Bəli... Razıyam Qəmər xanımla və bilirəm ki, bu sözləri də hər kəs belə ürəklə deyə bilməz. Bəlkə də o kənardan sakit mədəni bir xanım təsiri bağışlaya bilər... Amma onun sənətinə, sənətə olan sevgisinə, hiss və həyəcanına yaxınlaşdıqca görürsən ki, onun böyük ürəyi var.
Qəmər Məmmədova Bakıda Çəmbərəkənddə anadan olub. İncəsənət İnstitutunu 1975-ci ildə bitirdikdən sonra təyinatla qrupla birgə Şəki teatrına yollanıb.Teatrın repertuarındakı əksər tamaşalarda baş rolların ifaçısı olub. Həmişə də alqışları bol olub. Elə orada da ailə qurub və oğlu Fərid dünyaya gəlib. Teatrda böyüdüyündən o da bu sehrli aləmə biganə qalmayıb. Tamaşaları izləyə-izləyə boya başa çatıb... Anasının fəxri olub...
Qəmər xanım necedi teatrda abu- hava? niyə sizi az-az görürük?
- Şükür.... Hər şey yaxşıdı.Yeni tamaşalar hazırlanlr. Məşqlər gedir. Bu günlər Bəhram Osmanovun quruluşunda Dəli yığıncağı tamaşasına baxış oldu. Çox təsirləndim. Klassikanın bu günümüzlə uzlaşması və onun gözəl səhnə həlli məni valeh etdi ki, bütün yaradıcı heyəti təbrik edirəm. Az-az görünməyimə gəldikdə isə aktyor rejissordan asılıdır. Məncə kəmiyyət yox keyfiyyət əsasdı. Bu mənada hər kiçik rol belə mənə görə əhəmiyyətlidir. Ümid edirəm ki, yeni rollar olacaq.
Bu gun internetin tüğyan etdiyi bir dövrdə sizcə teatr öz aktuallığını qoruya bilibmi?
- Əlbəttə... Birmənalı şəkildə hə. Çünki bunu hamı bilir ki, teatr, səhnə canlı təmasdır. Sən və tamaşaçı eyni zamanda, eyni məkanda görüşürsən və hətta az qala nəfəsiniz belə toqquşur... Teatrı heç bir başqa sənət əvəz edə bilməz. O bütün dövrlərdə yaşayacaq.
Qəmər xanım yəqin görürsüz də bu gün səhnədən çox həyatda ustalıqla aktrisalıq edənlər daha çoxdur...
- Mən həmişə demişəm ki, aktyor teatrdan çıxan kimi o özü olmalıdır. Obraz,rol səhnə üçündür.Mən bir şeyi deyim sizə:hec vaxt həyatda istədiyim kimi gülməmişəm, sevinməmişəm, ah çəkməmişəm, kədərlənməmişəm ki, deyəcəklər ki, aktrisalıq edir..Bax bu həmişə məni narahat edib.
Hansı rejissorlarla işləmək sizə daha asan, daha maraqlıdır?
- Mən belə bir seçim düşünməmişəm. Əgər hansısa bir obrazda rejissor görüb dəvət edərsə deməli bu vacibdir. Mən də aktrisa olaraq onun tələblərini yerinə yetirməliyəm.
Yeni Nicat Kazımovun quruluşunda "Tanrıya 14 məktub" tamaşasında "Roza nənə" ni oynadız... Mən fasilə zamanı sizin həyəcanı görəndə şok oldum... Düşünürdüm ki illərin təcrübəsi buna yol verməz..
- Yox nə danışırsız..Hər yeni rol... Yeni həyəcandı... O bitərsə deməli hər şey bitib. Bu obraz maraqlı və məsuliyyətlidi və hələ əgər tamaşaçı bəyənirsə...
Ənənəvi də olsa teatr sizə nə verdi?
-Bilirsiz bəlkə də bunu çoxları düzgün başa düşməz... Amma bütövlükdə teatr mənə hər şey verdi... Nə vermədi ki... Ən böyük sevgi verdi, həyəcan verdi.... Ən unudulmaz anların sevincini yaşatdı... Əlbəttə ki, mənəvi aləmə üstünlük verən insanlar məni yaxşı başa düşər. Baxın o sondaki tamaşaçı alqışının hərarətini hiss edirsən a bax o zaman daha yaxşı anlayırsan sənətin zövqünü, möhtəşəmliyini...
Bu yaxınlarda ad gününüz oldu. Təbrik edirik. MaşAllah formadasız... Bunun bir sirri var?
- Mən dərk edirəm ki, aktrisayam. Sənətimə məsuliyyətlə yanaşıram. Çalışıram ki, kökəlməyim. Uşaq tamaşalarında da məşğulam. Ona görə bu mənim borcumdu.
Oxucularımıza, sizi sevənlərə arzunuz, sözünüz?
-Teatrı sevin, tamaşalarımıza gəlin. Çünki hər şey sizin üçündür. siz bizi sevməsəz biz də olmarıq...
O danışdıqca kövrəlir... Hətta gözləri belə yaşarır... Düşünürəm teatrı belə İlahi məhəbbətlə sevən insanlar az da olsa var... Riyasız, yalansız, dedi qodusuz sadəcə saf sevgiləri ilə teatrı isidən insanlar... Tanrı sizi qorusun!
Təranə Feyzullayeva
Oxunub: 1 554