Ankarada fəaliyyət göstərən “Səda” musiqi kursunun təşkil etdiyi “Səda” musiqi və rəqs qrupunun konserti keçirilib.
Kursun təsisçisi Aytən Rəhimovanın rəhbərliyi ilə hazırlanan konsertdə fortepiano, skripka, kamança, tar, yan fleyta, nağara və vokal ifaları, eləcə də Azərbaycan xalq rəqsləri tamaşaçılara təqdim olunub.
Konsertdə Tofiq Quliyev, Mozart, Şopen və Baxın əsərləri səsləndirilib, həmçinin “Şur” muğamı əsasında hazırlanan “Qal sənə qurban” və “Ana yurd” mahnıları ifa olunub. Proqramda Mikayıl Müşfiqin “Oxu tar” şeirinə həsr olunan kompozisiya, Vasif Adıgözəlovun “Füzuli kantatası”ndan parçalar və “Nazəndə sevgilim” əsəri də təqdim edilib.
Rəqs qrupunun ifasında “Naz eləmə” və “Sarı Gəlin” rəqsləri nümayiş olunub. Gecə “Çırpınırdın Qara dəniz” və “Yaşa Azərbaycan” əsərləri ilə yekunlaşıb.
Sonda iştirakçılara təşəkkürnamələr və plaketlər təqdim olunub.
Tədbir iki qardaş ölkənin ortaq mədəni dəyərlərinin təbliği və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edib.
Oxunub: 0