dini radikalizm və ekstremizmlə mübarizə

İLK ANDIMIZ, SON ANDIMIZ – TURAN


Atatürk Beynəlxalq Mərkəzində təqdimatı keçirilən “ TURAN DÜNYASI” kitabının ana mövzusu, ata xeyir-duası belədir

Bəli, “ilk andımız, son andımız TURANDI!”
Mart yalnız ilin bahar fəslinin ilk ayı kimi deyil, həm də bayramlarla zəngin bir aradır, ömrümüzdə-günümüzdə.
Amma ulularımız onu da deyiblər: “Mart çıxdı-dərd çıxdı”. “Dədə Qorqud”dan bizə müdrikləşmiş belə kəlamlar az qalmayıb. Mart ayı qışla yazın arasında olduğu üçün hərdən “boz ay”a da çevrilir: “havalar üz-gözünü gah turşudur”, hərdən də ilıq bahar nəfəsi ilə torpaqdan cücərənlərə can verir.
Bu mart Türk dünyasına, TURAN sevdalılara bir özgə ab-hava da gətirdi. Türkü sevə bilməyən, onun birliyindən - TURANından sözün hər mənasında qorxan, şəkinənlərin “kürkünə birə salıb, yuxusuna isə haram”. Məsələn, cənub qonşumuz – fars dilli, molla rejimli İran müsəlman (din qardaşı) aləminin güvənci olan Türkyimizə, ondan sonra isə “Bir millət, iki dövlət” siyasəti ilə Türkdilli xalqları bir bayraq altında birləşdirməyi özünə borc bilən, qardaşlıq nümunəsini dünyaya bəyan edən Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvanımıza “diş qıcadı”. Daha doğrusu, Türkiyəyə raket, Naxçıvana isə dağıdıcı, məhvedici dronlarla hücum etdi. Lakin unutdu ki, Türkün TURAN sevdalılarını heç bir qırıcı silah-sursatla haqq yolundan çəkindirmək olmaz! Çünki TURAN yolu haqqa-ədalətə, insanlığa yaymağı, bəşəriyyətə sülh gətirməyi qarşısına hədəf qoyub!
Mart ayının 6-da Atatürk Beynəlxalq Mərkəzində keçirilən “TURAN DÜNYASI” kitabının təqdimatında səsləndirilən belə fikirlər də bir daha bunu təsdiqlədi.
İdeya müəllifi Beynəlxalq İnformasiya Alyansının təsisçisi Firdovsi Ələkbərov, ideya rəhbəri yazıçı Sabir Hüseynov, məsləhətçisi sülhməramlı səfir Rauf Mukimov, redaktoru şair-publisist, Prezident təqaüdçüsü, AYB və AJB-nin üzvü Hikmət Məlikzadə olan kitabın annotasiyasında qeyd edildiyi kimi, Türk Dövlətləri Təşkilatının yeni mərhələyə qədəm qoyması, TURANın qısa müddətdə reallaşdırılması Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır.
Yüksək poliqrafiya mədəniyyəti ilə, nəfis tərtibatla nəşr edilən kitabla tanışlıqdan sonra bir daha demək olar ki, ədəbi TURAN artıq siyasi müstəvidən də boy verməkdədir. Bu isə o deməkdir ki, Türk dünyasının qardaşlıq biləyi burulmazdır!
Kitabın araya-ərsəyə gətirilməsi (həm də bu günlərdə) bir daha göstərir ki, TURAN artıq könüllərdən, ideya və arzulardan reallığa çevrilməkdə, əməldə özünün təsdiqini tapmaqdadır.
Kitabda diqqət çəkən məqamlardan biri xalq şairi Zəlimxan Yaqubun “İlk andımız, son andımız TURANdı!” şeiridir. TURANa aparan yolun işıqlı-nurlu olduğunu şair fəhmiylə görən Zəlimxan Yaqub necə də gözəl deyib, ruhu şad olsun:
Təntiməyin, tələsməyin, çaşmayın,
Yerli-yersiz həddinizi aşmayın.
Qazan gəlib qaynamamış daşmayın,
Yoldaşımız səbr, dözüm olacaq,
By gün-sabah dünya bizim oacaq!

Vaxt Təbrizin, dünya Ərkin dünyası,
Yol Tanrının, haqqı dərki dünyası,
Əvvəl-axır dünya Türkün dünyası,
Üç gün-beş gün, gecim-tezim, olacaq,
Bu gün-sabah dünya bizim olacaq!

Şəhid verin, qurban verin - can verin,
Cansızlara şah damardan qan verin!
Gəmi kimi, sahillərə yan verin,
Müjdəçilər düzüm-düzüm olacaq,
Bu gün-sabah dünya bizim olacaq.

