Bakı Slavyan Universitetinin Rusiya səfirliyinin 20 Yanvar qatili Yevgeni Primakov haqda elan etdiyi esse müsabiqəsinə qatılması və tələbələrinin qalib gəlməsini “xoş hadisə” kimi təqdim etməsi ilə bağlı daha bir məqam ortaya çıxıb.
Djb.az xəbər verir ki, BSU-nun bu “təşəbbüs”ə Rusiya səfirliyinin müraciəti əsasında qoşulduğunu açıqlamaqla özünə bəraət qazandırmağa çalışması daha bir sual yaradırdı: Rusiya səfirliyi daha hansı universitetə Primakovla bağlı müsabiqəyə qoşulmağı təklif edib?
Əlbəttə, ilk ağıla gələn Azərbaycan Dillər Universitetidir. Çünki bu universitetin də tərkibində Rusiyaşünaslıq bölməsi fəaliyyət göstərir.
Mövzu ilə bağlı müraciətimizə cavab olaraq ADU-nun Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev bildirib ki, 20 Yanvar qırğınının əsas iştirakçılarından olan sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı esse müsabiqəsinə ADU-nun dəstək verməsi ilə bağlı Rusiya səfirliyi məktubla müraciət edib:
“Bizim elektron poçtumuza Rusiya səfirliyindən məktub gəlmişdi. Daha sonra Rusiya səfirliyindən mənə Yevgeni Primakov haqqında esse müsabiqə keçirilməsi ilə bağlı zəng də gəldi. Mənim cavabım o oldu ki, 20 Yanvar hadisələrində Primakovun mənfi obrazı azərbaycanlıların yaddaşında bu günə qədər qalıb. Onunla bağlı bu gün esse müsabiqəsinin keçirilməsi şəxsən mənim üçün bir azərbaycanlı kimi heç bir müsbət asossasiya doğurmur. Bildirdim ki, əgər Primakovu şərqşünas kimi tanıyırsınızsa, bilməlisiniz ki, onun 1970-ci illərdə yazdığı islam haqqında iki məqaləsi var. Rusiya səfirliyinin nümayəndəsinə dedim ki, siz o məqaləni oxuyun və görün ki, bu insanın islam haqqında necə mənfi düşüncələri, fikirləri var”.
M.Əliyev vurğulayıb ki, Rusiya səfirliyinin nümayəndəsi təklifin rədd edilməsini anlayışla qəbul edib:
“Heç bir azərbaycanlı 20 Yanvar hadisələrində Primakovun rolunu illər keçsə də, yaddan çıxara bilməz. Səfirliyin təklifini rədd etməyimiz heç bir problemə səbəb olmadı və ola da bilməzdi. Mənim üçün öz vətənim və hər bir azərbaycanlı hər şeydən və hər kəsdən yüksəkdir”.
Xatırladaq ki, Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsinin 20 Yanvar qırğınının əsas iştirakçılarından olan sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı esse müsabiqəsində qalib gəlməsi ciddi tənqidlərə səbəb olub. Həmçinin BSU-nun prorektoru və dekanının Rusiya səfirliyində sözügedən esse müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimində iştirak etmələri də böyük etirazlar doğurub.
Belə görünür ki, BSU bu müsabiqəyə qatılan yeganə təhsil ocağıdır və qələbə də alternativsizlikdən əldə edilib. /Axar.az/
Oxunub: 769