dini radikalizm və ekstremizmlə mübarizə

Hava qəfil soyudu: evlərə istilik tez veriləcək? – RƏSMİ CAVAB

Hava qəfil soyudu: evlərə istilik tez veriləcək? – RƏSMİ CAVAB

Havanın qəfil və kəskin soyuması istilik sistemlərinin işə salınması məsələsini yenidən gündəmə gətirib. Artıq bir çox evlərdə fərdi istilik sistemlərindən istifadə olunur. Məktəblərdə isə şagirdlərin soyuq şəraitdə dərs keçməsi ilə bağlı narahatlıqlar yaranıb və istiliyin daha erkən verilməsi çağırışları səslənir. Eyni narazılıq mərkəzi istilik sistemi ilə təmin olunan yaşayış binalarının sakinləri arasında da var. Hazırkı qaydalara əsasən, mərkəzləşdirilmiş istiliyin verilməsinə noyabrın 15-dən başlanılır. Lakin havanın bu tarixdən əvvəl kəskin soyuması istilik mövsümünün daha erkən başlamasının mümkün olub-olmadığını gündəmə gətirir. İllərdir səsləndirilən bu çağırışlara baxmayaraq, qaydalarda konkret dəyişiklik edilməyib.

Hava şəraiti nəzərə alınaraq istilik mövsümünün başlama tarixi daha erkənə çəkilə bilərmi?

Globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, “Azəristilik”in “Azərenerji” və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) kifayət qədər borcu yığılıb:

“Bir neçə il əvvəl həmin borcların bir hissəsini Prezident bağışladı. Dövlət qurumlarının bir-birinə olan borclarının qarşılıqlı şəkildə silinməsi ilə bağlı qərarlar qəbul edilib. Amma indi yenidən “Azəristilik”in borcları yığılıb. Vətəndaşlar da birbaşa təchizatı dövlət həyata keçirdiyinə görə ödənişləri çox vaxt gecikdirirlər. “Azəristilik”in də borcları olduğundan, qurum çalışır ki, noyabrın 15-dək vəziyyəti idarə etsin və əlavə borclanmalara yol verməsin. Lakin istənilən halda istilik təmin olunmalıdır. Dövlət qurumlarının bir-birinə olan borcları və ya fərdi vətəndaşların ödənişləri ilə bağlı yaranan çətinliklər səbəbindən vətəndaşlar əziyyət çəkməməlidirlər. Hər il bu məsələni müzakirəyə çıxarırıq və təklif edirik ki, “Azəristilik”in istilikvermə, istiliyin dayandırılması müddəti konkret günlərə, aylara yaxud ayın müəyyən tarixinə bağlanmasın. Bu müddətlər mövcud hava şəraitinə və həmin dövrdəki iqlim vəziyyətinə uyğun müəyyənləşdirilsin”.

İlqar Hüseynli

Ekspert qeyd edib ki, üç-dörd il bundan əvvəl “Azəristilik” belə bir praktikadan istifadə edib:

“Belə ki, hava şəraitinə görə yaz aylarında istilik sistemlərini 15 gün gec söndürüb. Eyni yanaşma yenidən tətbiq oluna bilər. Artıq oktyabr ayında havalar kəskin şəkildə soyuyub. İndi dövlətin istiliklə təmin etdiyi insanlar nə etməlidirlər? Soyuqdan əziyyət çəkməlidirlər? Bu baxımdan mən də istiliklə bağlı konkret tarixlərin müəyyənləşdirilməsini düzgün hesab etmirəm. Düşünürəm ki, “Azəristilik” bu məsələyə yenidən baxmalı və istilikvermə müddətini hava şəraitinə uyğun müəyyənləşdirməlidir.

Abonentlərə istilik satılır və bunun üçün kifayət qədər yüksək ödəniş tələb olunur. Qiymət artıq üç dəfə artırılıb. Dünənə qədər 80 kvadratmetrlik mənzil üçün 15-17 manat ödəniş edilirdisə, indi bu məbləğ 40-45 manata çatıb. Hesab edirəm ki, istilik sistemlərinin işə salınması tezləşdirilməli və bu proses hava şəraitinə uyğun həyata keçirilməlidir”.

Globalinfo.az məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-yə sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, bu istiqamətdə qərarlar qaydalara uyğun aparılır:

“Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə Qaydaları”na əsasən payız-qış mövsümü dağ rayonlarında 1 noyabr – 1 may, Bakı və respublikanın digər ərazilərində isə 15 noyabr – 15 aprel tarixlərini əhatə edir.

Qaydalar havanın temperaturu və mövsümə hazırlıq tələbləri nəzərə alınmaqla başlanma tarixinin dəyişdirilməsinə imkan verir. Lakin mövcud normalara görə belə bir zərurət havanın sadəcə ayrı-ayrı günlərdə nisbətən soyuq keçməsi ilə deyil, davamlı və ciddi şəkildə sərtləşməsi ilə təsbit oluna bilər. Belə dəyişiklik müvafiq dövlət orqanlarını məlumatlandırmaqla müəyyən edilir. Mövsümün başlanması barədə istehlakçılara 10 gün əvvəl rəsmi internet səhifəmiz, KİV, habelə yaşayış binalarının girişlərində elanlar vurulmaqla məlumat verilir”.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR