Hamımız Azərbaycanlıyıq...Doğru. Amma nəsil-nəcabətimiz haqqında nəsə bilmək haqqımızdır. Mənim atam bakılı, anam qarabağlıdır... Bakı mənim döyünən ürəyim, qanım, canım, Qarabağ anamın Şuşa xatirələrindən, uşaqlıq, gənclik illərindən, Sənubər nənəmin şüyüdlü plovundan, Hidayət babamın qırqovul, turac həvəsindən tutmuş hər şeyə qədər bir həsrət, bir yara, bəlkə də çata bilmədiyim ən əsas arzumdur... Rəhmətlik Səyavuş Aslan xatirələrində deyirdi ki, pafoslu səslənsə də hər gecə Qarabağ arzusu ilə yatıb-oyanmaq istəyir... Nə yazıq ki, o da bu arzusu ilə nakam köçüb, getdi... Digər həmkarım Orxan Fikrətoğlunun fikrincə isə "əsas Qarabağın qapısını tapmaqdır, açarı düzəltməyə nə var ki?..." Mən də arzulayıram...Lakin artıq bu arzumu dilə gətirmək istəmirəm... Sadəcə bir səhər mən də Şuşada oyanmağı arzulayıram... Və nə qədər ki, anam sağdır, bunun daha tez baş verməsini istəyirəm...
Daha bir məqam: Hər il Novruz bayramı gələndə toy-büsat qurub, şənlik edirik, -Qarabağsız. "Ən möhtəşəm Novruzu Şuşada keçirəcəyik" deyə ümid edirik... 20 ildən çoxdur ki, bu ümid ilə yaşayırıq...
Novruz gələndə torpaq canlanır, oyanır deyirlər... Amma Qarabağ canlanmır, oyanmır, həsrət yuxusundadır... Onun daşları, divarları da bu həsrətə bürünüb... Ayrılığa məhkum olunmuşlarıq...Qarabağ və biz...Qarabağ həsrətimiz...