“Azərbaycan əhalisinin yeni siyahısı 2022-ci ilin sonunda nəşr olunacaq”.
Unikal.org xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq, Siyahıyaalma qrupunun rəhbərinin müavini Azad Abbasəliyev məlumat verib.
O qeyd edib ki, siyahıyaalma məlumatlarının emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında məcmuənin hazırlanması 2021-ci ildə, siyahıyaalmanın yekunlarına dair məcmuələrin nəşr olunması və istifadəçilərə çatdırılması 2022-ci ilin sonunadək nəzərdə tutulub:
“Siyahıyaalma zamanı əhalinin tam əhatə olunması üçün dolğun uçotun təşkil edilməsi, siyahıyaalmanın rayonlaşdırılması, yəni şəhər, qəsəbə və kəndlərin ərazilərinin siyahıyaalma, təlimatçı və sayıcı məntəqələrinə düzgün bolüşdürülməsinin təmin edilməsi məqsədilə şəhər və qəsəbə, kənd yaşayış məntəqələri üzrə əhalinin ilkin sayına və binaların (evlərin) sayına dair məlumatların inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən təsərrüfatbaşına uçot sənədləri əsasında tərtib ediləcək.
"2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında" fərmanın icrası məqsədilə əlaqədar hazırlıq və onun keçirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və mütəşəkkil yerinə yetirilməsini, qarşıya çıxan çətinliklərin operativ surətdə aradan qaldırılmasını təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasında Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavininin, ölkənin digər regionları üzrə isə şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının müavinlərinin sədrliyi ilə əhalinin siyahıyaalınmasına yardım komissiyaları yaradılıb.
Həmçinin, Dövlət Statistika Komitəsində 32 nəfərdən ibarət Siyahıyaalma qrupu yaradılıb”.
A.Abbasəliyev bildirib ki, xarici təcrübə nəzərə alınaraq siyaıyaalma və srğu vərəqələri hazırlanıb:
“Əhalinin siyahıyaalınmasına hazırlıqla bağlı ölkəmizdə akkreditə olunmuş beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin Əhali Fondunun, BMT-nin Uşaq Fondunun, BMT-nin İnkişaf Proqramının, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşlər keçirilib və əhalinin siyahıyaalınması ilə bağlı əməkdaşlıq istiqamətləri müzakirə edilib. BMT-nin “2020-ci il mərhələsində əhali və mənzil fondunun siyahıyaalınmalarının keçirilməsinə dair Avropa statistikləri konfransının tövsiyələri”, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dənirəli gələn öhdəliklər, 2017-ci il may ayının 31-də Azərbaycanın sədrliyi ilə keçirilmiş MDB-yə üzv olan dövlətlərin statistika xidmətləri rəhbərləri Şurasının 57-ci iclasının müvafiq qərarı, ölkəmizdə müəyyən edilmiş sosial-iqtisadi siyasət kursuna uyğun qərarların qəbulu üçün statistik məlumatlara olan tələbat nəzərə alınmaqla siyahıyaalma və sorğu vərəqələri hazırlanıb.
Siyahıyaalma vərəqəsi ölkə üzrə ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərinə, yaşayış üçün istifadə edilən digər tikililərə dair ətraflı məlumatların əldə olunmasına imkan verəcək. Sorğu vərəqəsində isə siyahıya alınacaq hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli (etnik) mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əlilliyi, əhalinin ölkədaxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və s. mühüm göstəricilər üzrə suallar öz əksini tapıb”.
DSK rəsmisinin sözlərinə görə, əvvəlki siyahıyaalmadan fərqli olaraq sorğu vərəqəsinə ilk dəfə olaraq daxil edilmiş əlilliyə dair suallar ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə və məşğulluğuna, habelə siyahıyaalma çərçivəsində toplanan digər göstəricilərə dair məlumatların əldə edilməsinə imkan yaradacaq.