dini radikalizm və ekstremizmlə mübarizə

“Pullu komediya”nın gülüş sovqatı


Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Klod Manyenin “Oskar” əsəri əsasında hazırlanmış “Pullu komediya” tamaşası nümayiş olunmuşdur.

Əvvəla, ondan başlayım ki, müasir tamaşaçını bu gün güldürmək çox çətin məsələdir. Yaşadığımız sosial-məişət problemlərinin məngənəsini nəzərə alsaq, mənzərə aydın olar. Amma biz sadəcə gülmədik, qəhqəhələr çəkdik ki, bu da yaradıcı heyətin birmənalı uğurudur!

Rejissor Nicat Kazımovun məhz komediya janrına müraciət etməsi, məncə, zamanın tələbi ilə əlaqəlidir. İnsanların hər şeyi unudaraq komediya çərçivəsində gülüşə qovuşmasına böyük ehtiyac var. Buna həqiqətən çox ehtiyacımız var!

Əsər süjet baxımından da çox maraqlıdır. Bir ailənin daxilində baş verən hadisələr, rəngarəng personajlar və gözlənilməz final tamaşanı daha da cəlbedici edir.

İllər öncə Nicat Kazımovun quruluşunda “Zorən şorgöz” tamaşasına baxmışdım və böyük zövq almışdım. Bu gün isə daha müasir, daha dinamik, daha kamil bir tamaşanı seyr etdim.

Rejissor növbəti uğuruna da öz layiqli imzasını atdı. Maraqlı dekor, yerli-yerində seçilmiş aktyor heyəti, səhnələrə uyğun musiqi – bir sözlə, hər şey samballı və düşündürücü gülüşə xidmət etməyi bacarırdı. İllərin təcrübəsindən bəhrələnən rejissor ən çətin janrlardan biri olan komediya janrında da özünü təsdiq etdi. Bir daha qeyd edirəm ki, ciddi gülüş əldə etmək göründüyü qədər də asan deyil.

Gələk aktyor heyətinin oyununa. Çünki tamaşanın əsas görünən tərəfi məhz aktyorlardır.

Anar Seyfullayev: Mükəmməl oyun, kamil obraz və, əlbəttə ki, aktyorun çoxşaxəli istedadı! Aktyor səhnədə çox səmimidir. O qədər obrazı ilə bütövləşib ki, onu obrazından ayırmaq olmur. Hətta tamaşaçı ilə təması zamanı belə çox isti qarşılanır. Aktyor tamaşaçını yormur, əksinə, səhnələr dəyişdikcə onun məharəti özünü daha aydın büruzə verir.

Sanki aktyor bu tamaşada öz benefisini oynadı. Bir növ, bütün obrazlardakı komediya məharətini birləşdirərək aktyor dəst-xəttinə yeni möhür vurdu!

Nəsibə Eldarova: Elə bir rol almışdı ki, potensial imkanları baxımından bundan yetərincə istifadə edə bilərdi və bacarığı daxilində bunu etdi də. Nəsibə xanım illərdir səhnədədir və onun komediya janrındakı obrazı xüsusi maraq kəsb etdi desəm, doğru olar. Aktrisanı Gənclər Teatrı dövründən bu günə kimi izləyirəm və istedadına yaxşı bələdəm. Aktrisanın yalnız teatr və kino sahəsindəki deyil, digər yenilikləri də təqdirəlayiqdir.

Elşən Hacıbabayev: Daha bir fərqli performans! Müasir, tipik bir obrazın səhnə təcəssümü!

Aktyor tamaşa boyu hər göründüyündə üzümüzdə təbəssüm yarada bildi. Obrazı tamaşanın duzu-bibəri oldu. O qədər fərqli xarakterlə qarşımıza çıxdı ki, hətta onun tezliklə yenidən səhnədə görünməsini gözləyirdik. Bu da aktyorun xarakter yaratmaq ustalığından xəbər verir.

Nurlan Süleymanlı: Açığı, bu aktyoru son zamanlar daha sıx izləmək imkanım yaranıb və düşünürəm ki, hər tamaşaya obrazı ilə yeni bir rəng qatır. Onun obrazları bir-birini təkrarlamır. Aktyor elə ilk səhnələrdən tamaşaçını ələ alır. Şirinliyi, istedadı və, əlbəttə ki, hər rola individual yanaşması ilə seçilir. Növbəti uğur göz önündədir!

Zümrüd Quliyeva: Obrazının öhdəsindən çox məharətlə gəldi. O qədər ki, tamaşanın sonunda onun qələbəsinə sevinməyə bilmədik. Aktrisa son zamanlar fərqli obrazlarda çıxış edir və bəyənilir.

Könül Əbilova: Onun da çıxışını qeyd etməsək olmaz. Aktrisa koloritli bir tipaj canlandırdı və tamaşaçıya öz üslubunda təqdim etdi. Nəticədə obrazı çox sevildi və əvvəldən sona qədər tamaşaçının maraq dairəsində qala bildi.

Venera Abbasova: Finala yaxın səhnədə görünən bu obraz məzmun baxımından bütün gedişatı dəyişir və qarşımızda yeni bir xarakter canlanır. Aktrisanı izləmək tamaşaçıya xoş gəlir. O, tədricən obrazının mahiyyətini bizə təqdim edir və bu təqdimat da olduqca maraqlıdır.
Aktyor İlhan Sadıqovun da oyunu maraq doğurdu.Gənc aktyor obrazını maraqlı tərzdə təqdim etdi.


Tamaşa absurd janrın ab-havasındadır. Hadisələr sabun fabrikinin sahibinin ətrafında cərəyan edir. Müəllif Xanım Aydın başda olmaqla, bütün yaradıcı heyət səfərbər olaraq ortaya samballı bir komediya çıxarmağa müvəffəq olmuşdur.

Biz sizin sayənizdə doyunca güldük, əyləndik, yerimizdə sakit otura bilmədik, hətta oynadıq belə!

Sayənizdə, cənablar!
Azərbaycan teatrının layiqli təmsilçiləri!


Təranə Feyzullayeva


Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR