O qəlbinin dərinliklərinə yenicə kök salmağa hazırlaşan sehrli bir qüvvənin girovuna çevrilirdi. Bu varlığın nə olduğunu isə, heç onun özü də başa düşə bilmirdi. Bircə aydın şəkildə onu dərk edirdi ki, sözlə izahı çətin olan bir duyğu onun rahatlığını pozur. Bu hissin nəmənə olduğunu söyləmək Qordo düyününün açılması kimi mürəkkəb bir məsələ idi onun üçün. Qəlbinə yenicə hakim kəsilən qarışıq hisslər qarşısında, sanki lal- kar olmuşdu. Nə qədər düşünsə də, bir suala cavab tapa bilmirdi ki, Günayı nəyə görə tez- tez görmək istəyir?! Evdə , küçədə, həyətdə - harada olursa - olsun fikri yalnız qəlbinin qapısını yenicə döyməyə başlayan o qızın yanında idi.
Orxanın 21 yaşı var idi. Ucaboy, enlikürək, idmançı görkəmində olması onu digər həmyaşıdlarından fərqləndirirdi. Amma bunlara baxmayaraq, onun həyatın çətin sınaqları ilə mübarizəyə hazır olub- olmaması barədə nəsə söyləmək bir az çətinlik yaradırdı. Çoxlarının belə mübarizələrdə bəxti gətirməyərək üzlərinin gülmədiyi, ya da geri çəkildiyi hallarına dair çoxlu nümunələr gətirmək mümkündür.
O boş vaxtlarını yalnız mütailə etməklə keçirirdi. Bədii kitablar oxumağı özünün xobbisinə çevirmişdi. Son vaxtlar nədənsə dəyişilmiş, əvvəlki Orxandan əsər- əlamət qalmamışdı. Davranışında, hərəkətlərində bir məyyusluq bir məyyusluq hiss olunurdu. Dərdli adama oxşayırdı. Fikirli halda o tərəfə- bu tərəfə gəzişir, beynində nəyi isə götür-qoy edirdi. Bəzən fikirləşməyə belə səbri çatmır, havası çatmırmış kimi sürətli addımlarla otağa daxil olurdu. Əlinə kitab götürüb oxumaq istəyirdi. Səhifələrə nəzər yetirmək istədikdə qızın nigaran baxışları ilə üzləşirdi. O isə buna tab gətirə bilmir, qəlbi od tutub yanırdı. Özünə heç yerdə rahatlıq tapa bilmirdi. Daxilində olan narahatlıqlardan yaxa qurtarmaq istəyirdi. Hara ayaq basırdısa, qarışıq fikirlər qarabaqara onu izləyir, beyninə dolaraq özünə orada yuva qururdu. Toy məclislərində, ziyafətlərdə hamı şənlənərək deyib - güləndə onun gözləri insanlara zillənsə də, fikri qəlbini yenicə fəth etməyə başlayan Günayın yanında idi.
Orxan hiss edirdi ki, Günayı dəlicəsinə sevir və həyatda bir anlıq da olsa, özünü ondan ayrı təsəvvür edə bilmirdi. Çoxlu kitablar oxuyan Orxanın beynini bir sual da qurd kimi yeyirdi:" Dünyanın işinə bir bax. Elmin, texnologiyanın sürətlə inkişaf etdiyi müasir zəmanədə kainatın məhvi üçün silah ixtira edən dünya alimləri nədənsə, məhəbbətin izahını, tərifini yaxud formulunu yazmaqda çətinlik çəkirlər".
Günay Pedoqoji Universitetdə oxuyurdu. 3- cü kurs tələbəsi idi. O zəngin ailənin yeganə övladı olsa da, özünü çox sadə aparırdı." Sadəlik- gözəllikdir prinsipi ilə yaşayırdı." Atasının yüksək vəzifədə işləməsinə görə, heç vaxt öyünməzdi.
