Ankara Astananın mühüm strateji tərəfdaşıdır.
"Report"un Qazaxıstan bürosu Akordaya istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
K.J.Tokayev bildirib ki, tərəflər siyasi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələri möhkəmləndirmək barədə razılığa gəliblər. Danışıqların yekunlarına əsasən bir sıra hökumətlərarası sənədlər imzalanıb, həmçinin ikitərəfli əməkdaşlığı yeni səviyyəyə çıxarmaq məqsədi daşıyan "Əbədi dostluq və genişləndirilmiş strateji tərəfdaşlıq haqqında" Bəyannamə qəbul edilib.
Prezident bildirib ki, Qazaxıstan və Türkiyə Orta Dəhlizin gələcək inkişafı və bu sahədə bir sıra birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər.
O bildirib ki, Türkiyə Qazaxıstanın ən böyük investisiya tərəfdaşları sırasındadır. Türkiyə sahibkarları Qazaxıstan iqtisadiyyatına artıq təxminən 6 milyard dollar investisiya yatırıblar, Qazaxıstanın Türkiyə iqtisadiyyatına qoyduğu investisiyalar isə təxminən 2,5 milyard dollara çatıb. Qazaxıstanda 4 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir, Türkiyə isə respublikanın beş ən böyük ticarət tərəfdaşı sırasına daxildir. Onun sözlərinə görə, ikitərəfli ticarətin həcmi 8,8 % artaraq 5 milyard dolları ötüb.
Qazaxıstan Prezidenti vurğulayıb ki, ölkəsi türkiyəli investorlara dəstək göstərməyə hazırdır və Türkiyə şirkətlərini iri uzunmüddətli strateji layihələrdə iştirak etməyə dəvət edir.
Oxunub: 0