Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Zambiyanın paytaxtı Lusakada keçirilən "Zambia International 2018" turnirində uğurlu çıxışla yadda qalıb.
Djb.az “Trend”ə istinadən xəbər verir ki, badmintonçularımızdan Edi Reski Dviçayo 1/16 finalda Kalonde Şarlesə 2:0 (21-11, 21-7) hesabı ilə qalib gəlib. Dviçayo ardınca uqandalı Fred Kirabo üzərində 2:0 (21-10, 21-8) hesablı qələbə qazanıb. 1/4 finalda Nigeriya badmintonçusu Qodvin Olofuanı 2:0 (21-3, 21-15) hesabı ilə məğlub edən Edi yarımfinala yüksəlib. Dviçayo 1/2 finalda Lüksemburq təmsilçisi Robert Manna da set vermədən qalib gəlib - 2:0 (21-10, 21-12). Badmintonçumuz həlledici görüşdə nigeriyalı Anuoluvapo Juvon Opeyor üzərində 2:0 (21-11,21-10) hesablı qalibiyyət əldə etməklə, kişilərin şəxsi yarışında "Zambia International 2018" turnirinin qalibi adını qazanıb.
Digər badmintonçumuz Ezmi Qovimuramadhoni də 1/4 finala kimi rəqiblərinə set vermədən irəliləyib. Qovimuramadhoni 1/16 finalda Botsvana ardınca Zambiya təmsilçilərinə 2:0 hesabı ilə qalib gəlib. Ezmi 1/4 finalda İordaniya badmintonçusu Bahaedin Əhməd Əlşannikə 1:2 (18-21, 21-12, 18-21) hesabı ilə uduzub.
Kişilərin qoşa yarışında da turnirin qalibi adını badmintonçularımız qazanıb. Mübarizəyə 1/8 finaldan qoşulan Edi - Ezmi tandemi bu mərhələdə zambiyalı Dalitso Banda - Rodrik Mulenqa Mvansa cütünə 2:0 (21-9,21-14) hesabı ilə qalib gəlib. Badmintonçularımız uğurlu başlanğıcın davamını Zambiya badmintonçuları Çepus Banda - Endryu Mumba ilə görüşdə də gətirib. 2:0 (21-6, 21-8). Yarımfinalda zambiyalı Nqosa Çonqo - Çizva Nakanda tandeminə 2:0 (21-6, 21-13) hesabı ilə qalib gələn Edi və Ezmi finalda nigeriyalı Qodvin Olofua - Anuoluvapo Juvon Opeyori üzərində 2:1 (21-19, 18-21, 21-11) hesablı qələbə qazanmaqla kişilərin qoşa yarışında birinci olub.