2026-cı ilin 5 noyabr tarixində Mingəçevir Dövlət Universiteti və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş “Şanlı Zəfərin altıncı ildönümü: tarixi yaddaş, milli dövlətçilik və gələcəyə baxış” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransın əsas məqsədi 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin Azərbaycan dövlətçilik tarixindəki əhəmiyyətinin elmi-ictimai müstəvidə dəyərləndirilməsi, milli birlik və vətənpərvərlik dəyərlərinin təbliği, Zəfər irsinin gənc nəsillərə ötürülməsi və ölkəmizin suverenlikdən dayanıqlı inkişafa uzanan yeni mərhələsinin müzakirəsi olub.
Konfrans çərçivəsində əvvəlcə Mingəçevir şəhərində salınmış Zəfər Parkı ziyarət edilib. İştirakçılar parkda mingəçevirli şəhidlərin xatirəsinə həsr olunmuş guşənin önünə gül dəstələri düzüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Ardınca parkın ərazisində ağacəkmə aksiyası keçirilib. Aksiya şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, Zəfər irsinin yaşadılması və gələcək nəsillər üçün daha yaşıl, sağlam mühitin formalaşdırılması baxımından rəmzi məna daşıyıb.
Daha sonra Mingəçevir Dövlət Universitetinin həyətində Zəfər Günü münasibətilə təşkil olunmuş yaradıcılıq sərgisinə baxış keçirilib. Universitetin tələbələri və Mingəçevir şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin şagirdləri tərəfindən vətənpərvərlik ruhunda hazırlanmış rəsm əsərləri və əl işləri nümayiş etdirilib. Sərgidə Azərbaycanın şanlı Qələbəsi, milli qəhrəmanlıq ənənələri, dövlət rəmzləri, Vətən sevgisi və şəhidlərin əziz xatirəsi gənclərin yaradıcı baxışları ilə əks olunub. Təqdim olunan əsərlər gənc nəslin tarixi yaddaşa bağlılığının, milli-mənəvi dəyərlərə hörmətinin və yaradıcı potensialının ifadəsi kimi maraqla qarşılanıb.
Universitetin akt zalında keçirilən elmi-praktik konfrans Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Konfransı giriş nitqi ilə açan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 8 Noyabr Zəfərinin Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində müstəsna yer tutduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində qazanılan tarixi Qələbə ölkəmizin siyasi, hərbi və mənəvi qüdrətinin təntənəsinə çevrilib. Çıxışda şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının, qazilərə diqqət və qayğının, gənc nəslin milli dövlətçilik və vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyəti önə çəkilib.
Ardınca 8 Noyabr – Zəfər Gününə həsr olunmuş, Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsini və tarixi Qələbənin xalqımız üçün mənəvi əhəmiyyətini əks etdirən videoçarx nümayiş olunub.
Konfransın elmi-praktik hissəsində Zəfərin tarixi, siyasi, mənəvi və ictimai aspektlərini əhatə edən məruzələr dinlənilib.
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov “8 Noyabr Zəfərinin Azərbaycan dövlətçilik tarixində yeri və tarixi əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə tarixi Qələbənin Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələnin əsasını qoyduğu, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpasının milli tariximizin ən mühüm hadisələrindən biri olduğu diqqətə çatdırılıb. Zəfərin yalnız hərbi-siyasi uğur deyil, eyni zamanda, milli özünüdərkin, ictimai həmrəyliyin və gələcəyə inamın güclənməsində mühüm amil olduğu vurğulanıb. Gənc nəslin tarixi həqiqətlər əsasında yetişdirilməsində universitetlərin üzərinə düşən məsuliyyət, elmin və təhsilin milli dövlətçilik dəyərlərinin qorunmasındakı rolu xüsusi qeyd olunub.
Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Vətən müharibəsi və milli-mənəvi dəyərlərin müasir bədii düşüncədə əksi” mövzusunda məruzəsində 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının milli-mənəvi dünyasında yaratdığı yüksəlişdən, qəhrəmanlıq və Vətən sevgisi anlayışlarının müasir ədəbiyyat və incəsənətdə bədii ifadəsindən bəhs edib. Zəfər salnaməsinin bədii yaradıcılıqda yaşadılmasının tarixi yaddaşın qorunması və gənclərin vətənpərvərlik tərbiyəsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
Mingəçevir şəhər 23 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, şəhid ailəsinin üzvü Aygün Quliyeva “Zəfər tariximizin şanlı səhifəsi: milli birlik və ictimai həmrəylik fenomeni” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Vətən müharibəsi dövründə Azərbaycan xalqının nümayiş etdirdiyi sarsılmaz birlik, şəhid ailələrinin mənəvi irsinin qorunması və ictimai həmrəyliyin gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti vurğulanıb.
Mingəçevir Dövlət Universitetinin Riyaziyyat kafedrasının müdiri, Vətən müharibəsi veteranı Rövşən Babayev “Zəfərdən suverenliyə: Azərbaycanın müasir siyasi tarixinin yeni mərhələsi” mövzusunda məruzəsində tarixi Qələbədən sonra Azərbaycanın siyasi inkişafında baş verən mühüm dəyişikliklərə, dövlət suverenliyinin tam bərpasının strateji əhəmiyyətinə və ölkəmizin qarşısında açılan yeni inkişaf perspektivlərinə toxunub.
Mingəçevir şəhər 9 saylı tam orta məktəbin direktoru Seymur Məhərrəmov “Böyük Qayıdış: tarixi Zəfərdən Qarabağın dirçəlişinə gedən yol” mövzusunda məruzəsində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma proseslərindən, müasir yaşayış infrastrukturunun formalaşdırılmasından, Böyük Qayıdışın sosial-iqtisadi və mənəvi əhəmiyyətindən bəhs edib. Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinin Azərbaycanın dayanıqlı inkişafına və gələcək nəsillərin rifahına xidmət edən mühüm tarixi proses olduğu diqqətə çatdırılıb.
Konfrans boyunca səsləndirilən fikirlərdə 8 Noyabr Zəfərinin Azərbaycanın müasir tarixində yeni inkişaf mərhələsinin başlanğıcı olduğu, tarixi yaddaşın qorunmasının, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsinin və vətənpərvər gəncliyin formalaşdırılmasının strateji əhəmiyyəti ön plana çəkilib.
Tədbir Zəfər irsinin elmi əsaslarla öyrənilməsi, milli-mənəvi dəyərlərin təbliği, təhsil müəssisələri ilə yerli idarəetmə orqanları arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də gənc nəslin ölkəmizin gələcək inkişafında fəal iştirakının təşviqi baxımından əhəmiyyətli platforma kimi yadda qalıb.
ESMİRA HİDAYƏTOVA/MİNGƏÇEVİR
Oxunub: 0