Mingəçevir Sənaye Parkında zəhərlənmənin səbəbi açıqlanıb.
“Mingəçevir Tekstil” MMC-nin icraçı direktoru Mehman Hüseynov “Report”un Şirvan bürosuna bildirib ki, qurumun 4 əməkdaşının halsızlaşaraq xəstəxanaya aparılması dezinfeksiya işləri zamanı baş verib.
“Müəssisəmizin əməkdaşlarının qəfil halsızlaşması ilə bağlı hadisə mayın 1-də yeməkxanada təmizlik və dezinfeksiya işləri aparılan zaman qeydə alınıb. Dezinfeksiya məhlullarının təsiri nəticəsində 4 nəfərin halı pisləşib. Əvvəlcə yerində tibbi yardım alan işçilər daha sonra təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Onlar müayinə və müalicə olunduqdan sonra evə buraxılıblar. Hazırda ciddi narahatlıqları yoxdur və bu gün onların dördü də işə çıxıb”.
Qeyd edək ki, mayın 1-də Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin sexlərinin birində iş prosesi zamanı zəhərlənmə hadisəsi baş verib. Müəssisənin 4 əməkdaşının halı pisləşib və nəticədə Mingəçevir şəhər sakinləri - 1980-ci il təvəllüdlü Gülnarə Nurəddin qızı Hüseynova, 1976-cı il təvəllüdlü Lalə Oruc qızı Hüseynova, 1983-cü il təvəllüdlü Vidadi Yaqub oğlu Mehdiyev və Yevlax rayon sakini, 1993-cü il təvəllüdlü Yaşar Vasif oğlu Bəkirov xəstəxanaya yerləşdiriliblər.