Varkən ədəbiyyatımızın parlaq bir ulduzu! Sevməyən varmı onu, bu, mümkün deyil!
Xalqını və vətənini yüksək məhəbbətlə sevən istedadlı gənc şair Mikayıl Müşfiq qısa bir ömür yaşasa da, ədəbi fəaliyyəti parlaq qalmaqdadır. Şair-dramaturq Abdulla Şaiq xatirələrində yazır: “Mikayıl Müşfiqi biz hamımız sevirdik. Amma Hüseyn Cavid onu daha çox sevirdi. Onun poeziyasını çox yüksək qiymətləndirirdi. Bir dəfə mənə dediyi “poeziyanın nəhəngi” yetişməkdədir, özümüzü yığışdırmalıyıq Şaiq!” sözlərini heç unuda bilmirəm”.
Mikayıl Müşfiqi bütün nəsillərin müasiri edən, həmişə sevdirən onun səmimiyyətlə dolu poeziyasının xalq ruhu ilə bağlılığı, doğma yurdu Azərbaycanı böyük məhəbbətlə tərənnüm edib sevməsi və sevdirməsidir.
M. Müşfiqin şeirləri, onun vətənə, anaya, qadına, sevgiliyə həsr etdiyi şeirləri mənəvi tərbiyədir. İnsana ən ülvi, ən romantik, ən müqəddəs hissləri duymağı öyrədir.
Məhz bədxahlarını da elə bu böyük xalq sevgisi narahat etmədimi?!
... Bədxahlar ilk olaraq Mikayıl Müşfiqin məharətli təbiət təsviri ilə yazdığı "Buludlar” şeirinə əksinqilabçı çağırış mənasını verdilər
Çünki keyfim kökdür, damağım çağdır,
Şimşək çaxdırmaya mən də hazıram,
Buludlar başında partlayacaqdır,
Könlümdə qıvrılan böyük ildırım.
Hər şeirində bir siyasi məna axtardılar, oxucularını "Buludlar” şeirində silahlı üsyana səsləməyə də cəsarət bulmuşdur” - dedilər .
Müşfiqin romantik səpkili "Kimidir” şeirində şifrəli məlumat olduğu iddia olunur - dedilər.
Sevgilim əyninə yaşıl geyinmiş,
Sallanışı sərvi-çəmən kimidir.
Bu bənzətmə bir az üzdən olsa da,
Tamaşa görkəmi səmən kimidir!
"Niyə Müşfiq sevgilisini yaşıl libasda təsvir etmişdir? Bu rəngin islam dininin rəmzi olması məlum deyilmi, başqa rəng yoxdurmu?”
Bədxahları artıq Mikayıl Müşfiqin hər şeirində bir yeni siyasi məna axtarışında oldular ...
Əslində, Azərbaycanın o vaxtkı düşünən beyinlərinin - Hüseyn Cavidin, Əhməd Cavadın, Mikayıl Müşfiqin, Seyid Hüseynin, Bəkir Çobanzadənin, Salman Mümtazın, Vəli Xuluflunun, Abbas Mirzə Şərifzadənin və digər dəyərli şəxslərimizin hamısının taleyində belə oxşar "tapıntı”lar oldu. Ən ağrılısı da onları ən qəddar müstəntiqlərin istintaq etmələridir. Anası gürcü, atası erməni olan Yuvelyan Davıdoviç Sumbatov-Topuridzenin başçılıq etdiyi Azərbaycan NKVD-nin SPO adlanan şöbəsində xüsusi qəddarlığı ilə seçilən iki müstəntiqi vardı: Konstantin Boqdanoviç Qalustyan və Geogiy Aleksandroviç Platonov.
Hüseyn Cavid və Mikayıl Müşfiq daxil olmaqla bizim dəyərli şəxsiyyətlərimizi məhz onlar dindirmişlər...
...1938-ci il yanvarın 5-də SSRİ Ali Məhkəməsində Mikayıl Müşfiqin güllələnməsi qərarı verilir. Yanvar ayının 6-da Nargin adasında 29 yaşlı gənc şairimiz güllələnir.
Cəlladlar Mikayıl Müşfiqin cəsədinə güllə sıxsalar da, o ölmədi. Əksinə, əbədiyaşarlıq qazandı. Ruhuynan, şeiriyyətiynən daha da var olmağa başladı...
Ey coşqun gəncliyim, ey havalı quş,
Oxuduğum şərqi dinlənməz olmuş.
Ey şeir yazmaqla keçən günlərim,
Siz ki ən vəfalı günlərimsiniz.
Baxıb buludlara gülümsəməkçin,
Sevgi nəğmələri bəstələməkçin
Mənə müsaidə verərmisiniz?
Səni çox sevirik, şair, ruhun şad olsun!
Yazıqlar olsun o kəslərə ki, öz millətindən, öz ümmətindən ola - ola sənin istedadını, düşüncəni, xətrini - hörmətini həzm edə bilmədilər və səni düşmənlərimizə yem etdilər...
Zəkurə QULİYEVA,
"Qarabağ" qəzetinin redaktoru
06 yanvar 2023-cü il
Oxunub: 388