dini radikalizm və ekstremizmlə mübarizə

Laçın dəhlizində ayaq səsləri: “Qisas” qiyamətə qalmır - NƏ BAŞ VERİR?

Laçın dəhlizində ayaq səsləri: “Qisas” qiyamətə qalmır - NƏ BAŞ VERİR?


Avqustun 25-dək Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçəcək. Laçın dəhlizi funksiyasını isə yeni inşa edilən alternativ yol icra edəcək.

Ermənilər müxtəlif bəhanələrlə prosesi uzatmağa cəhdlər göstərsələr də, Azərbaycan tərəfinin təzyiqləri, avqustun əvvəlində keçirilən “Qisas” əməliyyatı məsələni uzatmağın mənasız olduğunu göstərdi.

Artıq Laçın şəhərində və Zabux, Sus kəndlərində qeyri-qanuni məskunlaşdırılmış ermənilər ərazidən köçürlər. Onlar ənənələrinə sadiq qalaraq çıxarkən evləri yandırır, ağaclara od vururlar. Bütün hallarda isə reallığı dərk edirlər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə avqustun sonunadək Laçın şəhərinin, rayonun Zabux və Sus kəndlərinin ölkəmizin nəzarəti altına keçəcəyini bildirdi. Ölkə başçısı qeyd etdi ki, azərbaycanlıların doğma torpağı Laçına qayıdışının təmini üçün artıq göstəriş verilib.

Bölgədə sülhməramlı missiyanı həyata keçirən Rusiya hərbi kontingenti də dəhlizə alternativ olan yeni yolda postlarını yerləşdirəcəklər. Azərbaycan Ordusunun vəzifəli şəxsləri qarşısında isə Laçın şəhərindən yan keçən yeni yolun istismara verilməsindən irəli gələn məsələlərin həlli ilə bağlı konkret tapşırıqlar qoyulub. Bu tapşırıqları müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 13-də Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirdə çatdırıb.

Laçının Azərbaycanın nəzarətinə keçməsi prosesində yeni gərginliyin yaranacağını ehtimal edənlər də var. Bəzi ekspertlər bildirirlər ki, Laçından çıxmaq istəməyən, daha doğrusu, təxribat məqsədli əməllər törətmək istəyənlər hansısa insidentin yaranmasına cəhd göstərə bilərlər.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, politoloq Fuad Çıraqov isə hansısa gərginliyin yaranacağını gözləmir. O, AYNA-ya şərhində deyib ki, ermənilərə Laçını tərk etmək üçün vaxt verilib və o vaxtadək ərazi boşaldılacaq, Azərbaycana təhvil veriləcək.

“Bu zamandan səmərəli istifadə etməlidirlər. Biz görürük ki, Laçında qeyri-qanuni məskunlaşdırılmış ermənilər ərazilərimizi tərk edirlər. Düzdür, onlar xislətlərindən qalmırlar, evləri yandırırlar. Amma dərk edirlər ki, Azərbaycan ərazilərini tərk etməlidirlər”, - deyə həmsöhbətimiz bildirib.

Analitik qeyd edib ki, ermənilər hansısa təxribat törədərlərsə, bunun cavabı olacaq: “Prezident İlham Əliyev “Qisas” əməliyyatı barədə danışarkən erməni separatçılarına bir daha xəbərdarlıq etdi. Necə deyərlər, “Qisas” əməliyyatı onlara yeni dərs oldu”.

Çıraqov xatırladıb ki, Azərbaycan lideri son çıxışında erməni separatçılarına, revanşistlərə və onları xaricdə himayə edən qüvvələrə mesaj verib: “Cənab Prezident bir daha dedi ki, Azərbaycanın mövqeyi dəyişməzdir, qətidir. Hansısa təxribatlar, təzyiqlər Azərbaycanı mövqeyindən geri çəkə bilməz. Azərbaycan regionda sülhün, əmin-amanlığın bərpasını istəyir və bu istiqamətdə çalışır. Ermənilər sülh istəyirlərsə, buna onlar da çalışmalıdırlar. Yenidən gərginlik onlara müsbət heç nə vermir”. Dia.az-ın məlumatına görə, Siyasi Menecment İnstitutunun rəhbəri, politoloq Azər Qasımlı isə AYNA-ya açıqlamasında diqqətə çatdırıb ki, Laçın şəhərindən və dəhliz boyu kəndlərdən ermənilərin çıxması 10 noyabr Üçtərəfli Birgə Bəyanatda qeyd edilib: “Buna uyğun da addımlar atılır. Proses üç il müddətində nəzərdə tutulmuşdu. Yəni alternativ yolun inşası başa çatandan sonra Laçın Azərbaycana təhvil verilməli idi. Alternativ yolun tikintisi bir qədər tez başa çatıb və hazırdır”.

“İndi Bəyanatda göstərilən kimi, dəhliz yeni yola köçürülür. Burada qeyri-adi nəsə yoxdur. Yeni yolda Rusiya sülhməramlı kontingentinin postları qurulacaq, ermənilər Ermənistandan Xankəndiyə o yolla gedib-gələcəklər”, - deyə müsahibimiz söyləyib.

“Məsələ burasındadır ki, Qarabağdakı qeyri-qanuni silahlı erməni birləşmələri Rusiya nə deyirsə, onu da edəcəklər. Düzdür, bəzən cızıqlarından çıxa bilərlər, hansısa təxribatlar törədə bilərlər. Ümumilikdə isə Kremldən hansı tapşırıq gəlirsə, terrorçu qruplar da onu həyata keçirirlər, bundan sonra da bu istiqamətdə addım atacaqlar”, - deyə Qasımlı vurğulayıb.

Əlavə edib ki, əsas olan ermənilərin Qarabağda qalması və ya getməsi məsələsi deyil: “Hesab edirəm ki, problem Qarabağda Rusiya hərbi kontingentinin olmasıdır. Bəzən fikirlər səslənir ki, Azərbaycan müharibə etməlidir, Üçüncü Qarabağ müharibəsi baş verməlidir və s. Bu, düzgün yanaşma deyil. Ordumuz gedib Qarabağdakı rus kontingentinə atəş açsın? Xankəndi faktiki olaraq Rusiyanın əlindədir. Rusiyanın məqsədi o idi ki, hərbçilərini Azərbaycan ərazisində yerləşdirsin. Buna da nail olub. Düşünürəm ki, hansısa gərginlik yaranırsa, bu, Ermənistan yox, daha çox Rusiya tərəfindən yaradılır. Ermənistan hansı güclə gərginlik yarada bilər?! Onların elə bir gücü yoxdur. Düşünürəm ki, Azərbaycan məsələləri Rusiya ilə aydınlaşdırmalı, rəsmi Bakı Moskva ilə danışıqlar aparmalıdır”.

Oxunub: 304
Oxşar xəbərlər
SON XƏBƏRLƏR