Xəzər Universiteti Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsi və Tarix və arxeologiya departamentinin təşkilatçılığı ilə doktorant Aytən Eyyublunun 2026-cı il mayın 13-də “Azərbaycanın latın qrafikalı əlifbaya keçid prosesinin Türkiyədə aparılan əlifba müzakirələrinə təsiri (1923–1930-cu illər)” mövzusunda seminarı keçirilib.
Məruzəçi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Türkiyənin İstanbul Universitetində doktorantura təhsili alır.
Seminarda XX əsrin ilk yarısında Azərbaycan və Türkiyədə əlifba məsələsi ətrafında formalaşan müzakirələr müqayisəli şəkildə təhlil edilib. Təqdimatda ərəb əlifbasının türk dilinin fonetik xüsusiyyətlərinə uyğunluğu, savadlılıq probleminə təsiri və latın əlifbasına keçidin modernləşmə prosesi ilə əlaqəsi araşdırılıb. Seminarda həmçinin, Mirzə Fətəli Axundzadənin əlifba islahatı ilə bağlı ideyaları, Yeni Türk Əlifba Komitəsinin fəaliyyəti və Bakı Türkoloji Qurultayının türk dünyasında yaratdığı təsirə toxunulub. Azərbaycan mühacirət mətbuatının, xüsusilə “Yeni Qafqasiya” məcmuəsinin sovet əlifba siyasətinə münasibəti və tənqidləri də təqdimatın əsas mövzularından biri olub. Seminar çərçivəsində Azərbaycanın latın əlifbasına keçid qərarının Türkiyədə əlifba müzakirələrinin yenidən canlanmasına təsiri müqayisəli şəkildə dəyərləndirilib. Eyni zamanda, Mustafa Kamal Atatürkün rəhbərliyi ilə həyata keçirilən “Harf İnkılâbı”nın Türkiyənin modernləşmə prosesində mühüm mərhələlərdən biri olduğu vurğulanıb.


Oxunub: 23