dini radikalizm və ekstremizmlə mübarizə

Hərbi ekspertlər döyüş sirrini yayır? - Açıqlama


Son günlər sosial şəbəkələrdə hərbi ekspertlərə qarşı ittihamlar səslənir. Əksəriyyət hesab edir ki, hərbi ekspertlər televiziyalarda çıxış edərkən ehtiyatsızlıq edir, fikirlərini əsaslandırarkən ordunun döyüş taktikasını açıqlayır, qarşıya qoyulan hədəflər barədə bilməyərəkdən də olsa, açıq məlumat verir. Müharibə şəritində bu, qəti yolverilməzdir. Çünki düşmən həmin məlumatlardan faydalana bilər. Bu səbəbdən telekanallarda hərbi mövzuda müzakirələr aparılan zaman ehtiyatı əldən verməmək zəruridir.

Yenisabah.az-a açıqlama verən hərbi ekspert Rəşad Süleymanov qeyd edib ki, bəzi hallarda istər sosial şəbəkədə, istərsə də televiziyada müzakirəyə çıxarılan mövzuya dair rəy bildirənlərin söylədikləri ilə əməlləri üst-üstə düşmür. O, belə şəxslərə baş qoşmağın, danışdıqlarına reaksiya verməyin əhəmiyyətsiz olduğunu dilə gətirib. Qeyd edib ki, belələrinin əksəriyyəti əsgərliyə getməyən, hərbidən anlayışı olmayan adamlardır:

“Sosial şəbəkələrdə bəzən elə şəxslər fikir bildirir ki, əməlləri ilə danışdıqları üst-üstə düşmür. Ona görə də mən həmin şəxslərə baş qoşmaq istəmirəm, danışıqlarına fikir vermirəm. Hərə öz işi ilə məşğul olsa, daha yaxşı olar. Ekspertə irad bildirdiyi halda, özü səhv hərəkət edənlərin sayı kifayət qədər çoxdur. Onların da əksəriyyəti əsgər getməyən, hərbidən anlayışı olmayanlardır. Elə adamlardan birini mən şəxsən görmüşəm. Adam profilində cəbhəyə yardım elan eləmişdi. Konkret olaraq hansı hərbi hissəyə nə lazım olduğunu qeyd etmişdi. Mən dərhal ona bu barədə yazıb irad bildirdim. Başqa bir hadisədə isə şəxs erməni əsirin video-görüntüsünü paylaşmışdı. Amma biraz üstünə gedən kimi həmin adam tam fərqli davrandı. İnsanlar özləri hansı informasiyanı verib-verməməklə bağlı diqqətli olmalıdırlar. Hər kəs danışdıqlarının məsuliyyətini dərk etməlidir. Hamı Roma papasından artıq katolik olmaq istəyir. Belə olmamalıyıq. Hər halda heç kim istəməz ki, əsgərinin burnu qanasın və ya başından bir tük əskik olsun. Sadəcə müəyyən izahlar olmalıdır. Müvafiq qurumlar var ki, proseslərə nəzarət edir. Hər hansı bir şey olanda informasiyanı yayanı çağırıb başa salmaq mümkündür. Burada problemli bir şey yoxdur. Ekspert kimi danışan adamlar çalışırlar ki, nazirliyin təqdim etdiyi məlumatlar hesabında danışsınlar. Ola bilər ki, hansısa əlavə fikirlər səslənir. Amma heç danışanın özü də bilə bilməz ki, o şey dövlətin planıdır”.

Rəşad Süleymanov vurğulayıb ki, telekanallarda hərbi mövzuda müzakirə aparılmasında heç bir problem yoxdur:

“Əslində, insanlar məlumatlandırılmalıdır. Ekspertə hansısa bir mövzuda sual verilir, ona uyğun cavab alınır. Yəni onlar görülən işlərin ümumi icmalı kimi danışırlar. Ordunun planı özündədir. Onu heç kim heç kimə vermir. Məlumat olsa belə, heç kim onu deyə bilməz, çünki bunun cinayət məsuliyyəti, hərbi sirr anlayışı var. Azərbaycanda ekspertlər bu mövzuda danışmayanda artıq insanlar ya düşmənin açdığı “fake” profillərin informasiyalarına, ya da xaricdə oturub erməniyə dəstək verənlərin yazdıqlarına inanmalı olacaqlar. Yəni informasiya tam boğulanda insanlar bu ehtiyacı başqa yerdən qarşılamalı olurlar. Bu, təbii bir prosesdir. Əgər bu haqda məlumatlı olan şəxs danışmasa, insanlar gedib Həbib Müntəzirə, Orduxana qulaq asacaqlar və inanacaqlar. İnformasiyanın idarə edilməsi məsələsi çox ciddi və kritik məsələdir. Ekspert efirə çıxıb boş pafosla çıxış edərsə, fikrini əsaslandıra bilməzsə, o çıxış əhəmiyyətsiz sayılar. Cəmiyyət alternativ informasiya mənbəyi istəyir ki, onlar da ekspertlərdir”.

Oxunub: 386
Oxşar xəbərlər
SON XƏBƏRLƏR