2026-cı il mayın 2-də “Litera” Kitab Evində Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentinin müdiri dosent Orxan Vəliyevin “Modern Azərbaycanın doğuluşu” adlı monoqrafiyasının təqdimatı keçirilib. Kitab “MİMTA Yayımları” tərəfindən nəşr olunub.
Təqdimatda çıxış edən MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov nəşrin əhəmiyyətini vurğulayaraq bildirib ki, əsər Azərbaycanın milli kimliyi və dövlət quruculuğu tarixini yeni elmi-nəzəri baxışla təhlil edir. Tədbirdə BP Azərbaycan şirkətinin vitse-prezidenti Dr. Bəxtiyar Aslanbəyli, tarixçi Əkbər Nəcəf, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, dosent Mətin Məmmədli, tarixçi dosent Nigar Gözəlova və tarixçi Dr. Dilqəm Əhməd də çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, kitab maarifçilikdən siyasi millətçiliyə qədər uzanan inkişaf yolunu elmi əsaslarla araşdırır, xüsusilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına siyasi nəzəriyyə prizmasından yanaşır. Bildirilib ki, monoqrafiya müəllifin Türkiyədə müdafiə etdiyi dissertasiya əsasında hazırlanıb və daha əvvəl türk və fars dillərində də nəşr edilib. Sonda çıxışçılar müəllifə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Oxunub: 25