Milli Məclisin bu gün keçirilən plenar iclasında Meşə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Yerin təki haqqında", "Tullantılar haqqında", "Heyvanlar aləmi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Tibbi sığorta haqqında", "Avtomobil yolları haqqında", "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Büdcə sistemi haqqında", "Dövlət borcu haqqında", "Gömrük tarifi haqqında", "Yaşıllıqların mühafizəsi haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Hesablama Palatası haqqında", "Dövlət satınalmaları haqqında" və "Balıqçılıq haqqında" qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri I oxunuşda qəbul edilib.
Dəyişikliklər əsasən vergi inzibatçılığının təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, kənd təsərrüfatı və ixracın təşviqi, vergi güzəştlərinin tətbiqi, eləcə də dövlət büdcəsinə daxilolmaların tənzimlənməsini əhatə edir.
Layihəyə əsasən, 2027-ci il yanvarın 1-dən aqrar məhsul istehsalçılarının əldə etdikləri gəlir və mənfəətin 90 faizinin 5 il müddətinə vergidən azad edilməsi təklif olunur. Eyni zamanda, heyvandarlıq sahəsində fəaliyyət göstərən və müvafiq informasiya sistemində qeydiyyatdan keçmiş fiziki və hüquqi şəxslərin yetişdirdikləri iribuynuzlu və xırdabuynuzlu heyvanların kəsilərək satışından əldə etdikləri gəlir və mənfəətin 50 faizinə 3 il müddətinə vergi güzəşti tətbiq edilməsi nəzərdə tutulur. Aqrar məhsul istehsalçılarına dövlət büdcəsi hesabına verilən subsidiyaların da vergidən azad edilməsi təklif olunur.
Bundan başqa, ardıcıl iki təqvim ili ərzində kiçik sahibkarlıq subyekti kimi fəaliyyət göstərən, vergi və sosial sığorta borcu olmayan, dövriyyəsi əvvəlki illə müqayisədə 30 faizdən çox azalmayan fərdi sahibkarların gəlirlərinin və hüquqi şəxslərin mənfəətinin 25 faizinin 2027-ci ildən etibarən 5 il müddətinə vergidən azad edilməsi nəzərdə tutulur. Əmək müqaviləsi olmadan işçilərin cəlb edilməsi halları aşkarlandıqda bu güzəşt tətbiq edilməyəcək.
Qanun layihəsində ixrac fəaliyyətinin təşviqi də nəzərdə tutulur. Belə ki, dövlət, neft-qaz və maliyyə sektorlarında fəaliyyət göstərən vergi ödəyiciləri istisna olmaqla, ölkə daxilində istehsal olunan məhsulların və müəyyən xidmətlərin ixracından əldə edilən gəlirlərin ixracın ümumi dövriyyədəki xüsusi çəkisinə mütənasib hissəsinə 2027-ci ildən 5 il müddətinə vergi güzəşti tətbiq edilməsi təklif olunur.
Turizm sektorunun dəstəklənməsi məqsədilə mehmanxana və sanatoriya fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların xarici turistlərə göstərdikləri xidmətlərdən əldə etdikləri gəlirlərin müəyyən hissəsinin 5 il müddətinə vergidən azad edilməsi nəzərdə tutulur. Güzəştin həcmi həmin xidmətlər üzrə dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun müəyyən ediləcək, lakin 50 faizdən çox olmayacaq.
Dəyişikliklərə əsasən, fiziki şəxs olan istehlakçılara müəyyən mal və xidmətlərin alınması zamanı yeni geriödəmə mexanizmi tətbiq ediləcək. ƏDV ödəyicisi olmayan mənfəət və ya gəlir vergisi ödəyicisi, yaxud sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərən pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınan müəyyən malların, bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlərin xidmətlərinin, həmçinin teatr tamaşası, film nümayişi, muzey ziyarəti və konsert xidmətlərinin dəyərinin nağdsız qaydada ödənilən hissəsinin 0,9 faizinin istehlakçılara qaytarılması təklif olunur.
