dini radikalizm və ekstremizmlə mübarizə

“Azərenerji” işinin öhdəsindən gələ bilmədi: Ölkədə enerji böhranı yaşanır

“Azərenerji” ASC hava şəraitinin pisləşməsi ilə bağlı gücləndirilmiş iş rejiminə keçməklə bağlı “hay-küylü” açıqlama ilə çıxış etsə də, işinin öhdəsindən gələ bilməyib.
Xatırladaq ki, dünən ASC-dən verilən məlumatda bildirilirdi ki, “hava şəraitinin ifrat təhlükəli surətdə dəyişəcəyi ilə bağlı xüsusi xəbərdarlığa uyğun olaraq “Azərenerji” ASC-nin mərkəzi aparatında və bütün müəssisələrində gücləndirilmiş xüsusi iş rejimi təşkil edilməsi üçün Səhmdar Cəmiyyətin rəhbərliyi tərəfindən müvafiq əmr verilib”.

Məlumatda bildirilirdi ki, gücləndirilmiş xüsusi iş rejiminin məqsədi fasiləsiz enerji təchizatının təmin olunması və baş verə biləcək qəzaların dərhal aradan qaldırılmasıdır.

Amma gün ərzində sosial şəbəkələrdə yayılan məlumatlara əsasən deyə bilərik ki, Bakının müxtəlif ərazilərində və bölgələrdə elektrik enerjisinin təchizatında böhran yaşanıb.

Bir müddət əvvəl isə redaksiyamıza daxil olan məlumata görə, Biləcəri qəsəbəsinin də böyük bir hissəsi işıqsız qalıb, amma ərazidə qəza xidməti gözə dəymir.

Az əvvəl isə Novxanıda da enerji təchizatının dayanması barədə məlumat aldıq.

Digər bir məlumatda bildirilir ki, Binəqədi qəsəbəsinin də bir hissəsi qaranlığa qərq olub.

Ümumi mənzərəyə əsasən demək olar ki, “Azərenerji” və Azərişıq ASC-lər əslində hava şəraiti ilə bağlı heç bir əlavə hazırlıq tədbiri görməyib.

Qeyd edək ki, evləri qızdırmaq üçün istifadə olunan kombi cihazlarının normal işləməsi üçün eyni vaxtda həm elektrik, həm də qaz təchizatının olması tələb edilir.

Oxunub: 623
Oxşar xəbərlər
SON XƏBƏRLƏR