dini radikalizm və ekstremizmlə mübarizə

“Erməni qızları təhsil alanda biz qadınları döyüb bir küncə basmışdıq” - Millət vəkilindən sərt tənqid


Xəbər verdiyimiz kimi, Özbəkistanda dəbdəbəli toyların qarşısını almaq üçün qanun qəbul edilib. 2020-ci ildən etibarən qüvvəyə minəcək qanun toy etmək istəyənlərə bir sıra məhdudiyyətlər qoyur. Məsələn, toyda 250-dən artıq qonağın olmaması, toy karvanında yalnız 3 lüks avtomobilin olması və s. kimi qaydalara əməl etməyənlər 3 min dollar cərimə ödəməli olacaq. Daha öncə Tacikistan və Qırğızıstan da oxşar xəbərlərlə gündəmə gəlib.
Azərbaycan da toy mərasimlərinin təmtərağına görə heç də bu ölkələrdən geridə qalmır. Hətta toy xərclərinə görə böyük məbləğlərdə borc altına girən ailələr də var.

Bütün bunları nəzərə alaraq bizdə də belə bir qanuna ehtiyac olduğunu deyə bilərikmi?

Mövzu ilə bağlı fikirlərini “Yeni Sabah”la bölüşən millət vəkili Fazil Mustafa bildirib ki, şöhrətpərəstliyimiz bunu bizim ölkədə tətbiq etməyə imkan verməz:

“Azərbaycanlıların böyük əksəriyyəti toy və yasda şöhrətpərəstlik nümayiş etdirdiyinə görə, bu bizim mentalitetimizə böyük zərbə vuracaq. Biz bunu ləğv etsək, bəs kimə özümüzü göstərəciyik? Toyda 10 min manatı, 20 min manatı hansı müğənninin cibinə salacağıq? Bizi əzaba salan, ailənin qurulmasına başdan problem yaradan bir vəziyyəti ortadan qaldıracağıq? Bu bizim xarakterimizə uyğun deyil. Özbəkistan, Tacikistan qoy neyləyir, eləsin. Azərbaycan bu addımları qətiyyən atmamalıdır. Tez-tez deyirlər ki, "yas mafiyası" qoymadı, "toy mafiyası" qoymadı - bunların hamısı yalandır. İnsanlar özləri istəmirlər, həm də bunların kasıbı da belədir, varlısı da...".

Millət vəkili bildirib ki, ölkəmizdə dəbdəbə nümayiş etdirməkdə kasıblar da varlılardan geridə qalmırlar:

"Varlısı biraz özünü yekəxana aparır, kasıb ondan da yekəxana aparır. Ona görə də bu məsələnin Azərbaycanda müzakirə edilməsinə dəyməz. Yas məsələsində dövlət addım atdı, amma vətəndaş dəstəkləmədi. Toy və yas mərasimləri nə islama, nə də modernliyə uyğundur. Anlamaq olmur ki, bizim millət bunu haradan kəşf edib. Bu kimi mütərəqqi, müsbət hadisələrin Azərbaycana şamil edilməsini uyğun hesab etmirəm. Ola bilsin ki, 100 ildən sonra tərəqqi yolu ilə bu yola gələ biləcəyik. İndi qayda qoyulsa ki, toya 100-200 nəfər gələ bilər, bunlar gedib kiminsə cibinə pul basacaq ki, mənim 100 nəfərimi də qəbul elə, olsun 300 nəfər. Belə bir qərar yeni rüşvət növü yarada bilər. Qoy, necə gəlmişik elə də gedək".

F.Mustafanın sözlərinə görə, Azərbaycan yeniliklərə açıq ölkə deyil:

"Biz yeniliyə çox gec başlamışıq. Bəs biz ermənilərə nəyə görə uduzmuşuq? Ermənilər vaxtında təhsilə gedəndə biz mollaxanadaydıq, qumarxanadaydıq, it boğuşdururduq, xoruz döyüşdürürdük. İndi uduzandan sonra başa düşüb, təhsilə getdik. Erməni qızları təhsil alanda biz qadınları döyüb, bir küncə basmışdıq. Sonra gördük ki, uşaqlar normal, mədəni mühitə alışa bilmir. Çünki analar savadsız idi, qadının rolu cəmiyyətdə 0 vəziyyətində idi. Onda başladıq, qadına normal həyat şəraiti yaratmağa. Mən öz cəmiyyətimizin şöhrətpərəstliyini bildiyimə görə, deyərdim ki, toyların qiyməti 2 qat qaldırılsın, yasların menyuları çoxaldılsın, çərəzlər düzülsün, Misirdən, Səudiyyə Ərəbistandan xurmalar gətirilsin. Bu xurmalar olmayanda yas mərasimləri təxirə salınsın. Qəbirlərdə daşların hündürlüyü 5 metrə çatdırılsın. Məncə, Azərbaycan xalqının sevdiyi formatdan kənara çıxmağımız doğru deyil". /Yenisabah.az/

Oxunub: 504
Oxşar xəbərlər
SON XƏBƏRLƏR