Düşmən məni düz düşünməz, çaş anlar,
Haq sözümü qaya duyar, daş anlar.
Qayıdacaq “Çin səddi”ni aşanlar,
Tarixləırə təzə sözüm olacaq,
Bu gün-sabah dünya bizim olacaq!..

Bu topluda hər sətir, hər cümlə, hər məqalə bir daha Türkiyə-Azərbaycan qardaşlığının digər türkdilli ölkələrin siyasi rəhbərlərinə örnək olmasını təsdiqləyir. Bu da kitabın məqsədinin, məramının nədən ibarət olmasıdır.
Tədbirin aparıcısı bədii qiraətçi Şirzad Pirallahlının ecazkar, bir az da bariton nitqlə səsləndirilən şeirlər sanki Atilladan, Türk xaqanlarından boy vermişdi: “Canında, qanında Türk xalqlarının adət-ənənələrini, mədəniyyət və etikasını daşıyan soydaşlarımız, dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, qəlbi TURANla döyünən TURAN sevdalılar, sazımızın, sözümüzün aşiqləri, Dədə Qorqud boylarından boy verən ərənlərimiz, TURANa könül verib qapı açanlarımız, Koroğlutək atından enməyənlərimiz, Nəbi kimi el səsini dinləyənlərimiz, Babəkimiz kimi əqidəsindən dönməyənlərimiz, Nəsimi oluban da qürub vaxtı sönməyənlərimiz, Tomrislərimiz, Nigarlarımız, Həcərlərimiz - ərlərimiz-ərənlərimiz, suyunuz axar, Ocağınız yanar olsun! Havamız səfalı, torpağımız şəfalı, bərəkətli olsun!..”
İlk söz verilən toplunun ideya müəllifi, Beynəlxalq İnformasiya Alyansının təsisçisi, tədbirin təşkilatçısı Firdovsi Ələkbərov kitabın məram və məqsədini açıqladıqdan sonra onun hazırlanmasında xidmətləri olan soydaşlarımıza təşəkkürlərini də unutmadı.
TURAN bayrağının salona gəlişi isə bir başqa ab-hava yaratdı:
Salam, Türk dünysı, gün həmin gündür,
TURAN ellərində toydur-düyündür!
Ən gözəl sədadır, ən gözəl ündür,
Üzü Altaylardan Batıya sarı,
Gör neçə milyonun fəxri, vüqarı,
TURAN bayrağıdır, TURAN bayrağı!

Mavi rəng sevincdir, arzu, hüzurdur,
Ulduz, Hilal, Günəş - işıqdır, nurdur!
Yenilməz iftixar, sonsuz qürurdur,
Göylərin rəngində göylərdən enən
“Halay”a, “Misri”yə, “Cəngi”yə dönən
TURAN bayrağıdır, TURAN bayrağı!

Boz Qurd ulartısı sarır cahanı,
Dərk eylə insanı, haqqını tanı!
Bu dünya dostluğun Zəfər meydanı,
Ən nurlu sabaha ümid bəsləyən,
Bəşər övladını haqqa səsləyən,
TURAN bayrağıdır, TURAN bayrağı!

Kökümüz, soyumuz, dilimiz birdir,
Ulusumuz birdir, elimiz birdir,
Döyüş meydanında yerimiz birdir,
Bizə şərəf verən, bizə şan verən,
Qəlbə fərəh verən, cana can verən
TURAN bayrağıdır, TURAN bayrağı!

Türk türkə hər zaman arxa durmalı,
Bir yumruğa dönüb, birgə vurmalı!
Azadlıq, hürr dolu dünya qurmalı,
Duysun qoca dünya, eşitsin cahan,
Qardaş birliyindən daim güc alan
TURAN bayrağıdır, TURAN bayrağı!

