dini radikalizm və ekstremizmlə mübarizə

Bayden-Ərdoğan görüşü: Cənubi Qafqazda yeni format?

Bayden-Ərdoğan görüşü: Cənubi Qafqazda yeni format?

QAFSAM sədr müavini Nazim Cəfərsoyun Axar.az-a müsahibəsi:

- Bayden və Ərdoğan bu ay keçiriləcək NATO Zirvəsi çərçivəsində ilk dəfə görüşəcəklər. Gərginləşən ikitərəfli münasibətlər baxımından bu görüşün əhəmiyyəti nədir?

- Baydenlə Ərdoğan arasında görüşmə ABŞ və Türkiyə arasında ABŞ-dakı prezident seçkilərindən sonra ən yüksək səviyyədə ilk görüş olacaq. Ümumiyyətlə, son dövrlərdə iki ölkə arasındakı münasibətlərin getdikcə daha çox problemli şəkildə özünü göstərməsi fonunda və Baydenin həm seçkiyə qədərki dövrdə, həm də prezident seçildikdən sonra Türkiyəyə qarşı neqativ münasibəti bu görüşün önəmli olduğunu göstərir. Çünki Bayden özü də seçkidən əvvəl Ərdoğanın hakimiyyətdən getməsi üçün çalışacağını açıq şəkildə bəyan etmişdi. Türkiyə və Amerika arasında müxtəlif regional məsələlərdə əməkdaşlıq, ortaq maraqlar və ziddiyyətlər mövcuddur. Bunlar Suriya, Fələstin, İran, Avrasiyanın gələcəyi, enerji məsələləri və Cənubi Qafqazla bağlıdır.

- Sizcə, görüşdən sonra Cənubi Qafqaz regionunda təhlükəsizlik baxımından Türkiyə-Amerika əməkdaşlığının hər hansı bir formatı mümkündürmü?

- ABŞ və Türkiyənin Cənubi Qafqazdakı maraqları nisbətən üst-üstə düşür. Çünki Amerikanın Cənubi Qafqazda həm Rusiyanın, həm də İranın təsir imkanlarını məhdudlaşdırma, burdakı enerji maraqlarını və ya təhlükəsizlik, hərbi, iqtisadi və siyasi maraqlarını gücləndirmə düşüncəsi var. Cənubi Qafqazda beynəlxalq və regional aktorlardan Türkiyə NATO-da uzunmüddətli müttəfiq olaraq Amerikaya daha uyğun tərəfdaşdır. Bu səbəbdən Bayden administrasiyasının Türkiyə ilə Cənubi Qafqaz məsələsində müəyyən fəaliyyətlər həyata keçirə biləcəyini düşünürəm. Sözügedən məsələlər Blinken və Çavuşoğlu arasında baş tutan telefon danışıqlarında və bəzi görüşlərdə də müzakirə edilib.

- Görüşdən sonra Cənubi Qafqazda mümkün görünən Türkiyə-Amerika əməkdaşlığını ölkəmizin milli maraqları baxımından necə görürsünüz?

- Azərbaycan da Qafqazda Türkiyə və ABŞ əməkdaşlığına müsbət baxır. Prezident keçirilən müxtəlif konfranslarda Amerikanın Cənubi Qafqazda fəaliyyətinin fəallaşmasına müsbət baxacağını qeyd edib. Eyni şəkildə Ermənistan hakimiyyətinin də bu məsələyə müsbət yanaşacağını hesab edirəm. Çünki burada Bayden administrasiyasının erməni diasporu ilə sıx əlaqəsi və Paşinyanın qərbyönümlü siyasətçi olması faktorları var. Paşinyan Amerika ilə yaxınlaşmaqla Qafqazın gələcəyində Rusiyanın təsirini azaltmaq istəyir. Bu məqsədlə Ermənistan bir tərəfdən İranı, digər tərəfdən isə Avropa Birliyini bu proseslərə çəkməyə çalışır. Həm Minsk Qrupu çərçivəsində, həm də müxtəlif formalarda beynəlxalq müşahidəçiləri bölgəyə çəkməyə cəhd edir. Ancaq təbii ki, Amerikanın Cənubi Qafqazda fəallaşmasının müxtəlif önəmli məqamları var. Əsas məsələ odur ki, bu fəaliyyət Azərbaycanın əleyhinə olmasın. Ona görə burada Türkiyə-Amerika əməkdaşlığı həm Rusiyanın balanslaşdırılması, həm də Azərbaycanın maraqlarının təmini baxımından önəmlidir. Çünki Türkiyə Azərbaycanın təhlükəsizlik maraqlarının əleyhinə bir fəaliyyətə imkan verməz. Sözügedən səbəblərə görə, Ərdoğan və Bayden görüşündə müxtəlif məsələlərlə yanaşı, Cənubi Qafqaz məsələsi də müzakirə ediləcək. Ancaq bu görüş iki ölkə arasında bütün problemlərin həll ediləcəyi anlamına gəlmir. Türkiyə və Amerika münasibətlərindəki ziddiyyətlər qarşıdakı dövrdə də davam edəcək.

Oxunub: 387
Oxşar xəbərlər
SON XƏBƏRLƏR