblər.
“Bu ədalət amerikansayağı olduqda, bütün dünyanı narahat edir. Ədalətə bu cür yanaşma yolverilməzdir. Bu azmış kimi amerikalılar hələ dünyaya ədalət “dərsi keçir”. Bu cür yanaşmada beynəlxalq hüquq, o cümlədən iki-tərəfli hüquqi münasibətlər öz qüvvəsini itirir” - deyə Ərdoğan Ankarada keçirdiyi mətbuat konfransında bildirib.
Türkiyə lideri 2016-cı ilin iyul ayında dövlət çevrilişinə cəhdin təşkilində təqsirli bilinən türkiyəli müxalifətyönlü islam din xadimi Fətullah Güləni Ankaraya təhvil verməkdən imtina etdiyinə görə bir daha rəsmi Vaşinqtonu tənqid atəşinə tutub.
“ABŞ hökuməti Türkiyə məhkəmələrinin çıxardığı qərarlara hörmətsizlik edir. Biz Vaşinqtona Gülənin cinayətləri haqqında iş materialları ilə dolu 100-dən çox bağlama göndərmişik”- deyə Türkiyə lideri əlavə edib.
ABŞ hökuməti ötən ilin mart ayında Türkiyədən gələn Atillanı həbs edib. O ABŞ-ın Tehrana qarşı tətbiq etdiyi sanksiyaları pozmaqla, İranın xeyrinə çoxmilyonluq tranzaksiyalar aparmaq məqsədilə aha əvvəl həbs olunmuş türkiyəli-iranlı biznesmen Rza Zərrabla əlbir olmaqda təqsirləndirilir. Məhkəməyə verdiyi ifadədə Zərrab, sövdələşmənin baş tutması üçün Türkiyənin maliyyə nazirinə 50 milyon dollar məbləğində rüşvət verdiyini açıqlayıb. Zərrab eyni zamanda Ərdoğana qarşı ifadə verərək, sonuncunun bu əməldən xəbərdar olduğunu istisna etməyib.
Türkiyə XİN Mövlut Çavuşoğlu, Atillanın ABŞ-da həbsinin FETO tərəfdarlarının təşəbbüsü ilə həyata keçirildiyini bildirib, baş nazir müavini Bəkir Bozdağ isə ABŞ-da Zərrab və Atillaya qarşı açılan cinayət işinin Ankaraya qarşı sui-qəsd planı olduğunu söyləyib. Atilla ilə bağlı hökmün aprelin 11-də elan olunacağı gözlənilir.