BAĞIŞLA
(köhnələrdən)
Harayım çatmayır, yetməyir ünüm,
Yalnız indi səndən üzdüm əlimi.
Bağışla, bağışla, bağışla, gülüm
Mən sevə bilmədim sən sevən kimi…
…Bu payız ömrümün son payızıymış,
Cismən yaşamağım ömür deyil ki.
Bu payız eynimdən duman çəkildi,
bu payız mən səni tapdım yenidən.
Səni tapan kimi elə itirdim,
gözlərim yollara yenə dikildi…
Mənim taleyimin bəxt yazısıydın.
Sevgiyə layiqdin, sevib-sevilib,
özün öz bəxtindən yarıyasıydın.
O ağaran saçı pərişan teli
isti nəfəsimlə qurudub, gülüm,
titrək barmağımla darayasıydın.
Bir salxım söyüdü şahid çağırıb,
aya, ulduzlara uçası idik.
Alın yazısına şükürlər deyib,
qismətdən haraya qaçası idik?
Sonra da kam verib, kam almaq üçün,
təmiz məhəbbətə qul olmaq üçün,
eşqin zirvəsinə ucalmaq üçün,
bir deyib, bir gülüb, birgə ağlayıb,
qoşa ömür sürüb qocalmaq üçün
dünyanın ən şirin gecəsi olan
zifah gecəsini gözləyəsiydik…
Dünyanın ən şirin gecəsinədək
dünyanın ən uzun gündüzü varmış.
Gör neçə illərdir bu gün ötməyib,
o şirin gecəyə hələ çatmamış…
İndi anladım ki, bu gün beləcə
ömürlük qüruba yetən deyildir.
Dünyanın ən şirin gecə həsrəti
ömürlük tükənib bitən deyildir.
...Şəhərə çıxmışdım bir yaz səhəri.
Göylərdən yağırdı sevgi yağışı.
Təbiət başqa bir möcüzə idi,
min rəngə çalırdı göyün qurşağı.
Elə gedə-gedə başı aşağı,
qarşımda bir gözəl dayandı birdən.
O yaz yağışından nəsə cücərdi,
qəlbimdə başqa hiss oyandı birdən.
Yağışdı, yer yaşdı, sürüşkən idi.
Büdrədim, ayağım sürüşdü yerdən.
Bir saxta gözəlin saxta eşqinin
elə o dəqiqə toruna düşdüm,
sənə bəslədiyim məhəbbət payım
dəyişdi, başqa bir qadına düşdü...
Unutdum o təmiz, o saf sevgimi,
unutdum qəlbimdə saf niyyətimi,
əhdimə, andıma edib xəyanət,
unutdum o yetim məhəbbətini.
İtirdim gözündə ucalığımı,
itirdim dağ boyda əzəmətimi,
çevirdim bir heçə duyğularımı,
itirdim dup-duru ləyaqətimi,
saxta öpüşlərlə yuyunub hər gün,
özgəyə göstərdim səxavətimi,
uyuyub qoynunda ilan-çayanın,
unutdum əbədi məhəbbətimi...
...O yaz xəyanətin ilk yazı idi.
Bu payız ömrümün son payızıdı.
Ayıra bilmədim qaradan ağı,
ayıra bilmədim yaxşını pisdən,
ayıra bilmədim əsil sevgini
ötəri duyğudan, ötəri hissdən.
Artıq qırxı keçib, ömür yarıdı.
İndi ağıllandım, dağıldı duman,
indi fikirlərim tam ayazıdı.
Səd heyf ! Qədrini bilmədim, gülüm,
qoruya bilmədim məhəbbətimi.
Bu da bir qismətdi, bu da bir bəxtdi,
bu da bir taledi, bu da yazıdı...
...Şirin sözüm acı olub acıdan,
Kütə getdi, kündəm düşdü sacımdan.
Bir ötəri şəhvətimin ucundan
Dünya boyda məhəbbəti itirdim,
Dünya boyda məhəbbəti itirdim...
Oxunub: 0