dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan Respublikasının Əməkdar müəllimi Abdullayev Salman Dadaşbala oğlu


Azərbaycan Respublikasının Əməkdar müəllimi Abdullayev Salman Dadaşbala oğlu

Bu gün Atalar günüdür… Amma mənim üçün bu gün təkcə təqvimdə qeyd olunan bir gün deyil. Bu gün ömrünü elmə, təhsilə, insana və insan yetişdirməyə həsr etmiş bir ATA-nın, bir MÜƏLLİMİN, bir NÜMUNƏVİ İNSANIN günüdür.
Atam…
Sən mənim üçün təkcə ata olmadın. Sən yol göstərənim, çətin anlarda dayağım, susanda belə məni anlayan sirdaşım, həyatda düzgün yaşamağın canlı nümunəsi oldun. Sənin həyat fəlsəfən sadə, amma çox dərin idi: “İnsan ol, faydalı ol, vicdanını heç vaxt itirmə.”
Ömrünün yarısını müəllim kürsüsündə keçirərək minlərlə şagirdə yalnız dərs yox, həyat dərsi verdin. Sənin yetişdirdiyin tələbələr bu gün ölkənin müxtəlif sahələrində vicdanla çalışan, məsuliyyətli, savadlı insanlardır. Bu, bir müəllim üçün ən böyük mirasdır.
Sən bir nəslin ağsaqqalısan.
Uşaqla uşaq, böyüklə böyük olmağı bacaran, hər kəsin dərdinə qulaq asan, imkanın yetdiyi qədər kömək əlini uzadan, heç vaxt “mən” deməyən, həmişə “biz” deyən bir insansan. Evin də, qəlbin də hər zaman açıq olub. Sözün mərhəmət, baxışın ümid, duruşun etibar olub.
Atam, sənin adın çəkiləndə insanlar hörmətlə danışır. Çünki sən adını ləyaqətlə daşıdın. Müəllim adını ucaltdın, ata adını müqəddəsləşdirdin, insan adını şərəflə yaşatdın.
Bu Atalar günündə sənə uzun ömür, möhkəm can sağlığı, ruh rahatlığı arzulayıram. Allah səni ailəmizə, övladlarına, nəvələrinə, səni sevən hər kəsə çox görməsin. Sənin varlığın bizim üçün böyük sərvətdir.
Yaxşı ki, mənim atamsan.
Yaxşı ki, sənin yolunla getməyi, sənin adını daşımağı qürur bilirəm.
Atalar günün mübarək olsun, canım atam!

Dərin sevgi, sonsuz hörmət və qürur hissi ilə,
Pərvanə Salmanqızı

Oxunub: 11
Oxşar xəbərlər
SON XƏBƏRLƏR