Vergi inzibatçılığının rəqəmsallaşdırılması istiqamətində də bir sıra yeniliklər nəzərdə tutulur. Vergi orqanlarına öz informasiya sistemlərindəki məlumatlar əsasında vergi bəyannamələrini əvvəlcədən dolduraraq vergi ödəyicilərinə təqdim etmək səlahiyyəti veriləcək. Vergi ödəyicisi müəyyən edilmiş son tarixədək həmin bəyannaməyə münasibət bildirmədikdə, bəyannamə təqdim edilmiş hesab olunacaq. Eyni zamanda, vergi uçotuna alınma prosesinin sadələşdirilməsi, sənədlərin elektron formada təqdim edilməsi və vergi hesabatlarının dəqiqləşdirilməsi qaydalarının təkmilləşdirilməsi təklif edilir.
Layihədə vergi borclarının ödənilməsinə möhlət verilməsi mexanizminin yenilənməsi də əksini tapıb. Müəyyən edilmiş şərtlərə əməl olunduğu halda vergi öhdəliklərinin yerinə yetirilməsi müddətinin bir ilədək uzadılması mümkün olacaq. Borc məbləği 5 min manatdan az olduqda möhlətin avtomatlaşdırılmış qaydada verilməsi, 5 min manatdan artıq olduqda isə vergi orqanı tərəfindən müraciətə 10 iş günü ərzində baxılması nəzərdə tutulur. Borc 100 min manatdan artıq olduqda isə bank zəmanəti tələb ediləcək.
Vergi ödəyiciləri üçün maliyyə sanksiyalarının ödənilməsində də güzəşt nəzərdə tutulur. Belə ki, tətbiq edilmiş maliyyə sanksiyası vergi orqanının qərarının təqdim edildiyi vaxtdan 10 iş günü ərzində ödənildikdə, onun məbləğinin 10 faizi həcmində ödənişdən azadolma tətbiq ediləcək. Vergi borcunun gecikdirilməsinə görə hesablanan gündəlik faiz dərəcəsinin 0,1 faizdən 0,05 faizə endirilməsi, faizlərin hesablanma müddətinin isə maksimum iki il ilə məhdudlaşdırılması təklif olunur.
Bununla yanaşı, müəyyən malların istehsalı, idxalı və dövriyyəsinə nəzarətin gücləndirilməsi məqsədilə kimyəvi nişanlama mexanizminin tətbiqi nəzərdə tutulur. Kimyəvi nişanlama ilə nişanlanmalı olan malların bu tələbə əməl edilmədən və ya müəyyən edilmiş həcm nisbəti pozulmaqla istehsalı, saxlanılması, satışı və idxalı qadağan ediləcək. Tələblərin pozulmasına görə malların bazar dəyərinin bir misli, təqvim ili ərzində təkrar pozuntuya yol verildikdə isə iki misli məbləğində maliyyə sanksiyası tətbiq olunacaq. Bu sanksiyanın məbləği 5 min manatdan az olmayacaq.
Dəyişikliklər kapital bazarlarının inkişafını da əhatə edir. Rezident müəssisələrə məxsus kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhm və istiqrazların təqdim edilməsindən əldə olunan gəlirlərin 50 faizinin 2027-ci ildən 5 il müddətinə vergidən azad edilməsi təklif olunur. İstiqrazların satışından əldə edilən gəlirin müəyyənləşdirilməsi qaydası da dəqiqləşdirilir.
Meşə Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, meşə ehtiyatlarından istifadəyə görə əldə olunan bir sıra vəsaitlərin dövlət büdcəsinə köçürülməsi nəzərdə tutulur. Köküstü oduncaq və ikinci dərəcəli meşə ehtiyatlarının tədarükünə görə daxil olan vəsaitlərin, eləcə də meşə təsərrüfatına ictimai yardımların 35 faizi müvafiq dövlət orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həmin orqanın xəzinə hesabına, 65 faizi isə dövlət büdcəsinə yönəldiləcək.
Ümumilikdə, qanun layihəsi vergi sistemində inzibati prosedurların sadələşdirilməsinə, sahibkarlıq subyektlərinin və istehsalçıların dəstəklənməsinə, qeyri-neft ixracının və turizmin təşviqinə, nağdsız ödənişlərin genişləndirilməsinə, eləcə də vergi nəzarətinin gücləndirilməsinə xidmət edir.
Oxunub: 0