Çin azərbaycanlı turistlərin ölkəyə girişini sadələşdirməyə çalışır.
Bunu Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao bu gün keçirdiyi mətbuat konfransında bildirib.
O xatırladıb ki, hazırda Pekin, Bakı və Urumçi arasında həftədə 5 dəfə uçuşlar həyata keçirilir.
"Biz "Azərbaycan Hava Yolları"nın Çinə reyslərin sayını artırmaq səylərini tam dəstəkləyirik. Bu ilin iyul ayında Azərbaycan Çin vətəndaşları üçün birtərəfli qaydada bir illik vizasız rejim tətbiq edib ki, nəticədə Çindən gələn turistlərin sayı iki dəfədən çox artıb", - müvəqqəti işlər vəkili bildirib.
Onun sözlərinə görə, Azərbaycanda Çin dilini öyrənənlərin sayı təxminən 8000 nəfərdir.
"Pekin Universiteti, Çinxua Universiteti və Pekin Xarici Dillər Universiteti kimi nüfuzlu Çin universitetlərində Azərbaycan dili tədris olunur", - D.Tao əlavə edib.
Oxunub: 13