"Komandamdan razı qaldım. "Qəbələ”nin gücünü bilirdik. Bir neçə oyundur ki, belə qollar vururlar. Müdafiəçilərin diqqətsizliyi və ya yorğunluq sonda səhv etməyimizlə nəticələndi. Qalib gəlmək istəyirdik, təəssüf ki, alınmadı. Qol fürsətlərimiz olsa da, dəyərləndirə bilmədik. Ordakı oyunda xoşagəlməz hallar yaşanmışdı. Buna görə də bu matça futbolçuları yaxşı kökləmişdim. İstəyirdim, bu gün meydanda ancaq futbol olsun".
"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov evdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra gənc mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçular bu cür oyunların gərginliyini müxtəlif formalarda çıxırlar, bəs siz necə?
- Onlar necə istirahət edirlərsə, mən də elə dincəlirəm. Bütün gün onlarla bir yerdəyəm. Bu gün komandanın üzərində böyük təzyiq var. Sona kimi futbolçularımın yanındayam.
- Sizin şərti cəzanız var. Ancaq bu gün də çox aqressiv görünürdünüz...
- Bu, özümdən asılı deyil. Həmin anda şərti cəzanın olması yada düşmür. Bu qədər xal itirməyi gözləmirdik.
- Sizcə, nəticə oyuna görə oldu?
- Məncə, qələbəyə layiq idik. "Qəbələ”nin qoluna kimi rəqibə qol fürsəti vermədik. İlk hissədə bizim bir penaltimiz verilmədi. Qapıçının zədələnməsi də təmasın olmasına sübutdur. Ancaq Rəvan Həmzəzadəni də başa düşürəm. Oyunun tempi yüksək idi.