Misir polisi Qahirədə donor böyrəklərin ticarəti ilə məşğul olan həkim dəstəsinin əməllərini ifşa edib.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən məlumat verir.
Şübhəli şəxslər vasitəçilərlə pula ehtiyacı olan "donorlar"ı tapır və onları 25 min Misir funtu (1,4 min ABŞ dolları) qarşılığında böyrəyini satmağa inandırırlarmış. Ardından "donorlar" Qahirəyə gedərək bir neçə gün əvvəlcədən tutulan evdə qalır və analiz verirlərmiş. Belə "pasiyentlər"in qəbulunu saxlanılan həkimlərdən biri özəl kabinetində həyata keçirib. Sonradan "donor"u başqa klinikaya apararaq şəbəkə fəaliyyətinə cəlb edilmiş cərrah tərəfindən əməliyyat edilib.
Cinayətkar dəstənin qurbanlarının dediyinə görə, əməliyyata qədər onlara 5 min funt (təqribən, 300 dollar) verilirdi və pulun qalan hissəsini almaq üçün növbəti "donor" tapılması tələb edilirdi, əks təqdirdə biz satılan böyrəyimizə görə pulu tam ala bilmirdik.
Hazırda dəstənin bütün üzvləri saxlanılıb, zərərçəkənlər şahid ifadələri verirlər.