Djb.az xəbər verir Sentyabrın 27-də - Anım Günündə Lənkəran rayonunun Gəgiran kəndində Vətən müharibəsi şəhidi Əhədli Baloğlan Şakir oğlunun xatirəsinə inşa edilən kompleksin açılışı olub. Lənkəran ŞİH-nin başçısının müavini Mikayıl Cəfərzadə xatirə kompleksinin açılışını şəhidin atası Şakir Əhədovla birgə edib. Vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunduğu tədbirdə giriş nitqi ilə çıxış edən icra başçısının müavini bildirib ki, şəhidlərimiz vətən sevgisinin ən kamil formasını yaşayan ali şəxslərdir. Onun sözlərinə görə, bəşər övladı fərdiyyətçilik şüurundan ümummilli şüura keçə bilirsə, vətən üçün yaşayıb uğrunda şəhadətə qovuşursa, torpaq üçün ölməyi alın yazısı kimi sevinclə qarşılayırsa və el qeyrətini çəkə bilirsə, o zaman şəhid olur. “44 günlük Vətən müharibəsində harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar ya şəhid, ya qazi olmaq amalı ilə “Dəmir Yumruq” ətrafında birləşdi” deyən M.Cəfərzadə ortaya qoyulan iradənin zəfərlə sonuclandığını qeyd edib.
Şəhid atası Şakir Əhədov övlad itkisinin çətinliyindən danışaraq bildirib ki, ağrı və acılarına rayon rəhbərliyinin və el-obasının şərik olması, daim yanlarında olaraq qayğı və istəkləri ilə maraqlanması onların özlərini tənha hiss etməmələrinin əsas səbəblərindəndir. Ş.Əhədov dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman qayğı və diqqətini hiss etdiklərini, şəhid ailələrinə xüsusi ehtiram və hörmətlə yanaşdıqlarını bildirib və bütün bunlara görə hər birinə minnətdar olduğunu vurğulayıb.
Çıxışlardan sonra məktəblilərin ifasında qəhrəman Vətən övladlarına həsr olunan şerlər səsləndirilib.
Daha sonra icra başçısının müavini Mikayıl Cəfərzadə və kənd ictimaiyyəti kənd qəbiristanlığında şəhidlərimizin məzarlarını ziyarət edib, qəbirləri üzərinə tər çiçəklər düzüb və ruhlarına dualar ediblər.
Qeyd edək ki, şəhid Baloğlan Əhədli cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "İgidliyə görə", "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Allahverən Pərvizoğlu
Lənkəranın İctimai fəal Gənci
Oxunub: 839