dini radikalizm və ekstremizmlə mübarizə

Bayraməli Qurbanoğlunun söz boxcasından incilər


Bu dünya əzəldən elə tələdir

Qaçıram hər kəsdən, qaçıram Allah,
Görəsən insanlar niyə belədi?
Dərdimi tək sənə açıram Allah,
Sənə sadiq qalan niyə kölədi?

Kimiyə dar gəlir bu böyük dünya,
Kimiyə azadlıq, kimə yük dünya.
Bundansa bir yolluq elə çök dünya-
Desinlər tufandı, ya zəlzələdi!

Kimi ömür sürür kefdə, damaqda,
Kimisi kimsəsiz, tək yaşamaqda.
Kimi də sozalır, çökür ayaqda,
Allahım, sən söylə, niyə belədi?

Yaxşılıq əvəzi görürsən pislik,
Bir şöhrət olubdu pula hərislik.
Yolunda daş-qalaq, işində tərslik,
Yaşayış, güzaran dildən dilədi!

Qurbanoğlu, nə ömürdü yaşarsan,
Öz-özünə deyinərsən, coşarsan.
Düşünmə bir dünya, bir də sən varsan,
Bu dünya əzəldən elə tələdi!..


Sağalmazdır könül yaram

Qara qaşlar, qara gözlər,
Mənə baxır aram-aram.
Ürəyimə bir od saldın,
Sağalmazdı könül yaram.

Bu gözəllik, bu naz, əda-
Qoy qorusun səni xuda.
Qübarlansam, düşsən yada,
Söylə, dərdə nədi çaram?

Qurbanoğlu ölməz belə,
Qonaq eylə şirin dilə.
Gül əlində gülə-gülə,
Öldür məni, yoxam, varam!...


Baharıma qarlar yağır

Yığvalı kəm, ömrü qərib,
Yol gedirəm ağır-ağır.
Eşitmərəm harayını,
İstəyirsən çağır, bağır.

Günəş doğar, günəş batar,
Güzarıma günmü çatar.
Dərd sinəmdə qatar-qatar,
Hey baxıram fağır-fağır.

Dağlara bax, dağlar çisgin,
Gözlər qəmli, ürək küsgün.
Xoş günümü uddu pis gün,
Baharıma qarlar yağır.

Qurbanoğlu, bitən ömrə,
Arzularda itən ömrə.
Gün vermədim ötən ömrə,
Ömrüm günə qara baxır!


Yalanlar gülür düzümə mənim


Nə yaman dönübdü bəxtim, yığvalım,
Bağlanır qapılar üzümə mənim.
Deyəsən dərdimi çox ağlamışam,
İndidən tor gəlir gözümə mənim.

Kim sahib olub ki, bu yerə, göyə,
Kim özün sındıra, kim özün öyə.
Keçirdim ömrümü döz deyə-deyə,
Nə qədər borcum var dözümə mənim.

Qəm-qüssə elə ki, çəkilməz yükdü,
İşıqlı dünyama qaranlıq çökdü.
Mənimçün böyüklər elə böyükdü,
Kiçiklər baxmayır sözümə mənim.

Hər şeyi yenidən ölçüb, biçirəm,
Yenə də kədərdən, qəmdən keçirəm.
Əyridən qaçıram, düzü seçirəm,
Şeytanlar düşürlər izimə mənim.

Qurbanoğlu, dərdə, qəmə döz dedim,
Qanmaza yox, mən qanana söz dedim.
Hər nə dedim, gerçək dedim, düz dedim,
Yalanlar gülürlər düzümə mənim!..

Oxunub: 1 785
Oxşar xəbərlər
SON XƏBƏRLƏR