dini radikalizm və ekstremizmlə mübarizə

Nəcibə İlkinin söz dünyasından incilər


Bir günahlı günahsızam

Yaman dolmuşam bu gecə
Ürəyimdən qan verirəm.
Əllərimi açıb göyə
Həsrətimə can verirəm.

Bir günahlı günahsızam,
İpə-sapa yatammıram.
Özümə necə qansızam,
Günahıma batammıram.

Bu eşqin əlindən tutub,
Uşaqlığa qayıdıram.
Şirin-şirin xəyalları
Misra-misra oyadıram.

Yaza bilmədiklərimi
Unudulmuş hiss edirəm.
Qu quşu tək son nəğməmi,
Sənə oxuyub gedirəm.

Əllərimdə ümid yeri,
Qəlbimdə güman azalır.
Bilmirəm bu həsrət niyə,
Yollarını məndən salır.

Bəlkə arada gözlərin,
Dola dolmaya nəbilim.
Həsrətim yuxuya gedib,
Yum gözünü indi gəlim.

Duyğuların qanadıyam

Buz bağlayan yollarını,
Nəfəsimlə əridəydim.
Bu ağlayan sevdamızı,
Gücüm çata, kiridəydim.

Bir dünyalıq can oduyam,
Duyğuların qanadıyam,
Mən sevginin öz adıyam,
Göydə sevib, yerə dəydim.

Yaz dərdimi, yaz aramla,
Nə yaşayım bu yaramla,
Vüsalımı damla-damla,
Ürəyinə yeridəydim.

Özümüzə tale yazdıq

Üzülməyən sevgimizin,
ürəyini niyə üzdük?!
Özümüz də heç bilmədən,
Yolumuzu tərsə düzdük.

Yol gözləyən izimizin,
Dedik həsrət, kədər bizim,
Şirin dadan sevgimizin,
Badəsinıə acı süzdük.

Kim uduzub, kim nə udub,
Şirin anları unudub,
Fələyin əlindən tutub,
Özümüzə tale yazdıq..

AY ÖMRÜMÜ ALAN ADAM

Ömrümün birçək vaxtıdı,
Yaşımın çiçək vaxtıdı,
Sevgimin ləçək vaxtıdı,
Ay ömrümü alan adam.

Ürəyimlə məzələndim,
Eşqim üçün çox ələndim,
Bu sevgim üçün diləndim,
Ay ömrümü alan adam.

Nə olum həvəsim qalıb,
Nə ölüm həvəsim qalıb,
Səndən özgə kimsəm qalıb?
Ay ömrümü alan adam.

Qış bəxtimə xoş kimiyəm,
Bir az əliboş kimiyəm,
Öz ömrümə bir günüyəm,
Ay ömrümü alan adam.

Gündüzümün gözü qara,
Can kəlməmin üzü qara,
Kəfən adlı bezim qara,
Ay ömrümü alan adam.

Ata yurdum

Nə vaxt gedirəmsə ata yurduma
Məni kədər qovur, qəm qucaqlayır.
Bir ata harayı, qardaş nisgili
Açır qollarını məni haqlayır.

Nə atam hay verir, çıxır qarşıma,
Nə də ki, qardaşım ötürür məni.
Ələnir dünyanın qarı başıma,
Zaman damla-damla əridir məni.

Atamın əkdiyi bar ağacları,
Ayrılıdan için-için qovrulur.
Quruyub gilənar, nar ağacları,
Elə bil həsərətən külü sovrulur.

Körpə ağacların körpə budağı,
Qardaş salamını yetirir mənə.
Qəfil dolu vurmuş solan yarpağı
Kövrəlib öpürəm mən dönə-dönə.

Beləcə, gəzirəm bağı-bağçanı,
Həsrətin dumanı çöküb hər şeyə,
Itib səliqəsi, itib səhmanı,
Atamın əlləri dəyməyir deyə.

BƏLALI EŞQİN

Eh...mənim ömrümü yarı eylədi,
Utancaq, ismətli, həyalı eşqin.
Ağardıb saçımı, qarı eylədi,
Sənin daş ürəkli, qayalı eşqin.

Saldı, körpü saldı, könlüm evinə,
Hicranı qoymadı vüsalım dinə,
Düşüb gözlərimin dəli sehrinə,
Oxlayır qəlbimi bəlalı eşqin.

Sinir ürəyimə dərd boxçasıyla,
Könlümü oxşayır xoş baxışıyla,
Bir rəssam əlinin qəm fırçasıyla,
Min yol naxışlayır boyalı eşqin.

Sevda bağçasında səfil eyləyib,
Məni Leyli kimi o kül eyləyib,
Hər nə eyləyibsə qəfil eyləyib,
Düşübdü bəxtimə sayalı eşqin.

Oxunub: 415
Oxşar xəbərlər
SON XƏBƏRLƏR