dini radikalizm və ekstremizmlə mübarizə

Bəhruz Quliyev: "Azərbaycanın regional siyasətində Gürcüstanın xüsusi yeri var" MÖVQE-ÖZƏL

Bəhruz Quliyev: "Azərbaycanın regional siyasətində Gürcüstanın xüsusi yeri var" MÖVQE-ÖZƏL
"Qonşu dövlət kimi Gürcüstanda baş verən hadisələr Azərbaycanın marağındadır. Çünki, regionda müxtəlif iri miqyaslı beynəlxalq layihələrin həyata keçirilməsində Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır”. Bu fikirləri SİA-ya açıqlamasında “SƏS” Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

Qonşu ölkələrdə baş verən proseslərin, demokratik dəyişikliklərin Azərbaycanın diqqətində olduğunu deyən siyasi ekspert söyləyib ki, xüsusilə də Gürcüstanda keçirilən prezident seçkiləri iki ölkə arasında mövcud olan hərtərəfli əlaqələrin davamlılığı baxımından mühüm əhəmiyyət kəsb edir: “Təbii ki, hakimiyyətə gələn şəxs istənilən halda xarici siyasətdə dəyişiklik etmək istəyində olur. Hesab edirəm ki, gürcü xalqının iradəsi ilə seçilən Salome Zurabişvili də iki ölkə arasında münasibətlərdə yeni inkişaf hədəflərini müəyyənləşdirə bilər”.

B.Quliyev söyləyib ki, güclü iqtisadiyyata malik olan Azərbaycan hər zaman Gürcüstana kömək göstərən ölkələr sırasında birinci olub: “Azərbaycan bu gün də faktiki olaraq Gürcüstana ən çox investisiya yatıran ölkələrdəndir".

Ekspert vurğulayıb ki, qonşu ölkədə keçirilən prezident seçkilərində Salome Zurabişvilinin seçilməsi qərbyönümlü siyasətin davamıdır: “Bildiyiniz kimi Zurabişvili Saakaşvilinin hakimiyyəti dövründə Gürcüstanın xarici işlər naziri vəzifəsində çalışıb. Belə olan halda, onun indiyə qədərki fəaliyyəti Azərbaycanla Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etməsinə imkan verir. Bundan başqa yeni seçilən prezident diplomatdır və o, uzun müddət Fransada diplomat kimi fəaliyyət göstərib. Onun beynəlxalq siyasətdə manevrləri də qonşuluq siyasətində düzgün mövqe tutmağa imkan verə bilər".

Azərbaycan və gürcü xalqlarının dostluğunun çox böyük tarixi əsaslara söykəndiyini qeyd edən B.Quliyev deyib ki, hər iki xalq bu dostluğu əsrlər boyu möhkəmləndirərək yaxşı və pis günlərdə bir-birinin yanında olub, bir-birini dəstəkləyib: “Münasibətlərimiz inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycanın regional siyasətində Gürcüstanın xüsusi yeri var. Ölkəmiz hər zaman öz müttəfiqinə qarşı daim sağlam mövqe tutmaqla yanaşı, qonşu ölkənin inkişafına öz töhfəsini verməkdədir. Hesab edirəm ki, yeni seçilən prezident iki ölkə arasında qonşuluq əlaqələrini yenidən gözdən keçirəcək. Düşünürəm ki, Salome Zurabişvili qərbyönümlü siyasət həyata keçirməsindən asılı olmayaraq, iki ölkə arasında münasibətləri tarix köklərə söykənərək, Azərbaycanın regionda tutduğu mövqeyini nəzərə alaraq iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına öz töhfəsini vermiş olacaqdır”.

Oxunub: 684
Oxşar xəbərlər
SON XƏBƏRLƏR