dini radikalizm və ekstremizmlə mübarizə

Bu il Həcc ziyarəti ləğv oluna bilərmi?

Bu il Həcc ziyarəti ləğv oluna bilərmi?

Bütün dünya müsəlmanlarını koronavirus pandemiyası şəraitində bu ilin iyulunda olacaq Həcc ziyarətinin ləğv ediləcəyi ilə bağlı məsələ maraqlandırır. Ötən həftə Səudiyyə Ərəbistanının Həcc və Ümrə ziyarətləri naziri dindarları məsələyə tam aydınlıq gətirilənədək hazırlıq işlərini təxirə salmağa çağırmışdı. O əlavə etmişdi ki, indiki vəziyyətdə insanların sağlamlığı prioritet məsələdir.

Open.az xəbər verir ki, Səudiyyə Ərəbistanı hökuməti Məkkə və Mədinədəki müqəddəs məscidlərdə davamlı olaraq dezinfeksiya işləri aparır. Eyni zamanda, bu şəhərlərdə indiyədək 480 insanın koronavirusa yoluxduğu bildirilir. Krallıq ötən ay Ümrə ziyarətini və Məkkəyə bütün aviareysləri, o cümlədən daxili uçuşları dayandırıb. Rəsmi məlumata görə, bu ölkədə indiyədək COVID-19 virusundan 25 ölüm halı qeydə alınıb. İndi bütün müsəlmanlar Həcc ziyarəti ilə bağlı Krallığın verəcəyi qərarı gözləyir. Bu, qarşıdakı ayda pandemiyanın yayılmasından asılı olacaq.

Bəs tarixdə Həcc ziyarətinin ləğv edilməsi halı baş veribmi? Tədqiqatlar və Arxivlər üzrə Kral Əbdüləziz Fondunun (DARAH) məlumatına görə, Həcc ziyarəti ilk dəfə 930-cu ildə, Abbasi Xilafəti dövründə baş vermiş iğtişaş nəticəsində dayandırılıb. Həmin vaxt Məkkədə 30 mindən çox zəvvar öldürülüb və Kəbədəki qara daş Qətif bölgəsinə aparılıb. Bundan sonra on il ərzində Həcc ziyarəti yerinə yetirilməyib.

Həcc ziyarətinin növbəti dəfə dayandırılması isə 989-cu ildə baş verib. Həmin il Məkkədə bir çox zəvvarın ölümünə səbəb olan xəstəlik yayılıb. Əksəriyyəti dəvə ilə Məkkəyə gələn zəvvarların bir hissəsi də su qıtlığından dünyasını dəyişib. Qarşıdakı 29 ildə təkcə İraq müsəlmanları Həcc ziyarətinə gələ biliblər.

“ArabNews” portalına müsahibə verən Kral Əbdüləziz Universitetinin tarix kafedrasının müdiri İmad Tahir qeyd edib ki, Həcc ziyarətinin ləğvi ilə bağlı tarixi faktlar siyasi iğtişaşlar və təriqət zəminində münaqişələrlə əlaqədar olub. Məsələn, müsəlman aləmində müharibələr nəticəsində 1099-cu ildə də Məkkəyə zəvvar gəlməyib.

Lakin Krallıq rəsmiləri bildirirlər ki, indiki şəraitdə Həcc ziyarətinin ləğv olunacağı ehtimalı çox azdır.

Oxunub: 481
Oxşar xəbərlər
SON XƏBƏRLƏR