Xəzər Universitetinin Psixologiya departamentinin əməkdaşı və Xəzər Psixoloji Xidmət Mərkəzinin psixoloq-psixoterapevti Mirsadiq Muxtarov 2026-cı il oktyabrın 7-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdindəki Qida Sənayesi Kollecində tələbələr üçün “Gender stereotipləri” mövzusunda maarifləndirici təlim keçib. Təlimin əsas məqsədi tələbələrdə gender stereotipləri ilə bağlı düzgün və obyektiv təsəvvür formalaşdırmaq, cəmiyyətdə mövcud olan stereotipik yanaşmaların fərdlərin düşüncə və davranışlarına təsirini izah etmək, həmçinin, gender bərabərliyi və qarşılıqlı hörmət prinsipləri barədə məlumatlılığı artırmaq olub.
Təlim zamanı Mirsadiq Muxtarov tələbələrə gender stereotiplərinin fərdi və ictimai səviyyədə yaratdığı təsirləri ətraflı şəkildə izah edib, stereotiplərin formalaşmasına təsir göstərən sosial və mədəni amillər haqqında məlumat verib. Bununla belə, gender rolları ilə bağlı cəmiyyətdə mövcud olan ənənəvi yanaşmaların fərdlərin seçimlərinə, münasibətlərinə və özünüifadəsinə təsiri müzakirə olunub. Təlim, eyni zamanda, tələbələrin tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi, stereotipik yanaşmaların fərqinə varılması və müxtəlifliyə hörmətlə yanaşma baxımından əhəmiyyət kəsb edib.
Mirsadiq Muxtarov gender stereotipləri anlayışına toxunaraq, onların yaranma səbəblərini və fərdin psixoloji inkişafına təsirini izah edib. Bununla yanaşı, təlim zamanı gender stereotiplərinin ailə, təhsil, media və sosial mühit vasitəsilə necə formalaşdığı, onların insan münasibətlərinə və qərarvermə prosesinə təsiri geniş müzakirə olunub. Seminarda Qida Sənayesi Kollecinin psixoloqu Bəsti Hacıyeva da mövzu ilə bağlı çıxış edərək öz fikirlərini bildirib, gender stereotiplərinin müxtəlif sahələrdə təsirləri barədə düşüncələrini bölüşüb. Tələbələrlə interaktiv fikir mübadiləsi aparılıb, mövzu ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb. Seminar təlimin sonunda UNEC nəzdindəki Qida Sənayesi Kollecinin direktor müavini İsmayıl Məmmədov təşkil olunan maarifləndirici təlimə və tələbələr üçün yaradılan faydalı müzakirə imkanına görə təlimçi Mirsadiq Muxtarova təşəkkürünü bildirib.
Oxunub: 10