Ağcabədi rayonunda mağazadan mobil telefon oğurlayan şəxs tutulub.
"Report"un Qarabağ bürosunun məlumatına görə, Daxili İşlər Nazirliyinin ( DİN) “102-Zəng Mərkəzi” Xidmətinə və Ağcabədi Rayon Polis Şöbəsinə şəhər ərazisindəki telefon satışı mağazalarının birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin mağazadan 13 ədəd mobil telefonun oğurlandığı müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Abşeron rayon sakini Qurbanəli Əsgərzadə olduğu, oğurladığı mobil telefonların əksəriyyətini satdığı müəyyən edilib. Mobil telefonlardan ikisi isə maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.