Kəskin respirator virus infeksiyalarından qorunmağın ən effektiv yolu peyvəndlənmədi. Qeyd edim ki, Azərbaycanda tətbiq olunan və Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə gətirilən 3 komponentli “QPM” vaksini qızılca ilə yanaşı, parotit və məxmərək kimi virus mənşəli xəstəliklərə qarşı olan bir peyvənddir.
Bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun infeksionisti Günay Əliyeva deyib.
O bildirib ki, uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar.
Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar.
Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar.
Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar.
11-40 yaşlı əhali qruplarına aid olan şəxslərə isə qızılcadan qorunmaq üçün 1 doz vaksin olunması kifayətdir.
Valideynlərin nəzərinə çatdırım ki, əgər övladlarınız peyvənd olunmayıbsa, onları riskə atmamaq üçün Səhiyyə Nazirliyinin tətbiq etdiyi peyvənd təqviminə uyğun olaraq mütləq peyvənd etdirin.
Oxunub: 641