dini radikalizm və ekstremizmlə mübarizə

ÖMRÜNU ÖMÜRLƏRƏ PAYLAYAN PEDAQOQ


ÖMRÜNU ÖMÜRLƏRƏ PAYLAYAN PEDAQOQ

Sevimli müəllimim Rəhilə Rəşidovanın yubileyinə həsr edirəm

"Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir". Müəllim haqqında fikirlərimi ümummilli lider Heydər Əliyevin bu müdrik kəlamı ilə başlamaq istərdim.
Ömrünü şam kimi şagirdlərinin yolunda gilə-gilə əridən, onların parlaq gələcəyi naminə həvəslə çalışan və ömründən ömürlərə pay verən, qəlblərə nur çiləyən müəllim! Müəllim ömrü elə bir ömürdür ki, gözlərinin nurunu, ürəyinin hərarətini təmənnasız olaraq şagirdləri ilə paylaşır, onların gələcək həyat yollarında nurlu mayaka çevrilir. Çəkdiyi zəhmətin bəhrəsini gördükcə, sevimli şagirdlərinin xoş sorağını aldıqca qəlbi fərəhlənir, ürəyi qürurla dolur.
İnsanın müəllimləri haqda yazmağı həmişə çətindir. Təkcə ona görə yox ki, şagird üçün öyrədəni barədə söz demək böyük məsuliyyət tələb edir. Həm də ona görə ki, müəlliminə qarşı duyduğun minnətdarlıq hissini ifadə etmək istədiyin kəlmələr həmişə yetərsiz görünür. Əslində, belə də olmalıdır. Çünki müəllim adı hər cür təşbehdən yüksəkdə dayanır. Mən də bu gün hər cür süni bənzətmələrdən uzaq sadə sözlərlə müəllimlərimdən biri haqqında danışacağam. Bu günlərdə 65-cı ilini başa vurduğu ömrünün az qala 41 ilini müəllimliyə, gələcəyin qurucularına xərcləyən Rəhilə xanım haqqında düşüncələrimi bölüşməyə çalışacağam.
Öncə deyim ki, müəllim cəmiyyət quruculuğunun mənəvi, əvəzolunmaz memarıdır. Müəllim ömrünü bir kainata da bənzətmək olar. Ömrünü, beynini, ruhunu elmi-əxlaqi biliklərlə qidalandırdığı, əlinə qələm verdiyi şagirdləri isə bu kainatın kiçik zərrələridir.
"Yaxşı müəllim nə deməkdir?" sualına məhşur pedaqoq V.A.Suxomlinski belə cavab vermişdir: "Yaxşı müəllim tədris etdiyi fənnin elmini yaxşı bilir, həvəslə onun inkişaf üfüqlərini - yeni kəşfləri, tədqiqatları, nailiyyətləri izləyir. Yaxşı müəllim orta məktəbin tədris proqramında nəzərdə tutulanlardan daha çox bilir. Dərin bilik, geniş dünya görüşü şagirdlər qarşısında elmin, biliyin, fənnin, tədris prosesinin cəzbedici qüvvəsini aça bilmək üçün vacibdir. Şagirdlər müəllimin simasında ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun bir insan görməlidirlər... Yaxşı müəllim psixologiya və pedaqogika elmlərini bilən, tərbiyə haqqında elmləri bilmədən uşaqlarla işləməyin mümkünsüzlüyünü hiss edən insan olmalıdır".
Müəllim həmişə olduğu kimi, bu gün də cəmiyyətimizin nüfuzlu şəxsi hesab olunur. Müəllimə xalq arasında böyük hörmət və ehtiram var və gələcəkdə də belə olacaq. Heç bir müasir təhsil texnologiyası onun əməyini əvəz edə bilməz. Amma cəmiyyət müəllimə borclu olduğu kimi, müəllim də cəmiyyət qarşısında öz borcunu, məsuliyyətini hiss etməlidir.
Heç şübhəsiz ki, müstəqil Azərbaycanımızın müəllimlər ordusu xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edəcək, xalqımıza layiq vətəndaşların yetişdirilməsində öz xidmətlərini əsirgəməyəcəklər.
Qeyd etdiyim kimi, ömrünü balaların savadlanmasına hərs edən müəllimlərdən biri də Rəhilə Nuru qızı Rəşidovadır. Mən öz müəllimimi yaxşı tanıdığım üçün oxucularımıza da örnək olaraq təqdim etmək istəyirəm.

ÖMÜRNAMƏSİNDƏN SƏTİRLƏR: Rəhilə Rəşidova 1964-cü ildə Bakının Əmircan kəndindəki orta məktəbin 1-ci sinfinə gedib. Müəyyən səbəblərdən ailələri şəhərə köçdüyü üçün dərsini Nəsimi rayonunda davam etdirib, 9 nömrəli orta məktəbin 2-ci sinfində oxumağa başlayıb. İbtidai sinifdə “Azərbaycanın Əməkdar müəllimi” mərhum Roza Mehdiyevanın sevimli şagirdlərindən biri olub. Rə.Rəşidova yuxarı siniflərə keçdikcə həyatı dərk etməyə, müxtəlif fənnləri öyrənməyə başlayıb. Bunlardan biri də xarici dil olub. Xarici dil müəllimi Gülnaz Novruzovadan alman dilinin sirrlərini əxz etməyə çalışıb. Hər iki qabaqcıl müəllimi ehtiramla xatırlayan Rəhilə xanım deyir ki, Gülnaz xanımın özünü onlara sevdirməsi onun bu sahəyə getməsinə səbəb olub. Amma bu, evdə valideynlərinin ürəyincə olmayıb. Bir müddət sonra valideynlərinin razılığını alan Rəhilə xanım ürəklənib, bu fənni daha çox mənimsəməyə başlayıb.
Orta təhsil illərində nümunəvi və fəal şagird kimi həmyaşıdları arasında seçilib, təşkilatçılığına görə örnək olub. Məktəbdə keçirilən olimpiadalarda iştirak edib. Beləliklə, 1974-cü ildə Nəsimi rayonundakı 9 nömrəli orta məktəbi tərifnamə ilə bitirib və 1975-ci ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna daxil olub, alman-ingilis dili ixtisası üzrə təhsilini davam etdirib.
Təhsil illərində tələbələrin fəallıqlarını artırmaq üçün onları müxtəlif inşaat briqadalarına göndərirdilər. Rəhilə xanımın da qisməti 75 nəfərlik qızdan ibarət dəstəyə rəhbərlik olur. Krasnodarda tələbə-inşaat dəstəsinin rəhbəri kimi o, fəallığını, əzmkarlığını, bacarığını göstərir. O dövrlərdə partiya və komsomol təltifləri tələbələr üçün xüsusi önəm kəsb edirdi. 1977-ci ildə Azərbaycan LKGİ MK Rəhilə Rəşidovanın bu bacarığını, təşkilatçılıq qabiliyyətini Fəxri Fərmanla mükafatlandırır. Beləliklə, 1981-ci ilə ali təhsil illəri arxada qalır. İngilis dili müəllimi Rəhilə Rəşidova o dövrün tələblərinə uyğun olaraq təyinatla İsmayıllı rayonunun Basqal kəndinə işləməyə göndərilir. Basqalda çalışdığı 3 il müddətində özünü həm şagirdlərə, həm kollektivə, dərs dediyi şagirdlərin valideynlərinə sevdirə bilir, xarici dil mütəxəssisi kimi kənd sakinləri onun qalıb işləməsini istəsələr də, bu, müəyyən səbəblərdən mümkünsüz olur. Odur ki, sonrakı pedaqoji fəaliyyətini xarici dil müəllimi kimi 1984-cü ildə Bakının Maştağa qəsəbəsindəki 1 nömrəli internat məktəbində davam etdirir. Rəhilə xanım eyni zamanda Müəllimləri Təkmilləşdirmə İnstitutunda ixtisasının dəyişdirilməsinə nail olur. Bu gün də həmin internat məktəbində ibtidai sinif müəllimi işləyir.
Çoxlu yetirməsi universitet və kolleclərdə təhsil alır, vaxtilə yetirşdirdiyi şagirdlərin çoxu müxtəlif təşkilatlarda vəzifələrdə çalışır.
Rəhilə xanımın təhsillə, həyatla bağlı maraqlı fikirləri var:
- İsmayıllı rayonunun Basqal kəndinə xarici dil müəllimi kimi təyinat alanda mən yalnız əlinə yeni diplom almış təcrübəsiz, müəllimlik peşəsinin sirlərinə nabələd bir gənc idim. Ancaq bu peşəyə böyük həvəsim var idi. Onu da qeyd edim ki, o vaxtlar Basqal kənd orta məktəbi nüfuzlu təhsil ocaqlarından biriydi. Təsəvvür edin, böyük məktəbdə alman dili müəllimi təkcə mən idim. Hər gün məktəbə gedər, uşaqlara alman dilinin sirlərini öyrədər, yorğun olsam da, böyük sevinclə evə qayıdardım. Ona görə sevinirdim ki, Allah müəllimlik kimi böyük zirvəni fəth etməyə başlamağa mənə izin verdi, mənim də şagirdlərim var. Onlara dərs deyir, müəllimlərimin mənə öyrətdiklərini onlara aşılaya bilirəm. Bir də ona görə sevinirdim ki, mən həm öyrədən, həm də öyrənənəm. Yəni özüm öyrətməklə bərabər, həm də öyrənirəm.
“Bu günün müəllimi necə olmalıdır?” sualının cavabında Rəhilə Rəşidova özünəməxsus şəkildə belə deyir: - Müəllim, hər şeydən əvvəl, özü olmalıdır. Hər bir şagirdinin qayğısı, problemləri, mənəvi dünyası ilə maraqlanmalı, yaxşı oxumayan, dərslərindən geri qalan şagirdinin gələcəyindən narahatlıq keçirən, həmin şagirdin üstündə yarpaq kimi əsən adam olmalıdır. Tez qavrayan şagirdi öyrətmək elə bir güclü bacarıq tələb etmir. Əsas odur ki, geridə qalanları ön sıralara çıxara biləsən. Kənddə işləyəndə belə hallarla çox rastlaşmışam. Əsl müəllim şagirdinə gələcək həyat yolunda qarşılaşacağı çətinlikləri, maneələrdən necə qurtulmağı göstərən adamdır. Əsl müəllim özü şam kimi yanıb bitsə belə, nurunu, əməyini, alın tərini, aylarını, illərini şagirdlərindən əsirgəməyən peşə sahibidir. Şagirdlərin gözü tərəzidir. Yaxşını-pisi tez seçir. Ona görə də müəllim evdə də müəllim olmalıdır, yolda da, el içində də, dərsdə də. Müəllim bilikli, yenilikçi, daim öyrənən, dövrlə ayaqlaşan adam olmalıdır.
Rəhilə xanım onu da deyir ki, bu müqəddəs peşəni seçməyimə heç də peşman deyiləm. Müəllim işlədiyim illər ərzində – hər dəfə sinfə girib şagirdlərimin mənə zillənən baxışlarını gördükdə bu peşənin şərəfini, məsuliyyətini daha çox dərk etmişəm. Unutmamışam ki, yetişdirdiyim hər bir şagird qiymətli xəzinədir, gələcəkdə xalqımıza xeyir verəcək layiqli vətəndaşdır. Müəllimlik çətin peşədir. Amma bir şagirdin qazandığı uğur çəkilən bütün əziyyətləri bir anda silir, yerini xoş bir məmnunluq, sevinc hissi tutur. Mən də çalışmışam ki, tədris etdiyim fənnin elmini yaxşı bilim.
R.Rəşidova onu da söyləyir ki, yaxşı müəllim şagirdlərinin mənəvi dünyasının memarı olmalı, hər gün mütaliə etməli, dünyada baş verən yeniliklərdən agah olmalı və bundan nəticə çıxarmalı, şagirdləri tənbeh edərkən də, tərifləyərkən də əndazəni aşmamalıdır. Bir məsələni də yaddan çıxarmaq olmaz ki, əgər müəllim dərsdə özünü bir cür, dərsdən sonra başqa cür aparırsa, şagirdin də ona inamı azalar. Ona görə də müəllim hər yerdə özünü müəllim kimi, əsl öyrədən kimi aparmalıdır. Biz belə öyrənmişik, belə görmüşük.
Bir yetirməsi kimi, bu gün də əlaqələrimiz var, qarşılıqlı olaraq bir-birimizin uğurlarına sevinirik. Bu günlərdə eşitdim ki, sevimli müəllimimin yubileyidir. İstədim mən də öyrədənimi bu qeydlərimlə təbrik edim, ona cansağlığı və qarşıdakı illərdə daha böyük pedaqoji uğurlar arzulayım.

Ən parlaq ulduzdu, nur saçan aydı,
Dalğalı dənizdi, ləpəli çaydı,
Ömrü ömürlərə paylanan paydı,
Safdı, müqəddəsdi müəllim ömrü.

Daşdəmir ƏJDƏROĞLU

Oxşar xəbərlər
SON XƏBƏRLƏR