Azərbaycanda korrupsiya halları barədə məlumat verən şəxslər qorunacaq və kompensasiya ala biləcəklər.
Djb.az Ölkə.az-a istinadən xəbər verir ki, bu, “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, məlumat verən şəxslər aşağıdakı hüquqlara malik olacaqlar:
- özü barəsində məlumatların konfidensiallığının qorunmasını tələb etmək;
- özünün, yaxın qohumunun və qohumunun təhlükəsizliyinin qorunmasını, onlara qarşı hər hansı formada qanunsuz təsir göstərilməsinin və ya ədalətsiz rəftarın qadağan edilməsini tələb etmək;
- dövlət hesabına peşəkar hüquqi yardım almaq;
- məhkəmə xərclərindən azad olunmaq;
- maddi və mənəvi zərərə görə kompensasiya almaq;
- konfidensial məsləhət almaq.
Korrupsiya halları barədə məlumat verən şəxslərin müdafiəsini təmin edən orqanlar (qurumlar) aşağıdakılardır:
- məlumat verən şəxsin işləri (xidmətləri) yerinə yetirdiyi, yaxud yerinə yetirmiş olduğu təşkilat;
- qanunun müvafiq maddəsində nəzərdə tutulmuş hallarda təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi haqqında qərar qəbul edən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı;
- təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi haqqında qərar əsasında təhlükəsizlik tədbirlərini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum).
Qanun layihəsində yazılıb ki, verilən məlumat öz təsdiqini tapdıqda məlumat verən şəxsə təşkilatın büdcəsinin hesabına (büdcə təşkilatlarına münasibətdə həmin təşkilatların saxlanılması xərcləri və büdcədənkənar vəsaitləri hesabına) təşkilat rəhbərinin qərarı ilə maddi mükafat ödəniləcək.
Mükafat korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılaraq öz təsdiqini tapması barədə məlumat verən şəxsin məlumatlandırıldığı tarixdən 10 (on) iş günü müddətində ödənilir.
Təşkilatda mükafatın rəsmiləşdirilməsi və ödənilməsi üzrə tədbirlər bu qanunun müvafiq maddəsində nəzərdə tutulmuş konfidensiallıq tələblərinə riayət edilməklə həyata keçirilir və həmin tədbirlərin icrasını təmin edən şəxslər tərəfindən məlumat verən şəxsə dair onlara məlum olan məlumatların digər şəxslərə açıqlanmasına yol verilmir.
Mükafatın məbləği minimum əməkhaqqı məbləğinin 25 mislindən çox ola bilməz. Mükafatın məbləği müəyyən edilərkən korrupsiya ilə əlaqədar hüquqpozmanın xarakteri, faktların sayı, verilmiş məlumatın korrupsiya ilə əlaqədar hüquqpozmanın aşkar edilməsində əhəmiyyəti, vurulmuş zərərin və bərpa edilmiş aktivlərin məbləği nəzərə alınacaq.
Cinayət təqibinin həyata keçirilməsi nəticəsində ittihamedici əsaslarla hökm və ya digər yekun qərar çıxarıldığı və ya cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verildiyi hallarda Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq, cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilmiş əmlakın satışından, icarəyə və ya idarəetməyə verilməsindən əldə edilmiş vəsaitdən (üzərinə həbs qoyulmuş əmlaka qulluq və onun idarə edilməsinin təşkili ilə əlaqədar çəkilmiş xərclər çıxılmaqla) və ya xüsusi müsadirə edilmiş pul vəsaitindən (bank əməliyyatları üzrə xərclər və normativ hüquqi aktlarla müəyyən edilmiş digər ödənişlər çıxılmaqla) və ya cinayət qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla dövlət büdcəsinə ödənişin məbləğinin, yaxud dövlətə ödənilməsi təmin edilmiş maddi ziyanın miqdarının 5 faizi məbləğində pul vəsaiti məlumat verən şəxsə ödəniləcək.
Cinayət işi üzrə məlumat verən şəxsə pul vəsaitinin ödənilməsinə dair qərar məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun razılığı ilə müstəntiq, məhkəmə icraatı zamanı işə baxan məhkəmə tərəfindən qəbul ediləcək.
Qeyd edək ki, qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin oktyabrın 6-da keçirilən birgə iclasında müzakirəyə çıxarılıb.
Oxunub: 17