dini radikalizm və ekstremizmlə mübarizə

Suraxanı Rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.


Oktyabrın 15-də Suraxanı Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, rayonun şəhid ailələrinin üzvləri, qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Müşavirə iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Müşavirə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ilə bağlı videoçarxın nümayiş olunması ilə başlayıb.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxışında cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 23-cü ildönümünü qeyd edərək, ötən dövrün ölkəmizin qüdrətinin yüksəlməsi, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə tariximizdə müstəsna yer tutduğunu vurğulayıb. Prezidentin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirdiyi vəzifələrə toxunan rayon rəhbəri davamlı inkişafın iqtisadi qüdrətlə yanaşı, milli birliyin, sağlam mənəvi mühitin və vətəndaş məsuliyyətinin gücləndirilməsini tələb etdiyini bildirib. İdeoloji təhlükəsizliyin milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi olduğunu diqqətə çatdıraraq, gənc nəslin milli kimliyinin, dünyəvi təhsilinin və azad düşüncəsinin qorunmasının vacibliyini qeyd edib. Vurğulanıb ki, qarşıya qoyulan vəzifələrin icrası konkret əməli işə çevrilməli, dövlətçiliyin və cəmiyyətin mənəvi dayaqlarının möhkəmlənməsinə xidmət etməlidir.
Müşavirədə Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, Vətən müharibəsi şəhidi Əlihüseyn Məmmədovun anası, 226 №-li tam orta ümumtəhsil məktəbinin direktoru Arzu Məmmədova, Suraxanı Əməliyyat Şirkəti, Ümumi İşlər Departamentinin direktoru Kərim Aşurov, Abil Səfərov adına 114 №-li tam orta ümumtəhsil məktəbinin direktoru Könül Hüseynova, təqaüddə olan əməkdar müəllim, Suraxanı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü Ceyran Novruzova, Vətən müharibəsinin qazisi Kənan Qaraşov məruzə ətrafında çıxış ediblər.
Çıxışlarda Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsində milli birliyin, tarixi yaddaşın və dövlətçilik ənənələrinə sədaqətin müstəsna rolu vurğulanıb. Gənc nəslin Vətən qarşısında məsuliyyət ruhunda yetişdirilməsi, təhsil və maarifləndirmə vasitəsilə cəmiyyətin mənəvi dayaqlarının gücləndirilməsi, bu istiqamətdə bütün ictimai qüvvələrin birgə fəaliyyətinin əhəmiyyəti diqqətə çatdırılıb.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR