Məkrli ermənilər 1988-ci ildən etibarən Azərbaycanın Qarabağ torpağına qarşı ardıcıl olaraq separatizm, zorakılıq, işğalçılıq siyasəti yürütməyə başladılar. Onlar havadarlarının siyasi və hərbi yardımı ilə Qarabağda üstünlük əldə edərək ətraf rayonların işğalı planını həyata keçirməyə başladılar. Ermənistan Qarabağ və ətrafındakı 7 rayonu - Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarını işğal etdi. 1990-cı illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanda 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətində, vaqonlarda, düşərgələrdə, digər müvəqqəti yaşayış məskənlərində çox çətin şəraitdə yaşamağa məcbur olublar. Bununla əlaqədar BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul etdi. Lakin Ermənistan BMT-nin qətnaməsini yerinə yetirmədi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Təhsil İnstitutunun Elmi-Pedaqoji Tədqiqatlar Mərkəzinin şöbə müdiri Piralı Əliyev söyləyib. O bildirib ki, ulu öndər Heydər Əliyev beynəlxalq təşkilatlarla, dövlətlərlə, ATƏT-in Minsk qrupunun üzvlərilə Qarabağın işğaldan azad olunması problemi ilə əlaqədar siyasi-diplomatik danışıqlar aparmaqla yanaşı, köçkünlərin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün sosial işlərin həyata keçirilməsinə xüsusi diqqət yetirdi. Milli ordu quruculuğunun möhkəmlənməsinə, kadr potensialının güclənməsinə qayğı göstərdi. Dünyaya Qarabağ həqiqətlərinin çatdırılmasında sistemli işlərin həyata keçirilməsinə nail oldu.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev 2003-cü ildən Qarabağ probleminin həlli üçün hər gün bu sahədə məqsədyönlü işlərin tətbiqinə çalışdı. Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığının, hərbi-taktiki və fiziki-psixoloji hazırlığının yüksəldilməsinə nail oldu. Ordumuzu modernləşdirdi, onları inkişaf etmiş ölkələrdə olan son silahlarla təmin etdi. Əsgər və zabitlərin sosial yaşayış səviyyəsinin yüksəldilməsi üçün tədbirlər gördü. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün təhsil müəssisələri qarşısında vəzifələr qoydu. Qarabağdan köçkün düşənlər üçün qəsəbələr saldırdı, evlər inşa etdirdi, onların hər cür qayğıdan azad olunmasına yardım göstərdi.
Prezident İlham Əliyev Azərbaycan torpaqlarından Ermənistan silahlı qüvvələrinin çıxarılmasını nəzərdə tutan qərarların icra olunması üçün müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli diplomatik danışıqlar apardı, lakin bu işin heç bir müsbət nəticəsi olmadı. Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” deməsi, 2019-cu ildə Ermənistanın müdafiə naziri David Tonoyanın “yeni torpaqlar üçün yeni müharibə” deməsi və 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində əlverişli mövqelərimizi ələ keçirmək üçün hücuma keçməsi və məğlub olması göstərdi ki, düşmən işğalçılıq siyasətini aqressiv şəkildə davam etdirir, torpaqlarımızı işğaldan azad etmək fikri yoxdur.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq bütün sərhədboyu Azərbaycan əhalisini və torpaqlarını atəşə tutmaqla ərazilərimizə hücum etdi. Azərbaycan Silahlı Qüvvələri erməni təxribatının qarşısını almaq üçün əks-hücum əməliyyatına başladı və respublika ərazisində hərbi vəziyyət elan olundu. Ermənistan silahlı qüvvələri döyüş bölgəsindən uzaqda yerləşən Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Füzuli kimi rayonlarda qadağan olunmuş silahlardan istifadə edərək mülki əhalini atəşə tutdu. Azərbaycanın vətənpərvər, cəsur, mərd, mübariz oğlanları rayonlarda fəaliyyət göstərən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısında növbəyə duraraq müharibəyə könüllü yollanmaq üçün ərizə verdilər. İşğalla barışa bilməyən insanlar çox böyük coşqu ilə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin çağırışına cavab verdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, gənclərimiz böyük əzmkarlıqla döyüşürdülər. Torpaqlarımızın 30 ilə yaxın işğalı zamanı mənfur qonşularımız ancaq istehkam düzəltməklə, ərazilərimizi minalamaqla məşğul olublar. Relyef baxımından da onlar hündürlükdə yerləşirdilər, bizim yerimiz isə düzənlik idi. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin hazırladığı taktika döyüşün xeyrimizə həll olunmasına kömək etdi. Hər gün özünün tviter səhifəsində xalqa qələbə sevincini bəxş edən Prezident, xarici ölkələrin mətbuatına müsahibə verməklə məsələnin mahiyyətini dünyaya çatdırırdı.
Döyüşçülərimiz 2020-ci ilin oktyabrında Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını və Şuşanı işğalçılardan azad etdilər. Noyabrın 9-da imzalanmış üçtərəfli Bəyanata (Azərbaycan, Rusiya və Ermənistan) əsasən Ağdam, Kəlbəcər və Laçından düşmən qoşunları çıxarıldı.
44 günlük Vətən müharibəsi zamanı 2907 nəfər şəhid olub, 7 nəfər itkin düşüb, Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib.
Vətən müharibəsinin, ordumuzun qəhrəmanlığının ən yaxşı qiymətini Prezident İlham Əliyev 2021-ci il avqustun 14-də “CNN Türk” televiziya kanalına müsahibə zamanı verib: “Bəli, əlbəttə, çox çətin bir şəraitdə. Siz indi gedib görəcəksiniz. Onlar altı xətt istehkam qurmuşdular, müdafiə zolağı qurmuşdular və oranı keçmək böyük məharət, qəhrəmanlıq tələb edirdi. Bizim hərbçilərimiz ölümə gedirdilər. Eyni zamanda, o bölgənin coğrafiyası, relyefi də onlar üçün əlverişli idi. Çünki onlar dağlarda yerləşmişdilər, bütün yüksəklikləri götürmüşdülər, biz isə aşağıdan getməli idik. İndi siz Şuşaya da gedəcəksiniz, görəcəksiniz ki, Şuşanın alınması bir möcüzə sayılır”.
Müsahibimiz vurğulayıb ki, Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 27 sentyabr Anım Günü kimi təsis edilib. Bu gün bizim üçün əbədi olaraq əhəmiyyət kəsb edəcək. Çünki torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı şanlı Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.
“Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsi hər zaman dərin ehtiramla anılacaq və yad ediləcək.
Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü bərpa edən şəhidlərimizin həyatı gənclər üçün bir örnəkdir. Onlar bizim qəlbimizdə əbədi bir məşəl yandırıblar. Allah bütün şəhidlərimizə, o cümlədən Birinci Qarabağ müharibəsində şəhid olmuş qardaşım Gülalı Əliyevə rəhmət eləsin!”, - deyə Piralı Əliyev fikrini yekunlaşdırıb.
Oxunub: 457