Orxanla Günay yenicə tanış olmuşdular. Günayın təhsil aldığı ali məktəb Sahil bağının ysxınlığında yerləşirdi. Hər dəfə qız dərsdən sonra sumkasını yelləyə- yelləyə asta addımlarla görüş yerinə gəlirdi. Orxan isə əlində gül dəstəsi, səliqəli geyimdə vaxtından qabaq özünü vədələşdikləri yerə yetirirdi.Qızın vaxtından qabaq gəlib onu gözləməsinə heç vaxt şərait yaratmazdı. Belə halın olmasını qüruruna sığışdırmırdı. Orxanın qəribə bir adəti də var idi. Görüşə gedərkən qıza söyləyəcəklərini əvvəlcədən ürəyində götür- qoy edirdi. Xəyalında istəklisi ilə doyunca dərdləşir, onu saf məhəbbətlə sevdiyini və inandığnı söyləyirdi. Hətta, gələcəkdə dünyaya gətirəcəkləri körpənin beşiyini otağın hansı hissəsinə qoyması ilə bağlı qızğın mübahisə də edirdi. Ancaq nə fayda? Günayla üz- üzə dayananda nitqi tutulur, deyəcəyi sözlər yaddan çıxır, söhbətə nədən başlayıb, nədə qurtaracağını unudurdu. Bəzən ürəyindəkiləri dilə gətirərkən cümlələrin əvvəli ilə sonu arasındakı rabitə itir, qırıq- qırıq ifadələr işlətməklə, özü də bilmədən pis vəziyyətə düşürdü. Belə olduqda, O utandığından qızarır, alnında tər damcıları əmələ gəlirdi.
İlk gündən onlar yalan danışmayacaqları haqda bir- birinə söz verdilər. Bəzən söhbətlərinin şirin yerində barmaqlarını bir- birinə tuşlayaraq" yalan danışmırsan ki" deyib zarafatlaşırdılar da.
Orxan kənddən şəhərə iki il idi gəlmişdi. İlk günlər bərk darıxsa da, sonradan şəhərin səsli- küylü həyatına yavaş- yavaş alışmağa başladı. Günayla tanışlıqdan sonra isə, darıxdıcı günlərin sayı lap azaldı.
Onun şəhərdə yaxın adamı olaraq dayısı Rəhimdən başqa heç kimi yox idi. Rəhim tikintidə usta işləyirdi. Çox vaxt bacısı oğlunu da özü ilə işə aparırdı. Orxan çox işləri bacarmasa da, bəzi xırda- para işlərin qulpundan yapışmasında dayısına köməklik edirdi. Çəkdiyi zəhmət dayısı tərəfindən " qiymətləndirilirdi." O da qazandığı pulla özünə əyin- baş alır, saçlarını səliqəyə salır, qızla görüşə gedərkən xoş qoxusu olan ətir alıb istifadə edirdi. Orxanın ürəyinə yağ kimi yayılan isə, Dənizkənarı Parkda qızla gəzərkən əlini şəstlə cibinə salıb aldıqları dondurmanın, suyun pulunu artıqlaması ilə ödəməsi idi. Çox vaxt satıcıdan pulun qalıq hissəsini də götürmürdü. Etdiyi hərəkətləri ilə sevdiyi qızın məhəbbətinə, sanki sadiqliq nümayiş etdiyini düşünürdü. Özünün harada işlədiyi haqda qıza heç nə demək istəmirdi. Xarekterində olan utanclıq hissi buna imkan vermirdi.
Təbiətcə sakit və utanc olmaq bəzi işlərə uğur gətirsə də, bir çox hallarda insanın arzularına çatmaqda keçilməz maneə olaraq qarşısını kəsir.
