dini radikalizm və ekstremizmlə mübarizə

05 Mart - Bədən tərbiyəsi və idman günüdür!


"İdman insanları həm fiziki, həm də mənəvi cəhətdən yüksəldən bir vasitədir”
Heydər Əliyev.

Azərbaycanda bədən tərbiyəsi və idmanın tarixi çox qədimdir və xalqın mədəniyyəti ilə sıx bağlıdır. Azərbaycan folklorunda igidlərin oxatma, atçapma, güləş və digər xalq oyunlarında göstərdikləri şücaət və qəhrəmanlıqlar tərənnüm olunmuşdur. Qobustan qayaüstü rəsmlərində qədim insanın müxtəlif fiziki hərəkətlərinin əyani təsviri Azərbaycanda idmanın uzaq tarixindən xəbər verir.
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 28 dekabr 1998 - ci il tarixli Fərmanı ilə qüvvəyə minmişdir. Qanunda bədən tərbiyəsi və idman təşkilatlarının fəaliyyətinin hüquqi, təşkilati, iqtisadi və sosial əsasları təsbit olunmuş, bədən tərbiyəsi və idman sahəsində Azərbaycan Respublikasında dövlət siyasətinin prinsipləri müəyyən edilmişdir. 2006 - cı ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi üçün öz səlahiyyətləri daxilində lazımi tədbirlər görür.
2000 - ci ildən başlayaraq Azərbaycan Respublikasında bir-birinin ardınca müasir idman kompleksləri tikilib istifadəyə verilmişdir. Dövlətin idmana böyük qayğısının daha bir təzahürü olan bu sağlamlıq mərkəzlərinin əksəriyyəti ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə inşa olunmuşdur. Bakı Olimpiya İdman Kompleksi 21 oktyabr 2000 - ci ildə, 29 dekabr 2001 - ci ildə Maştağa Olimpiya İdman Kompleksi, 15 iyun 2002 - ci ildə Naxçıvan Olimpiya İdman Kompleksi, 12 sentyabr 2002 - ci ildə Gəncə Olimpiya İdman Kompleksi, 09 noyabr 2002 - ci ildə Şəki Olimpiya İdman Kompleksi, 07 oktyabr 2003 - cü ildə Bərdə Olimpiya İdman Kompleksi, 09 oktyabr 2003 - cü ildə Lənkəran Olimpiya İdman Kompleksi, 11 oktyabr 2003 - cü ildə Quba Olimpiya İdman Kompleksi, 26 aprel 2005 - ci ildə Şamaxı Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir. Bakıda “Musado” Taekvondo sarayı, Yaxtklub, Otüstü Xokkey İdman Kompleksi, Stend Atıcılığı İdman Kompleksi də fəaliyyət göstərir.
Azərbaycanda idman əsl tərəqqi yoluna respublika dövlət müstəqilliyi qazandıqdan sonra qədəm qoymuşdur. Müstəqilliyin ilk illərində bədən tərbiyəsi və idman işlərinin təşkili sahəsində çətinliklər var idi. Respublika Prezidentinin Gənclər və İdman Nazirliyinin yaradılması haqqında 26 iyul 1994 - cü il tarixli və Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması haqqında 18 aprel 2001 - ci il tarixli Fərmanları ölkədə idmanın inkişafına güclü təkan verdi.
Ümummilli liderin gənclər və idman siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 04 mart 2005 - ci ildə “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında Sərəncam imzalamışdır. 05 mart Azərbaycan idmanı üçün xüsusilə əlamətdar bir gündür. Belə ki, 1995 - ci ilin həmin günü ulu öndərimiz Heydər Əliyev dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşmüş, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyaraq İdman Fondunu təsis etmiş, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Həmin məqsədyönlü siyasət bu gün də layiqincə davam etdirilir. Ölkə iqtisadiyyatının sürətli inkişafı bütün sosial sferaları, o cümlədən idman və bədən tərbiyəsi sahəsini əhatə edir, bu sahədə qazanılan nailiyyətlər ildən-ilə daha da artır. İdmançılarımızın da ildən - ilə artan nailiyyətləri dövlətin bu sahəyə olan dəstəyinin nəticəsidir. Təkcə, 2009 - cu ildə bədən tərbiyəsi və idmanın inkişafına dövlət büdcəsindən ayrılan vəsaitin məbləği 12,8 milyon manata çatdırılıb. Ölkədə idman və bədən tərbiyəsinin maddi - texniki bazası ildən - ilə möhkəmləndirilir. Ölkənin müxtəlif bölgələrində çoxsaylı idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman kompleksləri, stadionlar və digər idman meydançaları təmir edilir, günün tələblərinə uyğun yenidən qurulur.


İlham Əliyev

Oxunub: 4 629
Oxşar xəbərlər
SON XƏBƏRLƏR