GƏLMİŞƏM
Məndən darıxmağın, dadın soruşma,
Həsrətdən imtahan verib gəlmişəm.
Qəlbimə qırx beş il əvvəl əkdiyin,
Ayrılıq güllərin dərib gəlmişəm.
Sevgidən əziyyət çəkən biriydim ,
Vurdun, dizin-dizin durub yeridim,
Vətəndən didərgin, dərbədər idim,
İndi öz yurduma qərib gəlmişəm.
Yuxuda görmüşdüm gəlmisən bizə,
Qonaq aparmışam səni Təbrizə.
Ayılıb yuxumu deyib dənizə,
Dərdimi o tayda sərib gəlmişəm.
Sinəm dava-dalaş meydanı olub,
Çoxu bu meydanın heyranı olub,
Mən sənin eşqinin qurbanı olub,
Məcnun obrazına girib gəlmişəm.
İdrisəm, yaramı soyub dərindən,
Bezməyib həyatın qəm- kədərindən,
Hörüb misra -misra şeirlərimdən,
Qəlblərdə qalalar qurub gəlmişəm.
22.07.2023
BİLMƏSİN
Vicdan qıfılıyla bağla gözünü,
Naməhrəm görəndə "axa" bilməsin.
Güvən idrakına, güvən ağlına,
Nəfsin şimşək olub çaxa bilməsin.
Əl uzat köməksiz görəndə birin,
Etdiyin əməlin görərsən bəhrin.
Dostun zəhərini ye şirin-şirin,
Düşmənin min olsa, yıxa bilməsin.
İstəsən salamat, dinc olsun başın,
Onda tök ətəkdən şeytanın daşın.
Qoşul sevincinə dostun, qardaşın,
Səni sevməyənlər baxa bilməsin.
Hər zaman üzünə gülsün bəxt- tale,
Qəlbin təmiz olsun, əməlin saleh,
Mələklər baxanda olsunlar valeh.
Od səni yandırıb, yaxa bilməsin .
İdris, öz qınında qoy yansın ahın,
Əyilmə önündə zülmkar şahın,
Yapış ətəyindən uca Allahın,
Səni dar məzar da, sıxa bilməsin.
15.05.2023
GEDİM
Ay məni ürəkdən sevən dostlarım,
Gəlin vidalaşaq, qoy çıxım gedim.
Dünya dərddən özgə nəsə vermədi,
Verin kəfənimi pay, çıxım gedim.
Axı yaşamağın mənə nə fərqi,
Kimsə dərdi məndən alası deyil.
Yüz il yaşasam da, onsuz öləndə,
Ruhum bədənimlə qalası deyil.
Həyatı gözümdən saldılar, neynim,
Çatmır nə Tanrıya, nə "Şah"a səsim.
Allaha and olsun, doğru sözümdür,
Yoxdur yaşamağa daha həvəsim.
Getdi gözəl günlər, qədrin bilmədim,
Düşündüm hər zaman belə olacaq.
Nə bilim gün gündən qara gələcək,
Ağarmaq başımda telə qalacaq.
Yalvarıb Rəbbimə, sərvət, səadət,
Məni sevənlərə versin bol dedim.
Siz də əvəzində əl açın göyə,
Mənə arzulayın yaxşı yol, gedim.
30.08.2023.
YİYƏSİZ KƏNDƏM
Bu dünyanı dərk eyləyib duyandan,
Mərdi qəm-qüssədə, əzabda gördüm.
Neçə ara qatıb, Qan tökənləri,
Mən Turi- Sinada təvafda gördüm.
Nadanlar kürsüdə at oynadanda,
Bükülüb abrıma, susub dinmədim.
Nə qədər əziyyət çəksəm də, yenə,
Getdiyim haqq yoldan bezib dönmədim.
Dedilər qırılmaz, üzülsə də haqq,
Dözürəm, yollara dikib gözümü,
Bəlkə doğrudan da, gələcək bir gün,
Qəbul edəcəklər mənim sözümü.
Bircə təsəllim var, Allah yanında,
Günahım zərrədir, savabım "dağ"dır.
Həm ata- anamın, həm dost yanında,
Alnım açıq- aydın, üzüm də ağdır.
İdrisəm, düşmənə zəhərdən acı,
Dosta baldan şirin, şəkərəm, qəndəm.
Mən şeir yazanda bütöv bir Vətən,
Haqq tələb edəndə, yiyəsiz kəndəm.
27.08.2023
QULAĞI VAR YERİN DƏ
(Qocalıqdan gileylənən dostuma)
Qocalıqdan az gileylən, az danış,
Gözdən salma qocalığı belə sən.
Qocalıqdır aqillərin baş tacı.
Gəl, Allahdan can sağlığı dilə, sən..
Ruh bədəndən, bədən ruhdan gileyli,
Doğru kimdir, yalan kimdir, bilən yox.
Şəhidliyi zirvə sayan məmurun,
Dörd oğlundan bir nəfəri ölən yox.
Şəhid də biz, qazi də biz, ac da biz,
Bəla gəlsə Göydən yerə, bizimki.
Şükür olsun dözüm verib Yaradan,
Söylə niyə qocalıqdan bezim ki?
Ac olsaq da, kişiyik biz, mərdik biz,
Vicdanımız, qeyrətimiz yerində.
Bir gün qalib gələcəyik bu zülmə,
Yavaş danış, qulağı var Yerin də.
İdris, uyma hər deyilən yalana,
Gün gələcək qurulacaq tərəzi.
Zülümkardan gördüyümüz zülümün,
Savab ilə ödənəcək əvəzi.
23.08.23
BƏYƏM DƏRDİMİZ AZDIR..?
Sevməyə nə var, gülüm, bir baxış bəs eylədi,
Bu gün məktub göndərdim, o biri gün görüşdük.
Gecələri ay ilə, ulduz ilə keçirib,
Danışıb deyib güldük, dərdimizi bölüşdük.
Hər gün bir ağac altı, ya da ki, bulaq yolu,
Oldu görüş yerimiz, xatirələr ünvanı.
Hər ötən gün tarixə, yazıldı sətir-sətir,
Heç unutmaq olarmı, söylə, belə dastanı..?
İki çətin iş varsa, biri unutmaqdır, bil,
Mən onu bacarmaram, telindən assan məni.
Sevməklə unutmağın fərqi yerdən göyəcən.
Zənn etmə unudursan, beləcə asan məni.
Unutmaq sevmək deyil, bircə anda baş tuta,
Unutmaqçün gərəkdir, calana illər, ilə,
Darıxmaqdan bezəsən, sevmək yadından itə,
Silinə xatirələr düşməyə dildən-dilə.
Unutmaq bir imtahan, olmayıb ondan hələ,
Kimsə beş qiymət alıb, alqışlara qərq ola.
Gəl əl götür bu işdən, bəyəm dərdimiz azdır,
Bizə bir -birimizi unutmaq da dərd ola.?
17.08.2023.
Oxunub: 350