Bir gün Rəhim bacısı oğlunu yanına çağırır. Bakı kəndlərinin birində bir həftəlik iş olduğunu ona bildirir. Bu işi də birlikdə görmək istədiyini də gizlətmir. Gözlənilməz iş təklifi Orxan üçün lap" göydən düşmə" oldu. Təklifə çox sevindi və fikirləşmədən razılıq verdi. Cib xərcliyi qurtarmaq üzrə idi. Pulsuzluqdan alınası bir çox lazımi şeylərin üstündən xətt çəkməli olmuşdu. O ovqatı yaxşı olduğu halda, nə düşündüsə, birdən kefi pozuldu. Simasındakı sevinc hissi nigarançılıqla əvəz olundu. Onu narahat edən başqa məsələ ortaya çıxdı. Bir həftə qızla görüşə bilməyəcək. Yeddi gün harada olduğunu qıza necə desin? Vədinə xilaf çıxıb yalan danışmaq da istəmirdi. "Odla su arasında qalmışdı."Vicdanı onu rahat buraxmırdı. Əzab çəkirdi. Çox fikirləşdisə də qəti qərara gələ bilmədi. Nəhayət, qızla görüşmək və məsələni ona anlatmaq istədi.
Axşamüstü gənclər xeyli söhbət etdilər. Orxan ürəyindən keçənləri qıza söylıməkdə çətinlik çəkirdi. Bir az keçındən sonra Günayın gözlərinə baxıb asta səslə dedi:
- Əzizim, bilirsən ki, mən səni çox sevirəm. Səndən bir anlıq da olsa belə, ayrılmaq mənim üçün çox çətindir. Həyatımı " uf" demədən qurban verməyə hazıram. Bunlar sənə demək mənim üçün çətin olsa da, bildirmək istəyirəm ki... udqunaraq sözünün ardını gətirə bilmədi.
Günay təccüblə çaşqınlıq içində donub qaldı. Orxanın nə demək istədiyini başa düşə bilmədi. Araya ani sükut çökdü. Heç kəs səssizliyi birinci pozmaq istəmədi. Göz- gözə baxdılar. Oğlan qızın, qız da oğlanın birinci danışmasını gözlədi. Darıxdırıcı anlar bir neçə saniyə çəkdi. Sükutu bu dəfə Orxan pozdu:
- Bir həftə mən şəhərdə olmayacağam.Vacib bir məsələ üçün rayona getməliyəm. İnşallah, qayıdanda, sənə hər şeyi ətraflı danışacağam. Həm də sənə bir xoş xəbər "süpriz" edəcəyəm.
" Xoş xəbər süpriz edəcəyəm" cümləsini eşidəndə qız alnını bir anlıq qırışdırdı. Gözlərini qıydı. Nəzərlərini oğlana diksə də, beynində onun son cümlələrini saf- çürük etməyə başladı. Günay daxildən narahat olsa da, bir söz demədi. Susdu. Onun getməkdə israrlı olduğunu görüb əlavə heç nə soruşmadı da. Sonra razılığını bildirmək üçün başını astaca tərpətdi. Özü də ayrılıb getmək istəmirdi. Orxan çox bağlanmışdı. Ayrılarkən özünü ələ alıb gülümsədi. Heç nə olmamış kimi, asta səslə dedi:
- Görürəm getməkdə fikrin qətidir. Sənə getmə də, demək istəmirəm. Belə ki, vacib işlərin var, get. Sənə uğurlar arzulayıram. Yeddi gün şəhərdə olmayacağını deyirsən, lakin yeddi günün üzərinə yeddi gecə də gələndə, on dörd alındığını unudursan. Amma məni də hərdən yada sal. Daha nə deyim? Sabah mənim sonuncu imtahanımdır. İnşallah, sentyabrda dördüncü kurs tələbəsi olacağam. Məni indidən də təbrik edə bilərsən.
Bir tərəfdən iş təklifi, bir tərəfdən də Günayın son danışdıqları Orxanı xeyli sevindirdi. Bir anlıq özünü unudaraq qızı bağrına basmaq istədi.
Günay isə danışmaqda davam edirdi:
-Evdə ikimiz, anamla mən qalmışam. Havalar isti keçdiyindən bağ evinə köçmüşük. Atam Polşada keçirilən konfransda iştirak etmək üçün xaricə gedib. Belə səfərlər tez- tez olur. Nə isə. Başını çox ağrıtmayım. Get, sənə yaxşı yol.
