Mingəçevir Dövlət Universiteti (MDU) beynəlxalq ali təhsil arenasındakı mövqeyini daha da möhkəmləndirib. Universitet dünyanın nüfuzlu ali təhsil analitika şirkəti “Quacquarelli Symonds” (QS) tərəfindən aparılan “QS Stars” beynəlxalq qiymətləndirməsində böyük uğura imza atıb.
MDU “QS Stars” qiymətləndirməsində dörd əsas istiqamət üzrə ən yüksək nəticəyə — 5 ulduza (⭐⭐⭐⭐⭐) layiq görülüb:
Tədris (Teaching): Tədrisin yüksək keyfiyyəti, tələbəyönümlü akademik mühit və professor-müəllim heyətinin peşəkarlığı beynəlxalq səviyyədə maksimum qiymətləndirilib.
Yaxşı idarəetmə (Good Governance): Şəffaflıq, hesabatlılıq, strateji planlaşdırma və nəticəyönümlü müasir universitet idarəetmə modeli ən yüskək dəyəri alıb.
Müxtəliflik, bərabərlik və inklüzivlik (Diversity, Equity & Inclusion): Bütün tələbə və əməkdaşlar üçün bərabər imkanların yaradılması və əlçatan mühitin formalaşdırılması yüksək nəticə qazanıb.
Məşğulluq (Employability): Məzunların əmək bazarına inteqrasiyası, karyera imkanları və işəgötürənlərlə qurulan səmərəli əməkdaşlıq beynəlxalq səviyyədə fərqləndirilib.
İlk iştirakda böyük nailiyyət
Mingəçevir Dövlət Universiteti “QS Stars” qiymətləndirməsində ilk dəfə iştirak etməsinə baxmayaraq, ümumi nəticədə 4 ulduz (⭐⭐⭐⭐) əldə edib.
Bu nəticə ilə MDU “QS Stars” sistemində təmsil olunan Azərbaycan universitetlərinin öncül qrupları sırasında yer alıb. Eyni zamanda, regionda fəaliyyət göstərən ali təhsil müəssisələri arasında bu cür yüksək göstərici əldə etməklə keyfiyyətli təhsilin beynəlxalq standartlara cavab verdiyini bir daha sübut edib.
Universitet rəhbərliyi bu tarixi uğurun bütövlükdə MDU ailəsinin — professor-müəllim heyətinin, əməkdaşların və tələbələrin birgə zəhmətinin nəticəsi olduğunu bildirərək, əməyi keçən hər kəsə dərin minnətdarlığını ifadə edib.
"Mingəçevir Dövlət Universiteti dünyaya açılan yolda inamla irəliləyir! Universitetimiz Sizinlə böyüyəcək, Sizinlə yüksələcək!"
Oxunub: 0