dini radikalizm və ekstremizmlə mübarizə

Heç demə, ürəyin bir nömrəli düşməni... - Dünya şöhrətli professor açıqladı

Heç demə, ürəyin bir nömrəli düşməni... - Dünya şöhrətli professor açıqladı
Dünya şöhrətli türkiyəli ürək cərrahı, professor Mehmet Öz güclü və möhkəm ailə əlaqələrinin stressi azaltdığını və ürək sağlamlığına yaxşı təsir etdiyini deyib.

Publika.az Türkiyə mətbuatına istinadən cərrahın ürək sağlamlığını qorumağın yolları haqqında fikirlərini təqdim edir.

ABŞ-da yaşayan və gördüyü işlərlə dünya miqyasında tanınan professor ürək xəstəliklərindən qorunmağa qidaların böyük təsirinin olduğunu deyib. Həkimin sözlərinə görə, şəkər ürəyə zərər verən və digər xəstəliklərə yol açan əsas amillərdən biridir:

“Şəkər yediyimiz zaman kökəlirik, köklüyün bir çox zərəri var, amma ən böyük zərəri qaraciyərə dəyir. Qaraciyərdə şəkər toplananda yağa çevrilir və bu zaman xəstə qaraciyər xolesterinə qarşı mübarizə apara bilmir. Bu halda xolesterin növü dəyişir və pis xolesterinin miqdarı artır”.

Mehmet Öz yüksək xolesterinin ürəyə təsirini belə izah edib:

“Pis xolesterinin təsirilə ürəkdəki damarlarda bir yara əmələ gəlir və onu bərpa etmək çətin olur. Bu, həm kişilərdə, həm də qadınlarda böyük problem yaradır. Ürəkdə üç əsas və böyük arterial damar var, bu arteriyalar bir divar funkisyasını yerinə yetirir. Divar deşildiyi zaman yüksək təzyiq, şəkər xəstəliyi kimi problemlər meydana gəlir. Şəkər xəstəliyi şüşə parçalar kimi o divarı dəlir. Divarın içində bir oyuq yarandıqdan sonra onu sağaltmaq lazımdır.

Xolesterinin yaxşı və pis növü var. Yaxşı xolesterin olduğu zaman damarları sağaltmaq mümkün olur, amma pis xolesterin çox olduğu zaman o yaralar arteriyaları yavaş-yavaş tıxamağa başlayır, üzərində xolesterin yığılıb qalır. Zaman keçdikcə borunun ortası bağlanır və ürək çatışmazlığı yaranır, nəticədə xəstə infarktdan ölür.

Pis xolesterinin miqdarı çoxdursa, bədən arteriyaları təmir etmir. Normal halda gənc bir insan arteriyalarda deşik olsa da, olmasa da, onu bərpa edir, amma xolesterin növü dəyişdikdən sonra əsaslı bərpa formaları dəyişir”.

Professor onu da əlavə edib ki, Aralıq dənizi mətbəxi ömrü uzadır və o son dərəcə sağlamdır:

“Aralıq dənizi mətbəxi inanılmaz dərəcədə sağlamdır. Niyə? Çünki bu mətbəxə təzə tərəvəz və meyvələr daxildir. Zeytun yağı onsuz da Türkiyədə istehsal edilir, keyfiyyəti də çox yüksəkdir, saxta deyil. Türkiyənin yerli məhsulları çox faydalıdır. Məni daha çox yeni çıxan yeməklər qorxudur, çünki istehsal tarixini artırmaq üçün daha çox şəkər, yaxud da duz əlavə olunur. Ləzzəti dəyişir, bəlkə daha ləzzətli olur, amma qətiyyən sağlam deyil”.

Ürək xəstəliklərində genetikanın da təsirli olduğunu bildirən professor qeyd edib ki, sağlam və möhkəm ailə əlaqələri ürək üzərində müsbət təsir göstərir:

“Qərbdə ailə əlaqələri çox güclü olmadığı üçün insanları daha stresslidir. Lakin araşdırmalar göstərir ki, sağlam ailə mühitində yaşamaq nəinki ürək, bir çox orqanlar üçün faydalıdır. Xüsusilə də ailədə sevdiyiniz insanlarla hər zaman ünsiyyətdə olmaq ürəyi qoruyur. Lakin həyatınızda ailə sevgisi yoxdursa, stress artmağa başlayır. Yüksək stress ürəyə mənfi təsir edir, hətta həddən artıq kədərlənmək ürək çatışmazlığına səbəb olur.

Bu araşdırma yaxınlarda təsdiq edilib. Ürək sağlamlığı üçün güclü ailə əlaqələri inanılmaz dərəcədə mühümdür. İnsanlar arasındakı möhkəm və sevgi üzərində qurulan əlaqələr çox dəyərlidir”.

Nələr yeməliyik?

Həkim ürəyə faydalı olan qidaları belə sıralayıb:

"Ərzaqları torpaqdan çıxdığı kimi yemək çox xeyirlidir, həmçinin tam taxil məhsulları, meyvə, tərəvəz, fındıq və fıstıq ürəyə faydalıdır. Əlbəttə ki, ən faydalısı zeytun yağıdır".

Nələrdən uzaq durulmalı?

"Yarımfabrikat məhsullar və yeməklər, tərkibində qatqı maddəsi olan ərzaqlar, həddən artıq ət yemək, xüsusilə qızardılmış yeməklərdən, şəkərli və qazlı içkilərdən uzaq dayanmaq lazımdır".

Oxunub: 566
Oxşar xəbərlər
SON XƏBƏRLƏR