Axşam Orxan evə gəldi. Fəhlə paltarını çantaya qoyub sabaha hazırlıq görməyə başladı. Həmin axşam ötən günlərə nisbətən tez yatmaq istədi ki, səhər vaxtında durub işə gedə bilsin. Çarpayıda uzanıb gözlərini tavaya zillədi. Gündüz olanları xatırladı. Bir neçə dəqiqədən sonra isə yuxuya keçdi.
Birinci gün O işə həvəslə başladı.Qumla sementi bir yerə töküb qarışdırdı. Sonra həmin yerdə dərin çala düzəltdi. Kiçik tutumlu rezin boru ilə suyu həmin çalaya yönəltdi. Su sementlə qum qarışığının canına hopana kimi, ustanın yanına kafel daşımağa başladı. Orxan gah vedrə ilə palçıq, gah da qucağına çoxlu sayda kafel yığıb ustanı materialla təmin edirdi. Onun həvəslə işləməsi ustanı daha da ruhlandırırdı. Dayı- bacı oğlu günortaya qədər xeyli iş görmüşdülər. Kənardan diqqət edəndə , səliqə ilə görülən iş, daha gözəl görünürdü. Onlar da birgə gördükləri işə baxıb fərəh hissi keçirirdilər. Orxan gölgədə dayanıb dayısının gördüyü işə sakitcə tamaşa edirdi. Nə qədər işləsə də, özündə yorğunluq hiss etmirdi. O dayısına tərəf dönüb gülə-gülə:
- Dayı, doğrudan da, sənin əllərin lap qızıl imiş ki.
Xoş sözlərdən usta məmnunluq hissi keçirsə də, özünü o yerə qoymadı. İşləməkdən polada dönən əllərini bacısı oğlunun çiyninə qoyub:
- Bəs sən nə fikirləşirdin? Dayını elə- belə adam bilirdin? Həm də sənin kimi bacısı oğlu olanın dayısı da necı olmalıdır ki.. deyib gülümsədi. Yaxşı, dur, bir az da işləyək.Günortadır. Gün adamın nəfəsin kəsir.
Saat birin tamamına az qalırdı. Orxan növbəti dəfə qolları arasına o qədər kafel yığmışdı ki, baş hissəsi güclə görünürdü. O qucağı dolu halda bir- iki addım atmışdı ki, birdən həyət darvazasının qapısı açıldı. Gələn Günay idi. Əlində kitab- dəftər Orxanla düz üz- üzə dayandı. Oğlan gözlərinə inanmadı. Bilmədi nə etsin?! Harada olduğunu bir anlıq unutdu. Söz deməyə dili gəlmədi. Alnındakı tər damcıları yanağına süzüldü.Tər damcıları alnından çənəyə qədər özünə " iz" açmışdı. Gözlənilməz görüşə qədər üzündəki su damcıları çəkdiyi zəhmətin " nişanəsi" idisə, bu dəfə isə sifətindəki qopur- qopur mayeciklər vədinə xilaf çıxdığına görə yaranan " xəcalət" təri idi. Dünən Günayla görüşərkən qızın son cümlələrini xatırladı:" Havalar isti keçdiyindən biz də bağ evinə köçmüşük." İşlədiyi həyətin Günaygilə məxsus olduğunu indi başa düşdü. O gah qucağına yığdığı kafellərə, gah da qızın üzünə baxdı. Bir söz demədən kafelləri yerə çırpdı.Ətürpədici səs sükutu pozaraq ətrafa yayıldı. Orxan geriyə baxmadan iti addımlarla həyətdən çıxdı. Yolda o" bununla da hər şey bitdi. Bundan sonra onun üzünə necə baxacağam" deyərək özünü qınayırdı. Axı o sevdiyi qıza yalan söyləmişdi. Özü də məhəbbət naminə yalan.
Oxunub: 619