Adı kitab təqdimatı olsa da, TURAN sevdalıları bir araya toplayan məclisdə çıxış edənlər – “Dədə Qorqud” Milli Fondunun “Azərbaycan dünyası” beynəlxalq dərgisinin təsisçisi və baş redaktoru Eldar İsmayılov, hüquq üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının fəlsəfə üzrə fəxri professoru, “TURAN marşı”nın müəllifi Rəşid Rzayev, Azərbaycan Rəssamlar İttifaqının Dekorativ Sənət Tətbiqi bölməsinin sədri və əsərləri ilə TURANçılığın təbliğində yorulmadan çalışan, xalqın ruhunu və türk dünyasının birliyini rənglərin və fırçasının dili ilə ifadə edən Xalq rəssamı Aydın Rəcəbov, bir neçə türkdilli dövlətin ölkəmizdəki səfirliklərinin təmsilçiləri və digərləri Azərbaycan və qardaş Türkiyənin dövlət başçılarının Türk Dövlətləri Təşkilatının formalaşmasında yürütdüyü ideya-istiqamətin və siyasətin təbliğində bütün dünyaya səpələnmiş, özünü Türk sanan və milli kökündən boylanan, boy verən əqidədaşların da üzərinə böyük məsuliyyət düşdüyünü xatırlatdılar. Bu yolda hər kəsin öz bilik və bacarığını əsirgəməməyə çağırışlar da alqışlarla qarşılandı.
Tədbiri, əslində, ədəbi-bədii gecə də adlandırmaq olardı. Çıxışlararası söz verilən nəğməli-musiqili TURANçılardan “TURAN” musiqi qrupunun rəhbəri Elşad Ələkbərovla gənc aşıq-şairə Aysun Kəlbəcərlinin ifaları da təqdimata bir özgə ovqat qatırdı. Mikayıl Bozalqanlının “Boq Qurd ruhu” seiri Aysun xanımın sazla ifasında sanki TURAN ellərini dolaşıb gəldi:
Monqollardan, Altaylardan bu yana,
Bir ulartı, bir hayqırtı, bir səs var.
Alovunu, atəşini duyana
Alov dolu, atəş dolu nəfəs var!

Boz Qurdam – ulartım əbədi çağrı,
Toplaşar, cəm olar dostlar bir anda!
Düşmənin qorxudan yarılar bağrı,
Sıranın önündə Boz Qurd duranda!

Boz Qurdam – zühurum sehrdir, sirdir,
Ruhum güvənc yeri - övliya, pirdir!
Göydəki Ay bəbəyimdə yurd salar,
Mənə tapınanlar hər an ucalar!

Qurd südü əmmişəm, Qurd oğlu Qurdam,
Olduğum hər yerdə Ocağam, Yurdam!
Ərlik, mərdlik ürəyimdə, qanımda,
Nə qorxu, nə hürkü yoxdur canımda!

Tarixin, zamanın yaddaşıyam mən,
Xalqın nişanəsi Qurdbaşıyam mən!
Tufanlar ram etdim, odla oynadım,
Axdım kürül-kürül, coşdum, qaynadıım.

Uyğuram, Çingizəm, Xakasam, Hunam,
Yakutam, Başqıram, Özbək, Qırğızam!
Atabir-anabir Qurd nəsiliyik biz,
Tarixin, zamanın Qurd fəsiliyik biz.

Avar, Kalmık, Kumuk, Kırım, Qaraçay,
Qafqaz, Qaşqay, Bolqar, Qaraim, Nuqay,
Mərkəzi Asiya, Sibir, Balkanam,
Dünyaya səs salan xanam, xaqanam!

Mənim köləliklə olmayıb işim,
Azad olub köküm, soyum, keçmişim!
Mənli, sənli, onlu – dönüb biz olduq,
Beş olduq, on olduq, artıb yüz olduq!

Birlik olan yerdə bərəkət olar,
Ağzıbir, sözübir hərəkət olar.
Boq Qurd amacıdır - birlikdə hünər,
Qurd qeyzə gələndə aslan çəkinər!

Gözlərini açıb olanlara bax,
Saxta tarixlərə, yalanlara bax!
Dinlə, gör nə deyir hər gələn sabah,
Haqqa asi çıxmaq günahdı, günah!

Nə şərə, nə zülmə baş əymədim mən,
Haqqa dəyməyənə heç dəymədim mən.
Boz Qurdam - məqamım haqqın yanıdır,
Qurduğum divanım haqq divanıdır!

“İncil” də, “Quran” da, “Tövrat” da deyir,-
Boz Qurda salama duran da deyir:
“Şəkk etmə, dünyanı qurana inan,
Sabah TURANındır, TURANa inan!

Bu gün də biz bizik, biz - öndə gedən,
Bu gün bizik bu dünyanı heyran edən,
Bu gün bizik Atatürkdən ilham alan,
Bu gün bizik Haqq dərgahına körpü salan!
Siz kimsiniz, ey ağalar?!
Varlığınız-yoxluğunuz puçdu tamam,
Amalınız, xəyalınız heçdi tamam!
Ömrü boyu yad qapıda sülənmisiz,
Yaranandan başqasına güvənmisiz!
Bizim güvənc yerimzdi
Göydə Allah, yerdə “Quran”!
Bizim güvənc yerimizdi böyük TURAN!
Öndə gələn xoşbəxt səhər,
O səhər ki, türk dünyası
Hər tərəfdə parlayacaq,
O səhər ki, TURAN sözü
Hər tərəfə yayılacaq!
O gün Aysun balanın sinəsindəki Oğuz ozanın sazında yenə də “Çırpınırdı Qara dəniz, baxıb Türkün bayrağına”!

Məhəmməd NƏRİMANOĞLU,
Sevinc FAZİLQIZI,
“Yenilik-press” qəzeti

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR